Əli Şirin Şükürlü -    Kainatın informasiya modeli və bədii yaradıcılıq

YAZARLAR 12:00 / 27.02.2026 Baxış sayı: 2005

 

                                                          (ədəbi-fəlsəfi esse)

 

    Dünyanın əsasında nə dayanır? Necə yaranıb? Quruluşu necədir?.. və sairə. Bu suallar həmişə aktual olub, həm fəlsəfə, həm elm, həm teoloji sistemlər, həm də bədii yaradıcılıq üçün.

 

   Bu sualların ən asan və qəti cavabı, məlumdur ki, dini dünyagörüşə məxsusdur; tanrı ideyası ilə bu suallar cavablandırılır və din filosoflarının müxtəlif interpretasiyaları da bu ideyadan kənara çıxmır. Lakin bu essedə mən elm fəlsəfəsi üzrə tədqiqatçı olaraq, əsasən, elmin və fəlsəfi fikrin müəyyən qənaətlərini elmi-populyar dildə bölüşmək qərarına gəldim. Məqsədim isə bu qənaətlər əsasında təqdim etdiyim modeldən (Ədəbi suprematizm: elmi informasiyanın fəlsəfəsinin bədii yaradıcılıqda istifadə konsepsiyası) istifadə edərək bədii yaradıcılığa körpü salmaqdır.

 

    Bu esse iki istiqaməti özündə etiva edir: fəlsəfi sistemlərdə və kosmologiyada kainatın mövcud bəzi modelləri, o cümlədən informasiya modeli, fəlsəfi kontekst  və bədii yaradıcılq nümunələri. Qeyd edim ki, esse – ilk dəfə ədəbiyyata bir janr olaraq görkəmli filosof və yazıçı Mişel de Monten (1533–1592) tərəfindən dxil edilib, fransızcadan tərcümədə təcrübə mənasını verir, kosmologiya isə kainatın quruluşunu, mənşəyini, xassələrini və evolyusiyasını öyrənən elm sahəsi olub, yunancadan tərcümədə dünya  və bilik sözlərinin vəhdətindən yaranmaşdır. Model yunanca tərcümədə ölçü, analoq, nümunə, təsvir mənalarını ifadə edir və idrak prosesində bir sistemin digər sistemlə əvəz olunaraq öyrənilməsini həyata keçirən epistemoloji vasitədir (Yəni model idrak obyektinin tam əvəzləyicisi yox, onun müəyyən funksiyalarını həyata keçirən, reallığın təsviri - abstrakt konstruksiyalarıdır).

      

                                                         Fəsəfi baxış

 

     Qədim yunan filosofu Fales hesab edirdi ki, dünyanın əsasında (substansiya) su dayanır və “hər şey elə sudur”. Bəzi filosoflar isə odun, torpağın və havanın ayrı-ayrılıqda dünyanın əsası olduğunu iddia etsələr də, Empodokl isə dörd elementi başlanğıc sayırdı: od, hava, torpaq və su. Demokritə görə, dünyanın əsası kiçik bölünməz hissəciklər olan atomlardan ibarətdir və beləliklə, bu yanaşmanı atomist nəzəriyyənin başlanğıcı hesab etmək olar. Bu baxışlarda  materiya – fiziki varlıqlar dünyanın əsası hesab olunduğundan materialist baxışları özündə etiva edir.

     Pifaqor isə hesab edirdi ki, dünyanın əsasında ədədi münasibətlər dayanır. Yəni nə varsa başlanğıcı riyazi strukturlardan ibarətdir; fiziki varlıqlar yox olur, lakin riyazi strukturlar əbədidir.     

     Platonun idrak nəzəriyyəsinə görə, fiziki dünya, yəni bizim dünya əbədi, həqiqi və aydın ideyalar aləminin bulanıq təsviridir (kölgəsidir). Filosof hesab edir ki, gerçək, əsl (ali) dünya “ideyalar aləmi”dir. O bildirirdi ki, bizim gördüyümüz dünya sadəcə əsl dünyanın təsviridir və bu dünyada gördüyümüz nə varsa onun əsli – ideyası və yaxud nümunəsi ideyalar aləmində yerləşir. Filosofa görə, bilik – xatırlamadır; ideyadan olanın bilik şəklində yaddaşda oyanmasıdır.    

