Ağamahmud  Səmədov - ULU  ŞƏHƏRİMİZ   ŞAMAXI            

YAZARLAR 20:37 / 26.02.2026 Baxış sayı: 284

Ey mənim doğma yurdum — Şamaxı!

Sənin adın çəkiləndə içimdə qəribə bir titrəyiş baş qaldırır; sanki insan öz adını eşidir. Çünki sən mənim üçün adi bir şəhər yox, mənliyimin ayrılmaz bir parçasısan.

Şamaxı, sən mənim yaddaşımda daş və torpaqdan əvvəl ruh kimi yaşayırsan.

Sənin torpağın adi torpaq deyil. Bu torpağın altında nəsillərin yuxusu,  ümidləri, yarımçıq qalan arzuları yatır.  Əcdadlarım bu torpaqda uyuyur və mən hər dəfə sənin adını çəkəndə, sanki onların ruhuna səslənirəm. Bu hissi adi sözlə  ifadə etmək mümkün deyil — bu, qanın yaddaşıdır.

Sənin başın çox bəlalar çəkib. Dəfələrlə baş verən güclü zəlzələlər evlərini, küçələrini, məhəllələrini yerlə yeksan etmişdir. Lakin bu fəlakətlər sənin ruhunu  sındıra bilməmişdi.

 Sən hər dəfə dağıntıların altından yenidən doğulmuş, tarix səhnəsinə daha möhkəm qayıtmısan. Elə bil sənin  taleyinə sınmaraq üzülmək yox, sınaraq möhkəmlənmək yazılmışdır.

Bu səbəbdəndir ki, sənə baxanda biz təkcə qədim bir şəhəri deyil, qürurun, dözümün və milli yaddaşın canlı simvolunu görürük.  

Sənin səmandan söz adamları keçib, sənin havandan şair nəfəsi doğulub, sənin mühitindən alim zəkası boy atıb. Sən Azərbaycanın yaddaşına, nur saçan, işıq verən adlar bəxş etmisən. Sənin adın çəkiləndə təkcə coğrafiya yox, mədəniyyət danışır.

Mən səni sadəcə sevmirəm — mən sənə bağlıyam, sənə heyranam! Sənin mehin mənim xatirələrimi oyadır. Sənin yolların məni keçmişimə aparır. Harada olsam da, içimdə olan bir səmt  həmişə sənə doğrudur.

Bəzən insan başqa şəhərlərdə yaşayır, başqa səmalara baxır, amma ruhunun evi dəyişmir. Mənim ruhumun evi sənsən. Sən mənim köküm, mənim dayağım, mənim içimdə daşıdığım sakit, amma məğrur bir qürursan.

Şamaxı — sən mənim üçün xəritədə bir nöqtə deyilsən. Sən mənim keçmişimsən, kimliyimsən, içimdə daşıdığım səssiz bir andsan: harada olsam da, kim olsam da, mən bu torpağın övladıyam.

Əziz oxucu, gözəl Azərbaycanımızın qədim şəhərlərindən biri olan Şamaxının keçmişi və bu günü barədə qısa qeydlərimi diqqətinizə təqdim edirəm.

 

                                               

Şamaxı Azərbaycanımızın ən qədim yaşayış məskənlərindən biridir. Tarixi mənbələrə görə şəhərin yaranması eramızdan əvvəl V əsrə qədər uzanır. Antik dövr müəllifləri bu ərazini Qafqaz Albaniyasının mühüm mərkəzlərindən biri kimi qeyd edirlər. Şəhərin şimal-qərb hissəsində aparılan arxeoloji qazıntılar eramızdan əvvəl V-IV əsrlərə aid yaşayış məntəqəsi aşkar etmişdi. Şəhər Yunan tarixçisi Ptolomeydə (e.ə. II əsr) Şemaxeya adı ilə xatırlanır.

Şamaxının coğrafi mövqeyi onun taleyini müəyyən etmişdir. Böyük İpək Yolunun əsas qollarından birinin üzərində yerləşən şəhər hələ qədim dövrlərdən ticarət, sənətkarlıq və mədəni mübadilənin mərkəzinə çevrilmişdir. Buradan keçən karvanlar təkcə mal-dövlət deyil, ideyalar, dillər və mədəniyyətlər də daşıyırdı.

IX əsrdən başlayaraq Şamaxı Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Bu dövrdə şəhər: elm və mədəniyyət mərkəzinə çevrilmiş, mədrəsələr, kitabxanalar, karvansaralar inşa edilmiş, poeziya və fəlsəfə sürətlə inkişaf etmişdir. Şirvanşahlar dövləti IX əsrdən XVI əsrin əvvəllərinə qədər mövcud olmuş və Azərbaycan tarixində ən uzunömürlü feodal dövlətlərindən biri sayılır. Bu dövlətin əsas ərazisi indiki Şirvan bölgəsini – Şamaxı, Bakı, Dərbənd, Quba, Salyan və ətraf torpaqları əhatə edirdi.

Şirvanşahlar dövlətinin əsası 861-ci ildə ərəb xilafətinin zəifləməsi fonunda Heysəm ibn Xalid tərəfindən qoyulmuşdur. O, özünü müstəqil hökmdar – Şirvanşah elan etmişdir. IX–XVI əsrlər arasında Şirvanşahlar dövlətinin paytaxtı əsasən Şamaxı olmuşdur. Bir neçə dəfə Şamaxıda baş verən güclü zəlzələlərdən     sonra bir müddət paytaxt Bakıya köçürülmüşdür.  

Şirvanşahlar dövləti müxtəlif dövrlərdə: Abbasilər, Səlcuqlar, Monqollar, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlular və Səfəvilərlə siyasi və hərbi münasibətlərdə olmuş, bəzən vassal, bəzən isə müstəqil siyasət yürütmüşdür.

 Şirvanşahlar sarayı Qafqazın əsas mədəniyyət mərkəzlərindən idi. Bu dövrdə: Xaqani Şirvani, Fələki Şirvani, Bədr Şirvani kimi böyük şairlər yetişmişdir.

Bakıdakı Şirvanşahlar Saray Kompleksi bu gün həmin dövrün ən möhtəşəm memarlıq abidəsidir və UNESCO-nun Dünya İrsi siyahısına daxildir.

 1538-ci ildə Səfəvi hökmdarı I Təhmasib tərəfindən Şirvanşahlar dövləti ləğv edilmiş və Şirvan Səfəvi dövlətinin bəylərbəyliyinə çevrilmişdir.

 Tarixi əhəmiyyətinə gəldikdə Şirvanşahlar dövləti Azərbaycan dövlətçilik tarixində müstəqil idarəetmənin, milli mədəniyyətin, orta əsr şəhərsalmasının əsas dayaqlarından biri olmuşdur. Bu dövlət Azərbaycan türklərinin siyasi və mədəni kimliyinin formalaşmasında mühüm rol oynamışdır.

Orta əsrlər və yeni dövrün əvvəllərində Şamaxı Avropa səyyahlarının Qafqazda ən çox üz tutduğu şəhərlərdən biri olmuşdur. Onların səfərlərinin səbəbləri və Avropaya qayıtdıqdan sonra yazdıqları qeydlər Şamaxının beynəlxalq əhəmiyyətini aydın göstərir.

 X–XVII əsrlərdə Şamaxı Avropa və Şərq səyyahlarının diqqətini cəlb etmişdir. Burada ipəkçilik, toxuculuq və ticarət inkişaf etmiş, şəhərdə müxtəlif xalqlar – türk, ərəb, erməni, fars, rus və avropalı tacirlər yaşamışdır.

