Ağamir CAVAD - "NƏSİHƏTNAMƏ - HƏYAT BƏLƏDÇİSİ"

YAZARLAR 10:37 / 27.02.2026 Baxış sayı: 427

 

Klassik Azərbaycan ədəbiyyatında, eləcə də dünya ədəbiyyatı tarixində əxlaqi-didaktik mövzularda gənc nəslin təlim-tərbiyəsində xüsusi rola malik olan çoxlu bədii əsərlər və nəsihət kitabları yazılmışdır. Bu əsərlərin müəllifləri öz övladlarına nəsihət verib, onlara həyatın çətinliklərindən, imtahan və sınaqlarından keçid yollarını öyrətməklə yanaşı hətta dörünün hökmdarlarını da ədalətli olmağa səsləməkdən çəkinməmiş, hər bir insanı həyatda kamil olmağa çağırmışlar. Əsrlərin sınağından çıxmış bu kitablar zaman keçsə də, öz tərbiyəvi əhəmiyyətini itirməmiş, həmin əsərlərdəki müdrik fikirlər bu gün də gənc nəslin ömür yoluna işıq salmaqda davam edir. Ancaq dünyanın ictimai-siyasi ab-havasının dəyişdiyi, iqtisadiyyatın və texnikanın inkişaf etdiyi, milli-mənəvi dəyərlərin zəiflədiyi hazırkı qloballaşma dövründə gənc nəslin öz yolunu itirməməsi üçün yeni "Nəsihətnamə"lərin yazılması lazımi və zəruridir. Budur artıq belə bir kitab - Şəfahət Şəfinin 2026-cı ilin yanvar ayında "İMZA" Nəşrlər Evində çap olunmuş "Nəsihətnamə - Həyat bələdçisi" kitabı qarşımızdadır.

Şəfahət Şəfi imzası oxuculara yaxşı tanışdır. İxtisasca həkim olan Ş. Şəfi respublikada ilk "Təbib" qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin Lənkəran Bölməsinin sədridir. Bölgə və respublikada nəşr olunan qəzet və jurnallarda, eləcə də virtual şəbəkədə vaxtaşırı fəlsəfi və ictimai-siyasi məzmunlu esseləri, ədəbi bədii təhlilləri, uşaqlar üçün qələmə aldığı nağıl və hekayələri ilə çıxış edir. Pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub. Hərtərəfli dünyagörüşə və biliyə malik olan Şəfahət Şəfinin "Nəsihətnamə - Həyat bələdçisi" kitabı Azərbaycan oxucusu ilə ilk görüşüdür. Müəllifin çap olunmaq üçün ilk kitabının "Nəsihətnamə"ni seçməsi, məncə, təsadüfi deyil. Gənc nəslin mənəvi cəhətdən yüksək səviyyədə inkişaf etməsi, doğma vətənə, xalqa, eləcə də bugünkü qlobal dünyamıza layiqli insan olması əsl ziyalılarımızı düşündürən ən vacib məsələlərdən biridir. Gənclərə düzgün istiqamət verməyi, ömür yollarına aydınlıq gətirməyi yazarlarımız həmişə özlərinə borc bilmiş, hər bir zəhmətə qaflaşaraq bu ağır işin öhdəsindən gəlməyə çalışmışlar. Biz ötən əsrin 70-ci illərində, orta məktəbdə oxuduğumuz dövrdə Nurəddin Babayevin "Oğluma məktublar" və "Qızlar sözüm sizədir" kitablarının gənc oxucular tərəfindən necə maraqla qarşılandığının canlı şahidləriyik. O kitabların bizim həyatımızda müsbət rolu danılmazdır. Bu gün bu boşluğu məhz Şəfahət Şəfinin "Nəsihətnamə"si doldurur. "Müəllif sözü" ilə başlayıb "Yekun müraciət"lə bitən 328 səhifəlik nəfis şəkildə çap olunmuş kitabda IX fəsil daxilində 81 esse verilmişdir. Hər bir esse "Oğlum... qızım..." müraciəti ilə başlayır. Gözəl lakonik dillə, obrazlı ifadələrlə qələmə alınmış bu fəlsəfi-didaktik esselərin öz gənc oxucularına təsirsiz ötüşməyəcəyinə inanırıq. Çünki bu esselərdə tərbiyəvi müraciətlər rəsmi tonla, əmr şəklində deyilmir. Demokratik ab-havayla yoğrulmuş hər mətnin ruhunda valideyn məhəbbəti, ata-ana sevgisi duyuıyr. Müəllif əsərin girişində yazır: "Bu "Nəsihətnamə" qadağalar kitabı deyil. Mən burada sənə "bunu et, bunu etmə" deyib həyatı iki rəngə boyamaq istəmirəm. Həyat elə deyil: həyat çox vaxt işıqla qaranlığın arasında yox, boşluğun içində qərar verməkdir; bəzən doğru ilə rahatın, bəzən səbirlə qürurun, bəzən mərhəmətlə sərhədin arasında seçim etməkdir." Bu sözlərdən aydın olur ki, müəllif məqsədi gənc dostunda qorxu yaratmaq yox, onun həyat seçiminə aydınlıq gətirməkdir. Yazıçının fikrincə, insanın həyatda ən böyük itkisi nə pulunu itirməsi, nə imkanlarını əldən verməsi, nə də kimlərinsə ondan uzaqlaşmasıdır. "Ən ağır itki - insanın özündən uzaq düşməsidir." Odur ki, müəllif gəncləri kamil insan olmağa səsləyir. Çünki özündən uzaq düşmək insanlıqdan uzaq düşmək, insanlığı itirməkdir.