İndiuzim: Platona qədər bu təlimdə də, əslində, müəyyən mənada oxşar fikirlərə rast gəlirik. Bu təlimə görə, əsas məqsəd həyat şəraitini yaxşılaşdırmaq deyil, sansaranın (reinkarnasiya) əzablarlarla dolu dövretməsindən qurtulub nirvanaya (mokşaya) çatmaqdır. Bu vəziyyətin əsas xüsusiyyəti isə mütləq olan Brahmana qovuşmaq və maddi dünyanın bir maya (illuziya) olduğunu dərk etməkdir. Platon gerçək dünyanı “ideyalar aləmi”, bu təlim isə mütləq Brahman, fiziki dünyanı isə təsvir, illuziya; olsa-olsa, şüurun məhsulu hesab edirlər.

Hegel: Fiziki aləm başqa bir real – ruhani dünyanın təzahürüdür. Oxşar idealist fikirlərə Hegelə qədərki fəlsəfədə də rast gəlirik. Artıq yuxarıda qeyd etdiyimiz kimi, həqiqi (ali) gerçəklik olaraq İnduizm Brahmanı, Platon “ideyalar aləmi”ni adlandırır. Hegel isə həmin dünyanı Mütləq (Absolyut) ideyalar aləmi və Dünya idrakı hesab edir. Onun fikrincə, maddi aləm müstəqil bir varlıq deyil, o, olsa-olsa Absolyut ideyanın təzahürüdür. Yəni maddi dünyada nə varsa onun əsli əvvəlcədən Absolyut ideyada yerləşib. Bunula bağlı məşhur bir nümunə var: rəssam ağ vərəqə nəsə çəkirsə, həmin rəsmin təsviri əvvəlcə onun şüurunda mövcud olur.

Şopenhauer: Dünyanın əsasında şüur (düşüncə, ağıl, idrak) deyil, təbii heyvani başlanğıc olan iradə (istək) dayanır. Belə olmasaydı, dünyada bu qədər yamanlıq, lazımsız və məntiqsiz şeylər olmazdı. İradə - instinktlərin, istəklərin, şəhvətin, ümumiyyətlə, heç bir düşüncə və məntiqə uyğun gəlməyən nəsnələrin yığınıdır. Və dünyanı da, insanı da, ümumiyyətlə, bu dünyada nə varsa hər şeyi idarə edən bu iradədir; ona görə də ondan yaxşı heç nə gözləmək olmaz. Bu dünya mümkün ssenarilərin ən pisi şəklində təzahür edib. Filosofun həyat haqqında fikri də, təbii, fəlsəfəsinə uyğundur: həyat - dərin yuxu içində keçən və tez-tez də kabusa çevrilən gecədir.

 

Bu fəlsəfi yanaşmalar, həmçinin Şopenhauren həyat haqqında bu fikri bədii təfəkkürü də işə salır, həyata və müxtəlif hadisələrə münasibətdə elmin və fəlsəfi düşüncənin sehrindən xilas ola bilmirsən:   

                                    

                             Şopenhauerin yuxusu

           Həyat – dərin yuxu içində keçən gecə,

          tez-tez  qorxulu yuxularla müşaiyət olunan:

 

         Kimin, hansı yuxunun təsviridir, görəsən,

         oyanışda hansı təsvirə dönüb,

                kimin yuxusuna çevriləcək bu dəfə?!

 

                                            

                                   Elmi konsepsiyalar

 