 

  Avropalıların Şamaxıya gəlmələrinin bir neçə səbəbləri var idi:

1. Şamaxı Avropanı Mərkəzi Asiya və İranla birləşdirən əsas karvan yolları üzərində yerləşirdi. Burada: ipək, xalça, ədviyyat, qiymətli daşlar, metal məmulatları alınıb-satılırdı. İngiltərə, Venesiya və Hollandiya tacirləri xüsusilə Şamaxı ipəyinə böyük maraq göstərirdilər.

2. Siyasi və diplomatik məqsədlərlə Avropa dövlətləri Osmanlı və Səfəvi  dövlətləri arasında yerləşən Şirvan bölgəsində siyasi vəziyyəti öyrənmək üçün öz elçilərini Şamaxıya göndərirdilər.

3. Elmi və coğrafi maraqla səyyahlar Qafqazın təbiəti, xalqları, dilləri və adət-ənənələri barədə məlumat toplamaq üçün bölgəni araşdırırdılar.

 

                     Avropalı səyyahların Şamaxı barədə qeydləri

XVII əsrdə  İtaliyada yaşamış  Pietro della Valle Şamaxını “İranın şimalında yerləşən, ipək ticarəti ilə məşhur, zəngin və çoxmillətli şəhər” kimi təsvir etmişdir. Della Valle Şamaxıda müxtəlif millətlərin –türklərin, farsların, ermənilərin, yəhudilərin bir yerdə yaşadığını qeyd edir.

XVII əsrdə Qafqaz və Şərq ölkələri haqqında Avropada ən dəyərli mənbələrdən birini yaradan şəxs alman alimi, səyyahı və coğrafiyaçısı Adam Oleari olmuşdur. Oleari 1637–1639-cu illərdə Holşteyn hersoqluğunun Səfəvi dövlətinə göndərdiyi diplomatik missiyanın tərkibində Qafqaz və İran ərazilərində olmuşdur.

Bu səfər zamanı o Rusiyadan keçərək Həştərxan və Dərbənd yolu ilə Şamaxıya gəlib, burada bir müddət qalaraq şəhərin həyatını müşahidə etmişdir.

Alman səyyahı Adam Oleari yazırdı ki, “Şamaxı: böyük bazarlara, daşdan tikilmiş məscid və karvansaralara, inkişaf etmiş ipək emalatxanalarına malikdir və bütün Şirvanın ticarət mərkəzidir.

 Adam Oleari 1647-ci ildə  yazdığı “Moskoviyaya və İrana səyahətin təsviri” adlı öz məşhur əsərində Şamaxı barədə geniş məlumat verir.

O yazırdı ki, Şamaxı: Şirvanın əsas şəhəri və ticarət mərkəzidir, burada çoxlu ipək toxucuları və boyaqçı emalatxanaları fəaliyyət göstərir, şəhərin bazarları daim gur və beynəlxalq tacirlərlə doludur, evlərin və ictimai binaların əksəriyyəti daşdan tikilmişdir.

Oleari həmçinin Şamaxıda yaşayan xalqların – Azərbaycan türklərinin, farsların, ləzgilərin, yəhudilərin və ermənilərin birgə yaşamını qeyd edərək şəhərin çoxmillətli quruluşunu vurğulayır.

 Olearinin qeydləri Avropada Şamaxının ipəkçilik mərkəzi kimi tanınmasına, Qafqazın etnik və mədəni mənzərəsinin öyrənilməsinə, Şirvanın Səfəvi dövlətindəki iqtisadi rolunun anlaşılmasına böyük təsir göstərmişdir.

 Nəticədə Adam Olearinin əsərləri sayəsində Şamaxı XVII əsr Avropasında zəngin, canlı, çoxmillətli və mühüm ticarət şəhəri kimi tanınmışdır. Onun müşahidələri bu gün də Şamaxının tarixi üçün ən etibarlı Avropa mənbələrindən biri hesab olunur.

XVI əsrin ingilis səyyahı, taciri və “Moskva Kompaniyası”nın  nümayəndəsi olan Antoni Cenkinson  İngiltərə taciri və diplomatı idi. 1561-63-cü illərdə o, İngiltərə kraliçası I Elizabetin tapşırığı əsasında ticarət nümayəndəsi kimi Səfəvi dövləti ilə ticarət əlaqələri qurmaq məqsədilə Qafqaz və Azərbaycan ərazisinə səfər etmişdir.

1562-ci ildə Cenkinson Xəzər dənizi sahili boyunca səyahət edərək Şamaxı daxil olmaqla bir sıra şəhərlərə gəlmişdi. Burada onun əsas məqsədi İngiltərə tacirlərinə Səfəvi dövləti ərazisində, o cümlədən Şirvan və Gilan yolları ilə  azad ticarət imtiyazları və təhlükəsizlik sertifikatları əldə etmək idi.

Cenkinson öz  səyahətnaməsində Şamaxını belə təsvir etmişdir: şəhər dənizdən dəvələrlə beş günlük məsafədə yerləşir və son dövrdə inkişafı zəifləyib. Bu təsvir şəhərin o dövrdəki iqtisadi vəziyyətinə dair Avropalı oxucular üçün dəyərli müşahidə hesab olunur.

Cenkinsonun səfərinin əsas məqsədi İngiltərə ilə Səfəvi şahı I Tahmasib arasında ticarət razılaşması əldə etmək idi. O, Şamaxıda Şirvan valisi – Abdulla xan Ustaclı tərəfindən İngilis tacirlərinə Şirvan ərazisində sərbəst ticarət və Azad keçid hüququ verən xüsusi sənəd də almışdır. Bu sənəd İngiltərə tacirlərinə elə Şamaxı və regionda geniş ticarət etmək imkanı yaratmışdı.

Cenkinson daha sonra oktyabrda Şamaxıdan Qəzvinə doğru səfər etmiş, burada şah ilə görüşə çalışmış, lakin əsas məqsəd — İngiltərə-Səfəvi ticarət müqaviləsi — baş tutmamışdır. Bu müvəffəqiyyətsizlik həm də Osmanlı və Səfəvi dövlətləri arasındakı gərgin siyasi vəziyyətlə əlaqədar idi.

Cenkinsonun səfər qeydləri həm Şamaxı, həm də ümumiyyətlə Azərbaycan ərazisinin coğrafi, iqtisadi və etnik vəziyyəti barədə — XVI əsrin Avropa oxucuları üçün ilk əlçatan mənbələrdən biri olmuşdur. Onun fikirlərinə görə, Şamaxı o dövrdə Şirvanın ticarət mərkəzi olaraq hələ də mühüm rol oynayırdı, lakin Xəzər dənizi yolu Avropa ilə daha geniş əlaqələrin perspektivləri siyasi maneələrlə məhdudlaşmışdı. Antoni Cenkinson Şamaxını “Şərqin ən yaxşı ipəklərinin istehsal olunduğu və Rusiyaya aparıldığı əsas məntəqə” adlandırmışdır.

 XVII əsr görkəmli fransız səyyahı, tacir və yazıçısı Jan Kardinin Şamaxı ilə bağlı maraqlı müşahidələri olmuşdur.

 O, uzun illər Səfəvi dövləti daxilində səfərlər etmiş və bu səfərlərinin nəticəsində “Jan Kardinın səfərləri” adlı çoxcildli əsər yaratmışdır. Bu əsər Səfəvi dövrünün siyasi, iqtisadi və mədəni həyatına dair ən dürüst xarici mənbələrdən sayılır.

