Əbülfət MƏDƏTOĞLU - HAMIMIZIN EHTİYACI OLAN İŞIQ
“İşığın ayaq səsləri” kitabı barəsində ilk təəssüratım
Hər dəfə içimə hakim olan bir fikri özüm üçün təkrarlayıram. Bu fikir də ondan ibarətdir ki, biz yaşadığımız zaman kəsiyində təkcə maddiyyatın deyil, həm də mənəviyyatın işığında özümüzü normal bir varlıq kimi hiss edirik. Yəni maddi durum mənəvi çalarların fonunda bizi daha mükəmməl göstərir. Və biz də o mükəmməlliyin içərisində həm özümüzü, həm çevrəmizi, həm də Allahımızı daha açıq gözlə görür, dərk edir, eyni zamanda şükranlığımızı ifadə edirik.
Bu fikrimi ona görə bir daha yazıma ön söz kimi gətirdim ki, oxucu mənim nədən, niyə və hansı istəklə yeni nəşrlərə, yeni kitablara, ümumiyyətlə, tər sözə könül verdiyimin səbəbini bilsin. Axı, hər şeyin təri, yəni ən safı daha çox göz, könül oxşayır. O, adamı bir İlahi gözəllik kimi özünə çəkir, onun ruhunu əzizləyir, hətta bəzən ona hakim də kəsilir. Belə olan halda o ruhi dünyadan, sehrli aləmdən çıxmaq mümkün olmur. Lap bəzən buna heç cəhd də etmirsən. Çünki o ruh aləmində özünü daha rahat, daha xoşbəxt, necə deyərlər, təpədən dırnağa sözün içərisində görürsən...
Onun hər qələm nümunəsi, hər nəsri, hər nəzmi mənim üçün həmişə maraqlı olub. Və ilk tanıdığım gündən diqqətimi çəkən əsas cəhətlərdən biri bu xanım yazarın sözündəki saflıqdır, təzəlikdir. Mən onun şeirlərini də, nəsr əsərlərini də oxuyanda elə bilmişəm ki, özüylə üz-üzə oturub söhbət edirəm. Və yaxud o danışır, mən dinləyirəm. Çünki onu oxuyanda nə cümlələrin arasında, nə misraların arasında dil büdrəmir, fikir dolaşmır. Təbii axar oxucunu, yəni məni sözün nöqtəsinə qədər alıb aparır. Və o getdiyim söz axınında eşitdiklərimin hamısı bir elat məclisində, bir kənd yığnağında, bir təbiət guşəsində adamların etdikləri söhbətin əks-sədasdır. Elə bilirsən ki, özün də ordasan, özün də o söhbətləri dinləyirsən. Səni də o saflığa çəkib gətirən təbiilik və dil zənginliyidir.
Son günlər sosial mediada böyük maraqla barəsində fikirlər səslənən bir kitab var yazı masamın üstündə. Kitabın adı da, tərtibatı da o qədər bir-birini tamamlayır ki, adam özünü işığın içində hiss edir. Və vərəqləri çevirdikcə işıq bürüyür səni, hətta özün də bükülürsən o işığa. Çünki bu işıq Tanrının yanından gəlir, Allahın bəndələrə yönələn işığıdır söz şəklində. Məhz söz şəklində olan Tanrı işığına səs donu biçir müəllif. O işığı sözə çevirir və əlini göylərə açıb pıçıldayır:
Öz könlümün ağası mən,
Tək eşqinə qulam, Allah.
Yer üzünə bəxş etdiyin
Sevginəm, duyğunam, Allah.
Məna-məna pərdələnən
Zikrim, sevgim, duam da Sən.
Yerlə göyü görüşdürən
Yağışın, dolunam, Allah.
.....................................
Ömür beşikmi, tabutmu?
Nə götürdüm, nə unutdum.
Əllərinlə qələm tutdum,
SƏN sirr, mən sualam, Allah.
Bir sorğuya cavab minsə,
Cavablar günahı yensə,
Ömür ölümlə bitsə də,
Hər “yox” da “var” ollam, Allah.
Bir parçasını təqdim etdiyim şeirdəki işığı yəqin ki, gördünüz və mənim yanılmadığıma da şübhəniz qalmadı. Çünki müəllifin özü də “Əllərinlə qələm tutdum”- deyir. Məncə, bundan böyük şahid, bundan böyük təsdiqləyici tapmaq barədə düşünmək absurd olar. Və bax Allaha müraciətlə başlayan bu kitabda bir xeyli şeirlər var ki, onlar özü-özlüyündə vurğuladığım Tanrı işığının zərrələridir. O işıq müəllifin Tanrıya getdiyi yolu da göstərir. Yerdən göyə uzanan bu yolla ürəyini əlinə alıb gedən müəllif yazır:
Günahımla, suçumla,
Savabımla, borcumla,
Ürək adlı boxçamla
Qapına gəldim, İlahi!
