SÜLEYMAN ABDULLA.- UNUDULMAĞIN AXŞAM ÇAĞI

Ədəbiyyat 10:17 / 27.02.2026 Baxış sayı: 375

 

Əvvəl vaxtı unutmaq istədik,

sonra çiçəklərin rəngini,

daha sonra özümüzü...

İndi axşamüstüdür,

aram-aram, tədricən qaralır hava...

Günəş son şüalarını yığır

zirvəsi qarlı dağların sazağından.

Sən: - "saçlarım üşüyür" - dedin,

oysa ki,

doğanda hamı üçün,

batanda tənhalığı üçün batır günəş...

İşıqla hərarətin qarışığı imiş sevgi,

Bilməmişik...

Yanğının nə olduğunu

əllərimiz

ayrılıqdan üşüyəndə anlamışıq.

Mən səndən ummuşdum istiliyi,

Hərçənd,

Günəşə də sığına bilərdim qürub çağı.

İnsanlar,

nə hikmətidirsə,

işığın həyat olduğunu

gözlərinə qaranlıq çökəndə bilir...

Zülmət daha üzücü,

qatılaşdıqca

yay kimi sıxılır adamın ürəyi.

Zərrə-zərrə

iliyinə işləyir gecənin soyuğu,

nəfəsinin əksidir divardakı nəm.

Hələ sabaha bir kirpik çalımı zaman var,-

an var ki, bir ömür qədər...

Və birdən xatırlayıram,

Mən heç vaxt

bu qədər

sevməmişəm kölgələrin rəqsini...

Unudulmaq xəstəliyinə tutulmuşdum bir ara,

çarəsi unutmaq imiş məgərsə...

İndi üzü qışa oturub düşünürəm,

bir də gələcəkmi o yaz,

bir də açacaqmı o çiçəklər,

bir də rast gətirəcəkmi bizi o təsadüf?!

Güclə ovuşdururam

buz bağlayan barmaqlarımı.

İlahi, yoxsa tərk edilməkmi yazılıb

tarix yerinə Tanrı hökmünün?

Əvvəl vaxtmı unudacaq,

sonra çiçəklərin ətrimi,

daha sonra özümüzmü?

27.02.2026.