Şair-qəzəlxan Lilpar Cəmşidqızı ilə ədəbi görüş
Səməd Vurğun adına Mərkəzi Kitabxanada “Çeşmə” Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış şair-qəzəlxan Lilpar Cəmşidqızı ilə görüş keçirilib.
Şəhid analarının, şəhərimizin ziyalılarının, Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin, kitabxana əməkdaşlarının və oxucularının iştirakı ilə təşkil olunan tədbirin əvvəlində torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Təranə Hüseynova açaraq Lilpar Cəmşidqızının yaradıcılığından bəhs edib, onun poeziyasının oxucular tərəfindən sevildiyini diqqətə çatdırıb.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan, müəllifin yaradıcılığını əhatə edən videoçarx nümayiş etdirilib. Tədbirin moderatoru, şair Hikmət Fərzəli Lilpar Cəmşidqızının poeziyası, yaradıcılıq xüsusiyyətləri, şeir və qəzəllərinin bədii məziyyətləri haqqında danışıb. O vurğulayıb ki, müəllifin əsərlərində saf məhəbbət, ailə dəyərləri, vətən sevgisi, qəhrəmanlıq və fədakarlıq kimi mövzular geniş yer tutur.
Tədbirdə müəllifin qələm dostlarından AYB-nin Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, ədəbiyyatşünas, şair-yazıçı Rafiq Yusifoğlu, Prezident təqaüdçüsü, şair Ofelya Babayeva, yazıçı Arif Ərşad, yazıçı-publisist Hümbət Həsənoğlu, yazıçı, jurnalist-publisist, rejissor Ağalar İdrisoğlu, şəhid atası Əhməd Əhmədov, şəhid anası Maisə Həsənquliyeva, “Sumqayıt” qəzetinin əməkdaşı İlhamə Məhəmmədqızı, ustad şair Zirəddin Qafarlı, Xaqani Abbasəli, şair-psixiatr İlhamə Müslümova, “Dəlidağ” Ədəbi Birliyinin sədri Namiq Dəlidağlı, şair Sevinc Qərib və başqaları çıxış edərək müəllifin yaradıcılığını yüksək qiymətləndirib, səmimi fikirlərini və ürək sözlərini ifadə ediblər.
Sonda müəllif əruz vəznində qələmə aldığı qəzəllərini öz ifasında səsləndirib, tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına minnətdarlığını bildirib.
Tədbir xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.
İlhamə Məhəmmədqızı