Kardin 1671-1677-ci illərdə İrana və Orta Şərqə səfər etmiş, Macarıstan və Gürcüstan    üzərindən səyahət edərək Səfəvilər dövləti daxilində şəhərləri də gəzmiş  və təsvir etmişdi. Onun səfərlərində Cənubi Qafqaz, o cümlədən Azərbaycan ərazilərindən keçdiyi, müxtəlif şəhər mərkəzləri barədə müşahidələr apardığı məlumdur.

 Fransız səyyah Azərbaycan şəhərləri haqqında ümumi müşahidələr aparmış, o cümlədən regionun ticarət həyatını, sənəti, sosial münasibətləri və mədəni adətləri qeyd etmişdir.

XVII əsrin səyyahları tərəfindən Şamaxı kimi qədim Şirvan mərkəzi haqqında Avropaya məlumatlar Kardinin əsərlərində də rast gəlinən daha böyük coğrafi təsvirlərin bir hissəsi olmuşdur (bu təsvirlər Baku, Təbriz, Şirvan ticarət yolları kimi yerləri də əhatə etmişdir).

Kardinin səfər əsərləri o dövrün Avropa oxucusu üçün Şərqin - xüsusən Səfəvi İranının sosial, etnik və iqtisadi həyatına dair qiymətli mənbə hesab olunur. O,  islam Şərqi ilə Avropa arasındakı ticarət və mədəni əlaqələr, Şəhər həyatının strukturu, sənətkarlıq və ticarət münasibətləri və Səfəvi  dövlətı daxilində müxtəlif sosial siniflərin və qrupların gündəlik fəaliyyətləri barədə qeydlər aparırdı.

Bu qeydlər vasitəsilə Kardin, Avropada o dövrdə çox az tanınan Şərq reallıqlarını təqdim etmiş və Şamaxı kimi şəhərlərin XIV-XVII əsrlər boyunca bölgənin ticarət və mədəni mərkəzi rolunu başa düşməyə kömək etmişdir. 

Jan Kardin Şamaxı əhalisinin zəhmətkeşliyini, şəhərdə sənətkarlığın inkişafını və ipəkçilikdə yüksək keyfiyyəti xüsusi vurğulamışdır.

Alman mənşəli görkəmli alim və səyyah Engelbert Kaempfer XVII əsrin sonlarında Şərq ölkələrinə etdiyi səyahətlər zamanı Şirvan bölgəsində, o cümlədən Şamaxıda olmuş və şəhər haqqında qiymətli qeydlər vermişdir.    Kaempfer 1683–1684-cü illərdə Rusiyadan İrana gedən diplomatik missiyanın tərkibində Qafqazdan keçmişdir. Dərbənd və Bakı yolu ilə Şirvana gəlmiş, bir müddət Şamaxıda qalmışdır.

Kaempfer öz məşhur “ekzotik imkanlar” adlı əsərində
və səyahət qeydlərində Şamaxını belə xarakterizə edirdi: Şamaxı Şirvanın ən böyük və ən canlı şəhəridir; Şəhərdə ipəkçilik və toxuculuq əsas sənət sahələridir; Bazarlar dolu, karvansaralar isə xarici tacirlərlə zəngindir; Ev və ictimai binaların əksəriyyəti daşdan tikilmiş, küçələr isə nizamlıdır.

O, həmçinin şəhərdə yaşayan xalqların; türklərin, farsların, ləzgilərin, ermənilərin – gündəlik həyatını və adətlərini ətraflı təsvir etmişdir.

Kaempferin qeydləri Avropada: Şamaxının beynəlxalq ticarət mərkəzi kimi tanınmasına, Şirvan ipəyinə marağın artmasına, Qafqaz xalqlarının məişəti haqqında təsəvvürlərin formalaşmasına böyük töhfə vermişdir.

 Onu demək olar ki,  Engelbert Kaempferin Şamaxıya səfəri XVII əsr Avropa mənbələrində bu şəhərin iqtisadi, mədəni və etnik simasını əks etdirən ən mühüm məlumatlardan biridir. Onun qeydləri bu gün də Şamaxının tarixi öyrənilərkən əsas qaynaqlardan hesab olunur.

XV əsrdə yaşamış rus taciri və səyyahı Afanasiy Nikitin tarixə məşhur əsəri
“Üç dəniz arxasına səyahət” ilə düşmüşdür. Bu əsər rus səyahətnamə ədəbiyyatının ən qədim və qiymətli nümunələrindən sayılır.

   Nikitin 1466–1472-ci illərdə Hindistana etdiyi böyük səyahəti zamanı Volqa–Xəzər–Qafqaz yolu ilə hərəkət etmişdir. Bu yol onu: Tver → Volqa çayı → Həştərxan → Xəzər dənizi → Şirvan → İran marşrutu ilə aparmış və o, bu zaman Şamaxıda da olmuşdur.

   Nikitin Şamaxını öz əsərində belə təsvir edir: Şamaxı Şirvan ölkəsinin əsas şəhəri və hökmdar iqamətgahlarından biridir; şəhərdə ticarət çox inkişaf etmiş, xüsusilə ipək, pambıq parça və ədviyyat alveri geniş yayılmışdır; burada müsəlman əhali üstünlük təşkil etsə də, müxtəlif xalqların nümayəndələri yaşayır; bazarların gur olduğu, karvan yollarının daim işlək vəziyyətdə olduğu qeyd olunur. Nikitin Şamaxını həm də Xəzər hövzəsini İran və  Mərkəzi Asiya ilə birləşdirən mühüm tranzit mərkəz kimi göstərir.

Onun qeydləri XV əsr Şamaxısının iqtisadi həyatını, Şirvanşahlar dövlətinin beynəlxalq ticarətdə rolunu, şəhərin çoxmillətli və çoxmədəniyyətli quruluşunu öyrənmək üçün nadir və birbaşa şahid mənbədir.

 Afanasiy Nikitinin Şamaxı barədə verdiyi məlumatlar bu şəhərin təkcə Azərbaycan və Şərq üçün deyil, orta əsr Avrasiya ticarət sistemində də mühüm yer tutduğunu bir daha sübut edir. Onun səyahətnaməsi sayəsində XV əsr Şamaxısının canlı mənzərəsi bu günə qədər gəlib çatmışdır.

 Yuxarıda qeyd olunan Avropa  səyyahlarının yazıları Avropada Şamaxının ipəkçilik mərkəzi kimi tanınmasına, Şirvanın siyasi-iqtisadi rolunun anlaşılmasına, Qafqaza ticarət marağının artmasına səbəb olmuşdur.

  Nəticədə, Avropa səyyahlarının qeydləri göstərir ki, Şamaxı XVI–XVII əsrlərdə təkcə Azərbaycan üçün deyil, bütün Avrasiya üçün mühüm iqtisadi və mədəni mərkəzlərdən biri olmuşdur. Həmin yazılar elə bu gün də şəhərin beynəlxalq nüfuzunun tarixi sübutu kimi qiymətləndirilir.

 

         Rus ədəbiyyat və mədəniyyət tarixində Şamaxı mövzusu

Şamaxı Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən biri olmaqla yanaşı, XIX əsrdə Rusiya imperiyasının Cənubi Qafqaz siyasətində mühüm strateji və inzibati mövqeyə malik olmuşdur. Uzun müddət Şirvanşahlar dövlətinin, sonralar Rusiya işğalına qədər Şirvan xanlığının paytaxtı olmuş şəhər həm siyasi-tarixi hadisələrin, həm də zəngin ədəbi-mədəni proseslərin mərkəzində dayanmışdır.

XIX əsrdə rus yazıçı və səyyahlarının Qafqaza artan marağı nəticəsində Şamaxı rus ədəbiyyatında Şərq ekzotikası, sərhəd məkanı və mədəniyyətlərarası təmas nöqtəsi kimi təqdim olunmuşdur. 