Kitabdakı esselər "Ailə, valideyn-övlad və nəsil bağı", "Evlilik, ev içi və həyat ", "Boşanma və ayrılıq sonrası münasibətlər", "Şəxsi inkişaf, xarakter və psixoloji dayanıqlıq", "Zaman, intizam, qərar və vərdişlər", "Mənəviyyat, vicdan, inam və əxlaq", "Pul, halal qazanc və maliyyə mədəniyyəti", "Təhsil, peşə və yaradıcılıq intizamı", "Fanilik və yekun düşüncə xətti" adlı fəsillərdə toplanmışdır və hər fəsil də özündə bir neçə esseni birləşdirir. Bu mövzulardan göründüyü kimi müəllif həyatın müxtəlif sahələrində gənc nəslin ömür yoluna işıq salmağa çalışır, dolanbac yollarda qaranlıq mətləblərə aydınlıq gətirərək onlara bələdçilik edir. Peşə seçimində, həyatda kim olmaq istəyində onlarla yol yoldaşı olur, həyatı pulla yox, vicdanla ölçülən yola bənzədir. Müəllifin fikrincə, ailə dəyərlə böyüyən, dostluqla tamamlanan bir yoldur və bu yolda övlad güzgü, valideyn isə kölgə rolunu oynayır. O, övladlarını həyatda öz yolu ilə getməyə, qısqanclıq və paxıllıqdan uzaq olmağa, maskasız yaşamağa, özünü yaratmağa, idarə etməyə, özünə hakim olmağa səsləyir.

Şəfahət Şəfi yazıçı peşəsini cəmiyyətin güzgüsü və kompası hesab edir. Əsərlərində həyatı güzgü kimi əks etdirən yazıçı öz müdriklik kompası ilə insanları vicdana tərəf yonəltməlidir. O, sözdə müqəddəslik və bərəkət axtarır. Şair və yazıçıların elə söz işlətməsini istəyir ki, cəmiyyət üçün, xüsusilə gənclər üçün bərəkətli olsun. Yaradıcılıq yolunu seçən gənclərə bərəkətli söz söyləmək üçün hərtərəfli biliyə malik olmağın, həyatı müşahidə qabiliyyətinin güclü olmağın vacibliyini vurğulayır, onları ötən hər anı dəyərləndirməyə çağırır.

"Nəsihətnamə" kitabı hər bir gəncə sədaqətli yol yoldaşı ola bilən müdrik bir dostdur. Bu kitab həyatın hər addımında qaranlıq düşüncələrə işıq salan, məqsəd və məramlara aydınlıq gətirən kitabdır. Burada söylənilən hər fikir çətin məqamlarda insanın özünü xilas etməsinə yardımçı olur, ən ağır və ağrılı vaxtlarda belə qəlbindəki işığı sönməyə qoymur, insana tükənməz güc, qüvvə verir.

Həyatda insanın öz sözü, öz səsi olmalıdır. "Danış, görüm kimsən," - deyib müdriklər. İnsan həyatda doğru yol seçəndə səsi əks-səda verir. İnsan özünü itirəndə səsini də itirir. Müəllif "Nəsihətnamə - Həyat bələdçisi" əsərinin birinci kitabını bu sözlərlə bitirir: " Nə olursa-olsun, oz səsini itirmə. Çünki insanın ən uzun yolu özünə qayıdan yoldur. O yolu tapan adam heç vaxt tam itmir. Sənin yolun düz olsun, vicdanın sakit, qəlbin işıqlı olsun."

İnanırıq ki, Şəfahət Şəfinin "Nəsihətnamə"sindən dərs alan çox insan həyatda özünə doğru yol seçəcək, məsləki, əqidəsi düz olacaq, vicdanlı və işıqlı insan kimi tanınıb cəmiyyətə nur saçacaqdır.