  Kosmologiyada kainatın quruluşu ilə bağlı çoxlu nəzəriyyələr, model və konsepsiyalar mövcuddur. Bunlardan geniş oxucu auditoriyasına Böyük partlayış nəzəriyyəsi (Biğ banğ) daha çox məlumdur. Bu nəzəriyyə kainatın təxminən 13.8 milyard il əvvəl çox böyük sıxlığa və yüksək temperatura malik vəziyyətdən (sinqulyarlıq) genişlənməsini, nəticə etibarı ilə də qalaktika və planetlərin yaranması fikrini irəli sürür. Başqa məşhur kosmoloji nəzəriyyələrdən biri Dövri modeldir. Bu modelə görə, kainatın genişlənməsi və sıxılması daimi xarakter daşıyır; kainat müəyyən vəziyyətə kimi genişlənir və sonra sıxılmağa başlayır, beləliklə, Böyük partlayış kimi Böyük sıxılma hadisəsi də baş verir – bu vəziyyət isə sonsuz təkrarlanaraq kainatın dövri olaraq mövcud olduğunu ifadə edir. Bu, nəyə bənzəyir; halqalardan ibarət başlanğıc və sonu olmayan zəncirə. Hər bir halqa yeni bir kainatı xarakterizə edir. Stasionar kainat nəzəriyyəsi iddia edir ki, kainat genişlənsə də zamana görə əbədidir və onun nə başlanğıcı, nə də sonu var. O, əbədi mövcud olub, əbədi də mövcud olacaq, özü də dəyişməz olaraq. Maraqlı modellərdən biri barəsində də məlumat verim, sonra keçərik essedə nəzərdə tutduğumuz əsas mətləbə: Fraktal model – kainat bir mürəkkəb sistem olaraq özünə bənzər və müxtəlif ölçülərə malik fraktallardan (hissələrdən) ibarətdir. Məsələn,  şam ağacı; ağacın özü və hər bir budaq, budağın qolları, qolların çıxıntılar və s. – sanki bir-birinin fərqli ölçülərdə təkrarıdır.

 

     Kainatın quruluşu ilə bağlı çoxlu başqa morginal kosmoloji konsepsiyalar da mövcuddur və bu  nəzəriyyələrin hər biri elmi, məntiqi arqumentlərə söykənsə də, yenə də elmi şərtilikdən məhrum deyil. Bu elmi fikirlərin hər birinin yeni suallar doğuracaq müəyyən məqamları var, bu isə öz növbəsində kosmoloji sahədə elmi biliklərin zənginləşməsini və yeni paradiqmaların yaranmasını şərtləndirir.

 

     Mənim də tədqiqat işlərimin nəticəsi olaraq kainatın quruluşu və evalyusiyası ilə bağlı elm və fəlsəfənin vəhdətində irəli sürdüyüm iki konsepsiya vardır: 1.Kainatın şüur əsaslı modelinə (alishirin modeli) görə, dünyanın əsasında təkcə şüur (düşüncə, idrak) deyil, idrakla birgə şüurun struklaşdırıcı prinsipləri olan tələb və istək (iradə) dayanır. Məncə, kainat və digər strukturlarının yalnız bu üçlüyün – düşüncə, tələb və istəyin vəhdəti sayəsində yaradılış ehtimalı daha yüksəkdir. Çünki, düşüncə - şüurun obyektə yönələrək, onu tanıması, tələb – tanınmış ehtiyacın şüurda formalaşması və istəyə yönəlməsi, istək (iradə) – tələbin doğurduğu motivasiya; hərəkət, fəaliyyət – varlığın yaranma prosesidir. 2.Oxşarlıqlar nəzəriyyəsi (əsasən ehtimal nəzəriyyəsinin təsadüfi proseslər konsepti, entropiya qanunu və elm fəlsəfi konteksində irəli sürülüb) isə əsasən iki elmi-fəlsəfi tezisi ifadə edir: 1.Hər bir fiziki varlıq eyni qanunauyğunluqla təkamül və tükənmədədir. 2. 0 nöqtənin – tükənmə anının (entropiyanın maksimal halı) mövcudluğu zəruridir.

 

   İnformasiya modeli. Bu model hər şeyin əsasında materiyanın hərəkətinin deyil, informasiya axınının dayandığı ideyasını irəli sürür. Fiziki dünya – atomlardan qalaktikalara qədər informasiya axınının təzahürləridir. İnformasiya subyektiv deyil, yəni yalnız insan şüurunun yaratdığı təsəvvür deyil, obyektiv olub, reallığın fundamental əsasıdır. Məsələn, atomun quruluşu, genetik kod, fiziki qanunlar – bunlar insanın yaratdığı təsvirlərə qədər obyektiv mövcud olan informasiya strukturlarıdır. Rəqəmsal fiziki yanaşma kainatın kömpüter iş prinsipinə malik olduğu qənaətindədir: fiziki qanunlar alqoritmlər, hissəciklər isə məlumat vahidləri (bitlər) kimi işləyir. Təsəvvür et ki, kompüterdə bir oyun var. Oyun ekranında gördüyün obrazlar maddi deyil, kodun – yəni informasiyanın təzahürüdür. Sanki kainat da oxşar şəkildə mövcuddur: gördüyümüz maddi dünya əslində informasiya kodunun “ekran görüntüsüdür”.