 XIX əsrin əvvəllərindən etibarən Cənubi Qafqazın Rusiya imperiyasının tərkibinə qatılması bölgənin rus ictimai fikrində və ədəbiyyatında yeni obrazlar yaratdı. Şamaxı bu kontekstdə: Şərqin qədim şəhəri, İpəkçilik və ticarət mərkəzi, Müsəlman mədəniyyətinin daşıyıcısı, Sərhəd və “digər” mədəniyyət məkanı kimi təqdim edilirdi.

1859-cu il zəlzələsi şəhərin böyük hissəsini dağıtmış və bu hadisə rus mətbuatında geniş əks olunmuşdur. Bu hadisədən dərhal sonra Şirvan Quberniyasının mərkəzi Şamaxıdan Bakıya köçürülmüşdür. Beləliklə, Şamaxı yalnız ekzotik deyil, həm də faciəvi taleyin simvoluna çevrilmişdir.

Qafqaz mövzusu rus romantizminin əsas istiqamətlərindən biri olmuşdur. Bu baxımdan Şamaxı dolayısı ilə romantik Şərq təsəvvürünün bir hissəsi kimi təqdim olunur.

 Rus ədəbiyyatının klassiki A.S.Puşkin 1829-cu ildə Qafqaza səyahət etmiş və təəssüratlarını “Ərzruma səyahət” əsərində əks etdirmişdir. O, Şamaxını canlı ticarət mühiti, milli geyimlər, Şərq memarlığı və çoxmədəniyyətli mühit kontekstində təsvir edir.

Puşkinin təsvirlərində Şamaxı həm real coğrafi məkan, həm də rus oxucusu üçün ekzotik Şərq dünyasının poetik simvoludur. 

Beləliklə, Şamaxı rus romantik təxəyyülündə konkret coğrafi nöqtədən daha çox ideallaşdırılmış Şərq məkanının tərkib hissəsi kimi  göstərilir.

Dekabrist yazıçı Bestujev-Marlinski Qafqazda hərbi xidmətdə olmuş və bölgənin həyatını realist-romantik çalarda təsvir etmişdir. Onun hekayələrində Qafqaz şəhərləri, o cümlədən Şirvan bölgəsi sosial-mədəni qarşıdurmaların və imperiya münasibətlərinin fonunda təqdim edilir. 

 Rus poeziyasında və folklor üslublu mətnlərdə “Şamaxı gözəli” ifadəsi Şərq qadınının estetik idealı kimi işlədilmişdir. Bu obraz Şərqin cazibədarlığı, sirri və romantik cazibəsini simvolizə edirdi.

Rus poeziyasında “Şamaxı gözəli” ifadəsi Şərq qadınının estetik simvoluna çevrilmişdir. Bu motiv xüsusilə Nikolay Rimski-Korsakov tərəfindən bəstələnmiş “Qızıl xoruz” (“Золотой петушок”) operasında (“Şamaxı  şahzadəsi” obrazı) parlaq bədii ifadəsini tapmışdır.

Operada Şamaxı  şahzadəsi sirli və cazibədar Şərq qadını kimi təqdim edilir. Bu obraz rus orientalist estetikası ilə sıx bağlıdır və Şamaxının ədəbi-mədəni simvola çevrilməsinin bariz nümunəsidir.

Sonrakı dövrlərdə bu motiv rus musiqisində və səhnə sənətində də əksini tapmış, Şərq mövzulu operalarda və ədəbi-bədii kompozisiyalarda istifadə olunmuşdur.   

Rus rəssamı Qriqori Qaqarin Qafqaz səfərləri zamanı Şamaxıda olmuş və şəhərin Cümə məscidini, qədim küçələrini, yerli əhalinin gündəlik həyatını əks etdirən bir sıra rəsmlər və eskizlər yaratmışdır. Onun əsərləri Şamaxının XIX əsr memarlıq görünüşünü bu günə qədər qoruyub saxlayan nadir vizual mənbələrdəndir.

Digər rus rəssamı Vasili Vereşşagin Şamaxıda olarkən Şərq həyatını, xüsusilə: bazar səhnələrini, məscid həyətlərini, dini mərasimləri realist və dramatik üslubda təsvir etmişdir.

  Nəticədə bəlli olur ki. Rus ədibləri və rəssamlarının əsərlərində Şamaxı Şərqlə Qərbin qovuşduğu məkan, qədim və faciələrlə dolu tarixə malik şəhər, ipək, ticarət və çoxmillətli həyatın mərkəzi kimi canlandırılır. Bu əsərlər Şamaxının XIX əsrdəki tarixi-mədəni simasını bu günümüzə qədər yaşadan qiymətli mənbələrdir.

XIX əsr rus ədəbiyyatında Şamaxı artıq təkcə real şəhər deyil, romantik-şərq mifi kimi formalaşır. “Şamaxı şahzadəsi”, “rəqqasə Nisə” kimi obrazlar məhz bu romantik-ekzotik baxışın məhsuludur.

  “Şamaxı şahzadəsi” obrazının əsas mənbəyi rus romantik yazıçısı
Aleksandr Bestujev-Marlinskinin Qafqaz mövzusunda yazdığı povest və hekayələridir.

Onun əsərlərində “Şamaxı şahzadəsi”: Şərq zadəganlığının simvolu, gözəllik, ləyaqət və faciəvi tale daşıyıcısı, sevgi ilə vətən, borc, namus arasında qalan bir obraz kimi təqdim olunur. Bu obraz konkret tarixi şəxs deyil, Şamaxının aristokratik və romantik simvoludur. Məqsəd rus oxucusunda Şərqin sehrli və dramatik dünyasına maraq yaratmaq idi.

 “Rəqqasə Nisə” rus romantik ədəbiyyatında Şamaxı ilə bağlı ən məşhur qadın obrazıdır. O da əsasən Bestujev-Marlinskinin əsərlərində və sonrakı rus bədii nümunələrində formalaşmışdır.

Nisə obrazı Şamaxı saraylarında çıxış edən məşhur rəqqasə, nadir gözəlliyi və incə hərəkətləri ilə məşhur, azad ruhlu, lakin Şərq mühitində məhkum edilmiş qadın simvolu kimi təqdim olunur. Rus ədibləri Nisəni tez-tez: sevgisi uğrunda həyatını qurban verən, şərq despotizminin qurbanı olan faciəvi qəhrəman kimi təsvir edirdilər.

Rus ədəbiyyatında “Şamaxı şahzadəsi” və “Rəqqasə Nisə” əsərlərində Şamaxı şahzadəsi Şərq zadəganlığı, şərəf və faciə; Rəqqasə Nisə isə Gözəllik, Azadlıq arzusu və Qadın faciəsi kimi göstərilir.

Bu obrazlar real Şamaxıdan çox, rus romantizminin yaratdığı şərq mifologiyasının məhsulu idi.

   XIX əsr rus ədiblərinin əsərlərində Şamaxı artıq sadəcə şəhər yox,
şahzadələrin, rəqqasələrin, faciəvi məhəbbətlərin və sirli saray həyatının məkanı kimi təqdim olunurdu. “Şamaxı şahzadəsi” və “Rəqqasə Nisə” obrazları bu romantik Şamaxı mifinin ən parlaq simvollarına çevrilmişdir.

 

                                Şamaxıda baş verən zəlzələlər və digər faciələr

Şamaxı tarix boyu dəfələrlə güclü zəlzələlərə məruz qalmışdır. Xüsusilə:1667-ci il, 1859-cu il və 1902-ci il zəlzələləri şəhəri demək olar ki, tamamilə dağıtmış, əhalinin böyük hissəsi həlak olmuşdur.

