Aida Adıgözəl - Bəlkə də elə təqvimin bu günü idi...
Bəlkə də elə təqvimin bu günü idi,
ömrümüzün hansısa saatında
bu dəqiqələrdə ya yemək yeyirdik,
ya Bakının küçələrində
keçmiş xatirələrinin gizləndiyi yerləri gəzirdik,
ya da bir-birimizə şirin-şirin mesajlar yazıb
oxuyub gülümsəyirdik...
"Həyatmı qəribədir, talemi"- desən?
Mən - gəldiyimiz yol - deyərdim.
Bax indi bu sətirləri yazarkən
sifətimin bir üzündə ağrıyla dolu acı gülüş,
bir üzündə isə həsrətlə dolu həyəcan var.
Əllərim buz kimi,
çayım soyumuş,
gözlərim yumulu,
xatirələrimlə baş-başayam.
İlahi, içində bir ömür var, bir ömür...
Haçan keçdi, necə keçdi...
Soruşsan necəyəm?
Deyim...
Kürün suyu kimi soyuq və burulğanlı,
rəngim Mollakənd torpağı kimi bomboz,
Bakının xəzrisi kimi özünü hara necə gəldi çırpan,
özü dəniz olub içində okeanlar çalxalanan Xəzər kimi təlatümlü!
Bəlkə də elə Qız Qalasıyam.
İçimdəki mən məndən qopub intihar edib min ildi...
Amma yox!
Hardansa qulağıma
Nəsiminin səsi gəlir,
-"Məndə sığarikən cahan, mən bu cahana sığmazam"...
27.02.2026