    

    İnformasiya modeli bədii yaradıcılıqda. Beləıliklə, bu modelə obrazlı yanaşsaq, dünyanı zəngin bir “elektron kitabxana”nın ekran görüntüsü olaraq təsəvvür edə bilərik. Qısa – elmi-populyar dildə şərhini verməyə çalışdığımız İnformasiya modeli təkcə elmi-fəlsəfi müstəvidə deyil, yaradıcılıq üçün də xeyli samballı material yaradan elmi paradiqmadır. Əslində, fikrimcə, istənilən elmi konsept, elmi-fəlsəfi düşüncə sistemi yaradıcı təfəkkürün fuksionallaşması, yaradıcılıq nümunələrinin yaranması üçün vasitədir. Elmi informasiyanın fəlsəfəsinin bədii mətndə ifadə texnikası ilə bağlı irəli sürdüyüm konseptdə: Ədəbi suprematizm – intellektual poeziya haqqında nəzəriyyədə (Əli Şirin Şükürlü. Ədəbi suprematizm və dünyaya yeni baxış. Vektor 2019 – pdf variantı elektron informasiya resurslarında mövcuddur.) geniş məlumat verilmişdir. Qısaca olaraq xatırlatmaq istəyirəm ki, intellektual səciyyəli bədii mətnlərin yaranması üçün təqdim etdiyimiz model üç komponentdən ibarətdit: elmi informasiya – fəlsəfi düşüncə– bədii təfəkkür (Eİ – FD – BT). Ədəbi suprematizm nəzəriyyəsinin əsasını bu model təşkil edir və elmi informasiyanın fəlsəfi düşüncə vasitəsilə bədii mətnə gətirilməsi texnikası bu modelin köməyilə həyata keçirilir:

                

       Kainatın informasiya modeli

Bir vaxtlar bu yerdə, yaşadığım evlə üzbəüz

həbsxana vardı – Bayıl türməsi. Bayırda səssizlik.

İçəridə təlaş, gözlənti, ümid və kədər, sevinc həm də - arabir.

Hər baxanda

sükunətin doğurduğu hüzn sıçrayırdı adamın üstünə. 

 

İndi bu yerdə nə yaşadığım ev var, nə də Bayıl türməsi.

İndi bu yerdə asvalt yol – üstündə sürət və surət,

aramsız, kəsilməz dəyişmələr - ölçüsü zaman

(hardasan, “bu an”?).

 

Nəyinsə izini axtarmaq istəsən, görərsən hər şey

yalnız üst-üstə informasiya – “qum topası”;

ayır “dənələri” bir-birindən ayıra bilsən,

tap görüm, nə tapırsan.

 

Bir az kənarda bulvar, dənizin müşahidə obyekti.

Zaman sanki geri qovur burda, geri itələyir dənizi –

illərin topladığı bir yığın baxışın yaddaş selini

otərəf-butərəfə gəzdirən dalğaların

ayrılmaz ardıcıllığı.

 

Sonra üz al həmişə olduğu kimi,

dənizdən ayrı düşən yaxınlıqdakı balaca parka,

nə vaxtsa Bayıl türməsinə qonşu - azadlıq təşnəsinə

və tez-tez yarpaq acısı yaşayan dəyişən ağacların

dəyişməz budaq yaddaşına.

 

Hara və nəyə baxsan bir yığın informasiya,

tap görüm nə tapırsan:

dünya - sonsuz böyük kitabxana,

rəngarəng sadə, qəliz, aşkar, sirli

qalaq-qalaq məlumat bazası, 

yalnız informasiya toplusu

tərsinə piramida şəklində;

nə varsa bir-birindən ayrılmaz

və hər şey bir-birinin içində.  

 

... – 27.02.2026