1667-ci il Şamaxı zəlzələsi Şəhərin demək olar ki, hamısı dağıldı, minlərlə insan həlak oldu, Şamaxı bir müddət iqtisadi və siyasi mərkəz rolunu itirdi.

1859-cu il zəlzələsi o qədər güclü idi ki, Şirvan quberniyasının mərkəzi Şamaxıdan Bakıya köçürüldü, tarixi binalar uçdu, əhali kütləvi şəkildə köç etdi.

1902-ci il Şamaxı zəlzələsi ən dağıdıcı zəlzələlərdən biri sayılır, 2000-dən artıq   insan öldü, Cümə məscidi və yüzlərlə ev dağıldı, şəhər faktiki olaraq yenidən quruldu. Nəticədə Şamaxının qədim memarlığının çox az hissəsi bu zəlzələlərdən salamat çıxmışdı.

Bunlara qədim karvansaralar, saray və qalalar, tarixi məhəllələr, memarlıq abidələrinin çoxunu aid etmək olar. Əhalinin böyük hissəsi müxtəlif dövrlərdə məhv oldu və ya köç etdi.

1859-cu ildən sonra Şirvan quberniyasının mərkəzi Şamaxıdan Bakıya köçürülmüşdür. Dəhşətli zəlzələlərdən əziyyət çəkmiş insanların bir çoxu Azərbaycanın müxtəlif yerlərinə, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə köç etmişlər. İndi də Türkmənistanın paytaxtı Aşqabadda şamaxılılar məhəlləsi var. Daşkənddə, İran və Türkiyə şəhərlərində çoxlu Şamaxıdan köçənlər yaşayır. Hal-hazırda Azərbaycanın cənub bölgələrində yaşayan insanların xeyli hissəsi zəlzələlər vaxtı Şamaxıdan köçənlərdir.

 Şamaxı şəhəri strateji mövqeyinə görə əsrlər boyu çoxlu müharibələr meydanı olmuşdu,   dəfələrlə dağıdılmışdı, əhalisi qırğın və köçlərlə üzləşmişdi. Sual oluna bilər niyə Şamaxı bu qədər əzab - əziyyət çəkmişdi?

Səbəb sadədir; Şamaxı İpək Yolu üzərində idi, Şimali Qafqaz keçidlərinə yaxın idi və siyasi sərhəd zonasında yerləşirdi. Yəni kim Qafqaza sahib olmaq istəyirdisə, Şirvanı vurmalı idi.

 Orta əsrlərdə Şamaxının rastlaşdığı ən dağıdıcı hücum və müharibələrə aşağıdakıları aid etmək olar:

  XIII əsrdə monqolların Qafqaz yürüşləri zamanı Şamaxı talan edildi, xeyli əhali qırıldı, şəhər demək olar ki, xarabazara çevrildi.

XIV əsrin sonlarında Teymurun Qafqaza yürüşlərində Şirvanı da hücuma məruz qoydu. Kəndlər dağıldı, əhali köçürüldü, iqtisadi həyat zəiflədi.

  XVI əsrdə I Şah İsmayıl və sonradan I Şah Təhmasib dövründə Şirvanşahlar dövləti ləğv edildi. Şamaxı böyük  dağıntılara məruz qaldı.

 XVIII əsrdə Nadir şahın yürüşləri zamanı Şirvanda sərt cəza tədbirləri görüldü, Şamaxı yenidən xarabazara çevrildi; 

 XVIII əsrin sonu Ağa Məhəmməd şah Qacar Qafqaz uğrunda müharibələrdə Şirvan xanlığı döyüş zonasına çevrildi.

Bunlara XX əsrin əvvəllərində -1918-ci ilin mart–aprel aylarında Şamaxı və     Şirvanın digər ərazilərində dinc azərbaycanlı əhaliyə qarşı ermənilərin kütləvi qətllər törətməsini də əlavə etmək olar. Nəticədə minlərlə insan öldürüldü, yaşayış məntəqələri yandırıldı və talan edildi. Bu hadisələr Azərbaycan tarixində Şamaxı qırğınları, yaxud Şamaxı  soyqırımı kimi yad edilir.

Bu şəhərin ən maraqlı tərəfi budur: Nə qədər dağılsa da, hər dəfə yenidən qurulmuşdur.

 

                              Sovet siyasi repressiyaları

Sanki bütün olanlar az imiş kimi Azərbaycanda Sovet Sosialist Respublikası yaradılandan sonra ötən əsrin 20-30-cu illərində Şamaxıdan bir çox insanları: ruhaniləri, ziyalıları,  müəllimləri, bəy əsilliləri, imkanlı kəndliləri   siyasi repressiyalara uğratdılar.

30-cu illərdə Sovet Azərbaycanında “Allahsızlıq” ideyaları tətbiq edilən zaman Şamaxı dini ənənələri güclü olan, savadlı ruhaniləri, köklü nəsilləri olan bir bölgə kimi “şübhəli zona” sayılırdı. 

 Repressiyalara məruz qalanlar ilk əvvəl Ziyalılar və köhnə üsullu məktəb müəllimləri, ərəb-fars dili bilənlər, keçmiş bəy nəslindən olan savadlı şəxslər idi və onlara “Pantürkist”,“Panislamist”, “İran agenti”, “Əksinqilabçı” “Musavatçı” adı ilə ittihamlar verilirdi. Bu isanlara   güllələnmə, 10–25 il düşərgə həyatı, ailələrin sürgün olunması cəzası verilirdi.

 Şamaxıda törədilən misli görünməmiş repressiyalar xalqın mədəni irsinə vurulan zərər olmaqla  dini həyatın sönməsinə, köklü ailələrin dağılmasına, savadlı təbəqənin məhv olmasına səbəb oldu. Bir çox soyadlar həmin dövrdən sonra bölgədə demək olar yoxa çıxdı.

 Repressiya olunanlar sırasında yazıçı-nasir Hacıbaba Nəzərli,  teatr aktyoru, rejissor Abbas Mirzə Şərifzadə, nasir, tərcüməçi, maarifçi Soltan Məcid Qənizadə,  energetika alimi Ağa Axundov, tibb sahəsində və ictimai həyatda fəaliyyət göstərən  həkim, ictimai xadim tibb maarifçiliyinin inkişafında rolu böyük  olan Sultanməcid Əfəndiyev və başqaları  repressiya qurbanı oldular.

 

                             Şamaxının Memarlıq abidələri

Şamaxı tarixən bölgənin ən qədim mədəniyyət mərkəzi olmuş və burada   əsrlərin izini daşıyan çox dəyərli memarlıq abidələri vardır.

Qeyd edək ki, memarlıq abidələri Şirvan–Abşeron arxitektura stilində hazırlanmışdır. Bu stil Azərbaycanın orta əsrlər memarlığında formalaşmış ən mühüm regional memarlıq məktəblərindən biridir. Həmin üslub əsasən Şamaxı (Şirvan) və Abşeron yarımadası ərazilərində XII–XV əsrlərdə inkişaf etmiş və yerli tikinti materiallarından istifadə olunmaqla iqlim və mədəni mühitlə sıx bağlıdır. Burada başlıca xüsusiyyət materialın əsasən yerli əhəngdaşından  istifadə olunmasındadır. Xarici bəzəklərin minimal, formaların isə kəskin və nizamlı olması tikiliyə sadəlik və monumental görünüş gətirir. 

Bu tikililərdə adətən ornament azdır, lakin daş üzərində incə oyma yazılar və həndəsi naxışlar mövcuddur. Bu stil məscid, türbə, saray və müdafiə tikililərinin praktik həllində üstünlük təşkil edir.

 Çox kədərlidir ki, Şamaxıda tarixən baş vetmiş dəhşətli zəlzələlər, yadelilərin saysız-hesabsız hücumları çox qiymətli, unikal cənət nümunələri olan nadir tikililəri- sarayları, ibadətxanaları və s. tarixin yaddaşından silmişdir.

Şamaxıda və ətraf ərazilərdə indiyə qədər saxlanılan nadir  arxitektura nümunələrindən bir neçəsini diqqətinizə təqdim edirik.Начало формы

Конец формы

 

Şamaxı Cümə Məscidi  Qafqazın ən qədim məscidlərindən sayılır. İlk tikili ərəb xilafəti dövründə 743-cü ildə inşa olunmuşdur. Rəvayətə görə tikinti dövrü Əbu Müslüm ilə əlaqədardır. Məscid 3 zaldan ibarət unikal plan quruluşuna malikdir. Azərbaycanın mühüm dini və tarixi abidəsidir. Turistlər və zəvvarlar tərəfindən tez-tez ziyarət edilir.Zəlzələlərdən sonra bir neçə dəfə bərpa edilmişdir. Klassik islam memarlığının Azərbaycan üslubunda tikilmişdir. Şamaxının simvoludur.

Gülüstan qalası XI–XII əsrlərə aid edilir. Şirvanşahlar dövrünün müdafiə qalasıdır. Dağın zirvəsində yerləşir, möhtəşəm mənzərəsi vardır. Şamaxının müdafiəsində böyük rol oynamışdır. Əsasən Şirvanşahlar dıvləti dövründə istifadə olunmuşdur. Vaxtilə güclü müdafiə divarları və bürcləri olmuşdur. Tarixi mənbələrdə adı tez-tez çəkilir

Yeddi Günbəz türbələri XVIII əsrdə tikilməyə başlanılıb. “Yeddi Günbəz” adı vaxtilə burada Yeddi Türbə olmasından yaranıb. Günümüzədək bir neçəsi qalmışdır. Bura Şirvan xanlarının ailə məzarlıqları olmuşdur.Kompleks klassik Şirvan   memarlıq üslubunu əks etdirir.

Diri Baba türbəsi Mərəzə qəsəbəsində yerləşir. Türbə 1402-ci ildə Şirvanşah Xəlilullah dövründə tikilmişdir. Qayaya oyulmuş unikal tikilidir. Tikilinin qaya ilə vəhdəti onu Azərbaycanın ən maraqlı memarlıq nümunələrindən birinə çevirmişdir. XV əsr memarlığının nadir nümunəsidir. Mistik görünüşü ilə məşhurdur. Ziyarət və turizm məkanıdır.

Kələxana türbələri Orta əsrlərə aid qəbirüstü abidələrin nümunələridir. Səkkizguşəli türbələr Şamaxının qədim qəbiristanlıq memarlığına aiddir. Orta əsr Azərbaycan memarlığının nadir qəbirüstü  abidələrindəndir.

 Qısa olaraq demək olar ki, Şamaxı abidələri islam memarlığına aiddir. Burada  Şirvanşahlar dövrü müdafiə tikililəri,  Türbə və məzar kompleksləri vardır. Bu tikililər  zəlzələlərə baxmayaraq qorunub saxlanılmaqdadır.

Şamaxı – Azərbaycan ədəbiyyatının, elminin və mədəniyyətinin beşiklərindən biridir. Belə ki, orta əsrlərdə Şamaxıda fəaliyyət göstərən “Şirvan Elmlər Akademiyası” Azərbaycan elminin tarixində xüsusi yer tutan mərkəzlərdən biridir. 

 

                                    Şirvan Elmlər Akademiyası

XI əsrin sonu – XII əsrin əvvəllərində, Şirvanşah Mənuçöhr III və xüsusilə onun varisi Axsitan I dövründə yaranmışdır. Bu dövrdə Şamaxı Şirvanşahlar dövlətinin paytaxtı olmaqla regionun əsas mədəni-intellektual mərkəzi idi.

Bu elm Məbədində aşağıdakı sahələr inkişaf etmişdir: fəlsəfə və məntiq, astronomiya və riyaziyyat, tibb, tarix və coğrafiya, poeziya və ədəbiyyatşünaslıq, fiqh və ilahiyyat. Burada alimlər yalnız dini biliklərlə kifayətlənmir, təbiət elmləri və dünyəvi elmlərlə də məşğul olurdular.

 Görkəmli nümayəndələr Şirvan elmi məktəbinin yetirmələri və iştirakçıları sırasında: Xaqani Şirvani – şair-filosof, Fələki Şirvani – alim-şair, saray münəccimləri və təbiblər Şirvanşahlar sarayının rəsmi tarixçiləri olmuşdur.

 Təşkilati quruluşca bu akademiya Şirvanşahlar sarayının nəzdində, Şamaxı saray kompleksində, mədrəsələr və kitabxanalarla sıx əlaqədə fəaliyyət göstərirdi.

Alimlər müntəzəm məclislərdə toplaşır, əsərlər müzakirə olunur, tərcümələr aparılırdı.

Şirvan elmi məktəbi: Bağdad, Nişapur, Səmərqənd və Buxara elmi mərkəzləri ilə əlaqə saxlayırdı; Yaxın Şərq və Qafqaz arasında elmi körpü rolunu oynamaqla beynəlxalq əhəmiyyət daşıyırdı.

 XIII əsrdə: monqol yürüşləri, siyasi qeyri-sabitlik, iqtisadi zəifləmə nəticəsində Şamaxının elmi həyatı zəifləməyə başladı və akademiya da tədricən fəaliyyətini itirərək tənəzzülə uğradı.

 Nəticədə  Şirvan Elmlər Akademiyası Azərbaycan tarixində: dünyəvi elmlərin saray səviyyəsində təşkil olunduğu ilk mərkəz, Şamaxının elmi-intellektual nüfuzunun zirvəsi, milli elmi düşüncənin orta əsr forması kimi qiymətləndirilir.

Bu akademiya Xaqani kimi dahi filosof şairin yetişməsi və Şirvanın elmi-mədəni şöhrətinin artmasında böyük rol oynamışdır.

Şamaxı Azərbaycan tarixində təkcə qədim şəhər deyil – bu şəhər milli mənəvi mədəniyyətimizin formalaşdığı əsas mərkəzlərdən biri olmuşdur. Əsrlər boyu burada yaranan ədəbi, elmi və mədəni mühit bütövlükdə Azərbaycan  türklərinin kimliyinə xidmət edən əsas qaynaqlardan biri olmuşdur.

 Bu haqda professor Eybali Mehrəliyev yazır: “Belə alim (Kafiəddin Ömər – şair Əfzələddin Xaqaninin əmisi idi) rəhbər ölkə şahının (Şirvanşah I, Fəriburz hakimiyyət illəri 1063-1096) hörmətini qazandığına görə geniş fəaliyyəti, nəinki tibbi-bioloji (bitkilərdən, kiflərdən və heyvan bədəni hissələrindən dərman almaq və düzəltmək) texnologiasından başlamış hər cür xəstəliyin müalicəsi üçün əldə edilən dərmanların tətbiqinin nəticələrini sınaqdan keçirmək, hətta cərrahiyyə əməliyyatı aparmaq üsullarını işləyib hazırlamaq sistemi, astronomiya, riyaziyyat, inşaat (su qurğuları, mülki və istehsalat), nəzm və nəsr, fiqh (hüquq) və fəlsəfə, sərf və nəhv, tarix, musiqi (nəzəriyyəsi və ifa qaydaları), təsvir (rəssamlıq), siyasətşünaslıq və hərbşünaslıq sahəsində elmi istiqamətlərin formalaşmasını başa çatdırmışdı...

Belə bir rəvayət var: Ömər Kafiəddin öz müalicə mərkəzinin yaratmazdan qabaq şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər korlanıb. Bircə Məlhəm adlanan yerdə asılan ət elə qalıb ki, sanki indicə kəsilib. Buradan Kafiəddin belə qərara gəlir ki, Məlhəmdə hava nəinki çox təmizdir, həm də müalicəvi əhəmiyyət daşıyır. Buna görə də o, özünün tibb akademiyasını məhz bu yerdə qurmaq qərarına gəlir.

XI-XII əsrlərdə Şirvan Elmlər Akademiyası aşağıdakı quruluşa malik idi: rəyasət heyəti – Prezident-elm şöbsəində - elmi–adab (qayda-qanun elmləri) və Darül-ülum (elm-evi). Lakin hərb xadimləri ilə alimlərin sıx əlaqələri və hərbi xadimlərinin başqa elmlərdə daha sıx məşğul olmaları belə qənaətə gətirir ki, çox güman akademiyanın strukturunda hərb elmi də olmuşdur”.

Azərbaycanın görkəmli şairi Əfzələddin Xaqani (1126-1199) əmisi Kafiəddin haqqında yazırdı: “Əgər əmim qoymasa, məni heç şeytan da yolumdan azdıra bilməz. O, mədəniyyət və elm adamıdır. Su Günəşin təsiri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur.”

Maraqlı odur ki, 1953-cü ildə Parisdə nəşr olunan elm tarixi ensiklopediyasında Şərqdə elmin inkişafına həsr olunmuş məqalədə XI əsrdə Şirvan Elmlər Akademiyası haqqında məlumat verilir.

Artıq birdəfəlik sübut olunub ki, Azərbaycanda elm ocaqları o qədər inkişaf etmişdir ki, orada çalışan bir çox alimlərin şöhrəti ətraf ölkələrinə yayılmış və həmin mütəxəssislər, əlverişli imtiyazlar vəd edilməklə, başqa-başqa şəhərlərə dəvət olunurdular.

Dahi alimlərin yaranması həmişə və hər yerdə sələflərinin təfəkküründən yaranan elmi bazanın əsasında baş qaldırır və çiçəklənir. Bu cəhətdən Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274) ensiklopedik yaradıcılığı özündən əvvəl Şərqdə, o cümlədən Azərbaycanda formalaşmış elmi mərkəzlərin davamı və inkişafıdır.

Z.Yaqut əl-Həməvi əsərlərində IX-XII əsrlərdə Azərbaycan alimlərin, onların yetişdirdiyi və yaratdığı elmi mühitin səciyyəsi, IX-X əsrdə Bərdədən, X-XII əsrdə Şamaxıdan, Dərbənddən, Gəncədən, Təbrizdən, Xoyan çoxlu alimlər haqqında xəbər verir.

                            Şamaxı – böyük şairlər şəhəridir

 Şamaxı Azərbaycan ədəbiyyatına dünya miqyaslı şəxsiyyətlər bəxş etmişdir:

 Xaqani Şirvani (1126–1199)

 Dahi Azərbaycan şairi Xaqani Şirvani məhz Şamaxıda doğulmuş və yazıb yaratmışdır. O, Azərbaycan poeziyasını saray çərçivəsindən çıxarıb fəlsəfi dərinlik qazandırmışdır; qəsidə janrını zirvəyə yüksəltmiş; Şərq poeziyasında insan, zaman, tale, ədalət mövzularını ilk dəfə bu qədər dərin poetik sistemə salmışdır. Onun yaradıcılığı təkcə Azərbaycan yox, bütün Şərq dünyası üçün məktəb olmuşdur.

Fələki Şirvani (1107-1150)

Xaqaninin müəllimi və müasiri olan Fələki Şirvani də Şamaxı ədəbi mühitinin yetirməsidir. Onun poeziyasında: məhəbbət, təbiət, insanın daxili aləmi lirizm və fəlsəfə ilə birləşir. O, astronomiya və poeziyanı birləşdirən nadir simadır. Şamaxı elmi-ədəbi mühitinin əsas nümayəndəsidir.

İmadəddin Nəsimi (1369–1417)

İmadəddin Nəsimi Şamaxıda anadan olmuşdur. Azərbaycan və ümumtürk ədəbiyyatının ən böyük klassiklərindən biri, hürufilik fəlsəfəsinin görkəmli nümayəndəsi və fəlsəfi-qəzəl poeziyasının zirvə simalarındandır.

Gəncliyində hürufilik təliminin banisi Fəzlullah Nəiminin müridi olmuşdur. Yaradıcılığını əsasən Azərbaycan (türk), fars və ərəb dillərində qurmuşdur. 1417-ci ildə Hələb şəhərində edam edilmişdir (rəvayətə görə diri-diri soyulmuşdur).

Nəsimi poeziyasında insanın ilahi mahiyyəti, vəhdətül-vücud ideyası, “ənəlhəqq” (mən həqiqətəm) fəlsəfəsi, insanın kamilliyi və azadlığı mərkəzi yer tutur.

Onun məşhur misralarından biri:

Sığmazam yerə-göyə, bu cahana sığmazam, Gövhəri-laməkanəm, kövnü-məkana sığmazam.

Nəsimi Azərbaycan divan ədəbiyyatının banilərindəndir. Türk dilində yüksək fəlsəfi poeziyanın inkişafına böyük təsir göstərmişdir. Onun yaradıcılığı sonrakı klassiklərə — o cümlədən Füzuliyə güclü təsir etmişdir.

 Seyid Əzim Şirvani (1835–1888)

XIX əsrdə Şamaxı ədəbi mühitinin dirçəldilməsi məhz onun adı ilə bağlıdır. Seyid Əzim Şirvani maarifçilik ideyalarının əsas daşıyıcısı, klassik poeziya ilə yeni realist ədəbiyyat arasında körpü, dünyəvi məktəbin yaradıcısı olmuşdur. Onun Şamaxıda açdığı məktəb Azərbaycan maarifçiliyinin əsas mərkəzlərindən birinə çevrilmişdi.

S.Ə.Şirvaninin şeirləri və maarifçiliyi xalqın oyanmasına xidmət edirdi.

 Əsrlər boyu Şamaxı yalnız poeziya yox, həm də elm şəhəri olmuşdur. 

  743-cü ildə tikilmiş Şamaxı Cümə məscidi  təkcə dini yox, həm də elm və maarif mərkəzi olmuşdur; burada yüzillər boyu alimlər, mütəfəkkirlər yetişmişdir.

 Şirvanşahlar dövründə Şamaxı saray poeziyasının,  musiqinin, miniatür sənətinin, ipəkçilik və sənətkarlığın inkişaf etdiyi böyük mədəniyyət mərkəzi idi.

 Şamaxı muğam məktəbinin inkişafında xüsusi rol oynamışdır. Burada formalaşan ifaçılıq üslubu: lirizm, dərin improvizasiya, zəngin intonasiya sistemi ilə seçilirdi.

  XIX–XX əsrlərdə Şamaxı: milli teatr hərəkatının, yeni tipli məktəblərin, qəzetçilik və jurnalistikanın inkişaf etdiyi mərkəzlərdən biri oldu.

  Nəticədə görürük ki, Şamaxı Azərbaycanın klassik poeziyasını  inkişaf etdirən, elmi düşüncənin təməlini qoyan, milli mədəniyyətin beşiyini təşkil edən müqəddəs məkandır.

Bu şəhərin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin yüksəlməsində rolu danılmazdır. Şamaxı – millətimizin yaddaşıdır.

Azərbaycan ədəbiyyatının üç böyük siması – Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Məhəmməd Hadi – XX əsr milli oyanış dövrünün ideoloji və bədii sütunlarıdır. Onların hər üçü Şamaxı mühiti ilə bağlıdır və bu mühit onların dünyagörüşünün formalaşmasında həlledici rol oynamışdır.

 Mirzə Ələkbər Sabir (1862–1911)

Sabir Azərbaycan satirik poeziyasının banisi sayılır. M.Ə.Sabirin ədəbiyyatımızdakı rolu onun şeirə xalq dili, xalq dərdi gətirməyində; cəhalət, mövhumat, rüşvətxorluq, fanatizm, qadın əsarəti kimi problemləri açıq və amansız tənqid edilməsindədir.  O “Hophopnamə” əsəri ilə təkcə ədəbiyyatı yox, ictimai şüuru da dəyişdi.

 Sabirin satiralarında o vaxt ölkədəki sosial bərabərsizlik, bir sıra din xadimlərinin ikiüzlülüyü, yoxsulluq əsas qaynaq olmuşdur. O, öz xalqını  sevirdi və onu eyiblərdən təmizləmək istəyirdi.

Abbas Səhhət (1874–1918)

Səhhət Azərbaycan romantizminin əsas nümayəndələrindən biridir. O, şeirdə idealizm, vətən sevgisi, mənəvi paklıq mövzularını önə çəkmişdi; Şərq klassikası ilə Avropa romantizmini birləşdirdi; Uşaq ədəbiyyatının və tərcümə mədəniyyətinin inkişafına böyük töhfələr vermişdi.

 Şamaxının təbiəti, sakitliyi və mənəvi mühiti Səhhətin lirikasında incəlik, həzinlik və saf duyğularla əks olunur.

  Məhəmməd Hadi (1879–1920)

Hadi romantik poeziyamızın ən üsyankar və faciəvi simasıdır. Onun şeirlərində azadlıq, istiqlal, milli oyanış ideyalarını ən kəskin şəkildə ifadə olunur. Millətin köləliyini şair ürəyinin faciəsi kimi yaşamışdı. Onun poeziyası Azərbaycan istiqlal düşüncəsinin mənəvi manifestidir. Şamaxıda gördüyü yoxsulluq, sosial ədalətsizlik, xalqın sıxıntıları Hadi poeziyasında üsyankar romantizmə çevrildi.  

Sabir satiraları ilə şeirə realizm gətirdi,  cəmiyyətin vicdanı oldu, Səhhət lirika, romantizm, mənəvi saflıq və idealizm gətirdi, Hadi üsyankar romantizm, Azadlıq ideyasını poeziyaya çevirdi.

Sabir xalqın ağrısını gülüşlə, Səhhət onu məhəbbətlə, Hadi isə üsyanla dilə gətirdi.

Bu üçlük birlikdə Azərbaycan milli düşüncəsinin mənəvi xəritəsini yaratdı və onların hamısının kökündə Şamaxının tarixi-mədəni ruhu dayanır.

Yuxarıda qeyd etdiyimiz kimi Şamaxı Azərbaycan tarixində qədim siyasi və mədəni mərkəzlərdən biri kimi tanınır. Orta əsrlərdə Şirvanşahlar dövlətinin paytaxtı olmuş bu şəhər zəngin ədəbi və dini-fəlsəfi mühitin formalaşdığı məkan kimi tarixə düşmüşdür.

Müasir dövrdə isə Şamaxı həm elmi infrastrukturun inkişafı, həm mədəni irsin qorunması, həm də regional turizm və incəsənət həyatının canlanması baxımından xüsusi əhəmiyyət kəsb edir.  Şamaxının müasir elmi imici ilk növbədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə bağlıdır. 1959-cu ildə yaradılmış bu elmi müəssisə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxildir və ölkənin əsas astronomiya mərkəzi hesab olunur.Rəsədxanada aparılan əsas istiqamətlər:

  • Günəş fizikası və Günəş fəallığının öyrənilməsi;
  • Ulduzların və qalaktikaların spektral analizi;
  • Kosmik obyektlərin fotometrik və astrometrik tədqiqatı;
  • Beynəlxalq elmi proqramlarda iştirak.

Rəsədxananın fəaliyyəti Şamaxını yalnız regional deyil, həm də beynəlxalq elmi xəritədə tanıdır. Müasir texniki avadanlıq və yenilənmiş infrastruktur bölgənin elmi potensialını gücləndirir.       

Şamaxıda ümumtəhsil məktəbləri, musiqi məktəbləri və mədəniyyət mərkəzləri, ali məktəblərin filialları  fəaliyyət göstərir. Son illərdə məktəblərin əsaslı təmiri, yeni təhsil ocaqlarının tikintisi və rəqəmsallaşma prosesi şəhərin intellektual mühitinin formalaşmasına müsbət təsir göstərmişdir. Elm və təhsilin inteqrasiyası regionda gənc nəslin elmi və mədəni proseslərə cəlb olunmasına şərait yaradır.

 Şamaxı qədim memarlıq ənənələrinin qorunub saxlandığı məkandır. Bu baxımdan xüsusilə Şamaxı Cümə məscidi mühüm əhəmiyyət daşıyır.

Bundan əlavə Şirvanşahlar dövrünə aid türbələr; Tarixi qəbiristanlıqlar; Orta əsr şəhərsalma elementləri mədəni irsin əsas komponentləridir.  

  Şamaxı musiqi və folklor ənənələri olan məkandır. Belə ki, Şamaxı muğam və aşıq sənəti ənənələrinin yaşadıldığı bölgələrdən biridir. Yerli musiqi kollektivləri və mədəniyyət evləri xalq musiqisinin qorunması və təbliği istiqamətində fəaliyyət göstərir.

Milli bayramlar, folklor festivalları və musiqi müsabiqələri mədəni həyatın dinamikliyini təmin edir.

Şəhərdə fəaliyyət göstərən mədəniyyət sarayları və yaradıcılıq kollektivləri müxtəlif tamaşalar və ədəbi-bədii kompozisiyalar təqdim edir. Bu tədbirlər yerli ictimaiyyətin mədəni iştirakçılığını artırır və gənclərin incəsənətə marağını gücləndirir.

Şamaxı son illərdə turizm baxımından da inkişaf etməkdədir. Dağlıq relyef, təbiət mənzərələri və tarixi abidələr şəhəri ekoturizm və mədəni turizm üçün əlverişli məkana çevirir.

Turizm infrastrukturu (otel və istirahət kompleksləri, abadlaşdırılmış parklar və istirahət zonaları) şəhərin iqtisadi və mədəni həyatının canlanmasına təkan verir.

Müasir Şamaxı elm, incəsənət və mədəniyyət sahəsində kompleks inkişaf modelinə malikdir. Şəhərin: elmi simvolu olan Astrofizika Rəsədxanası, zəngin tarixi-memarlıq irsi, ədəbi ənənələri, folklor və musiqi həyatı onu Azərbaycanın regional mədəniyyət və elm mərkəzlərindən birinə çevirir.

Beləliklə, Şamaxı qədim irslə müasir inkişafın sintezini təcəssüm etdirən şəhərdir və milli-mədəni identikliyin qorunmasında mühüm rol oynayır.