Bir ömürdə gül əkdim,
Sevinc verib qəm çəkdim,
Yerdən öncə mələkdim,
Aldandım gəldim, İlahi!
*******************
Bir yol açılar, gəlləm,
Bir gün seçilər, gəlləm,
Bir gün öncədən billəm,
Deyəm ki, gəldim, İlahi!
Zənnimcə, Tanrısı ilə bu qədər açıq, birbaşa, dilin altına çöp qoymadan danışmaq hər adama nəsib olan iş deyil. Amma xanım yazar Allaha, Onun işığına və və o işığın varlığında sözə çevrilən hikmətə o qədər inanır ki, ürəyindəkilərin, ağlındakıların hamısını misra-misra söyləyir. Və burda bir nüans da var ki, onun söylədikləri əslində Allahın bildikləridir, Allahın ona verdikləridir. O, sadəcə, işığı söz, misra formasında qaytarır Müəllifinə.
Kitabdakı şeirlərin ayrı-ayrı bölmələr altında təqdim edilməsinə baxmayaraq, hamısında ovqat da, yaradıcı mühit də bir-biriylə bağlıdır. Bilmirəm, mən bunu həqiqətənmi duymuşam, yoxsa bu bir vəhy olubmu mənimçün, amma bildiyim odur ki, mən bu şeirlərin daha çox müəllifin qayğılı, özünə qapanan, bir küncə çəkilən vaxtının pıçıltıları olduğuna əminəm. Bilirəm ki, bu şeirlər həmin sükutun, tərki-dünyalığın barı-bəhəridir. İndi özünüz də diqqət yetirin, görün indi oxuyacağınız şeir hansı məqamın, hansı mühitin diqtəsidir.
Bu nə eşq, nə sevda imiş,
Yol nə yerdə, nə göydəymiş.
Dərdin özü dərman imiş,
Rəbbin yolun bulanlara...
Gələn gedəndən çox imiş,
Bilgi biləndən çox imiş,
İnsan Tanrının sirriymiş,
Sirrə sirdaş olanlara...
Kim deyir gedənlər dönmür?
Dualardan yol görünür.
Ölüm toy-vüsal günüdür,
Yurda qurban olanlara.
Mən bu şeirin yozumunu və əvvəlki fikrimə münasibəti sizin ixtiyarınıza buraxıram. Çünki o şeirin özü mənə özünü təqdim edib. Və mən də o təqdimatın içərisində Şuşaya qayıdan bir Vətən övladının səsini eşidirəm. Özü də bu səs Şuşanın alınacağına inanan bəndənin səsidir. O səs deyir ki:
Eşit, ay elim, ərənim,
Qalam, bürcüm, səngərim,
Gözü yol çəkənlərim,
Müjdə, Şuşam, biz gəlirik!
Ay dağlar, ay meşələr,
Ay intizar bənövşələr,
Ruhu yaşayan kişilər,
Müjdə, Şuşam, biz gəlirik!
Bu gün axşama yetərik,
Zəfər bayrağın dikərik,
Yurda qəhrəman dönərik,
Müjdə, Şuşam, biz gəlirik!
Bir hissəsini təqdim etdiyim bu şeir 44 günlük müharibəmizdən iki ay öncə - 2020-ci ilin iyul ayında qələmə alınıb. Bu bir vəhydir, bu bir öncədən hiss etmək, duymaqdır. Ona görə deyib və yazıram ki, bu şeirlər göy üzündən gələn işıq zərrələri kimidir. Belə olmasaydı, müəllif əsgər xanımlarına üz tutub deməzdi ki:
Sil gözün yaşın, bil ki,
Bayraq tək ucadır sevgin.
Dur süfrə aç, sevinc payla,
Qayıdır qalib əsgərim!
Bəli, əsgərin, özü də qalib əsgərin xanımı bayraq tək ucalan sevgiləri yaşadanlardır. Bu sevgilər təkcə ailəyə, fərdlərə deyil, bütöv Vətənə aiddir.
“İşığın ayaq səsləri” adlanan bu kitabın hər bir səhifəsində mən bir məqamın da şahidi oldum. O da sözlə, yəni misralarla yanaşı dayanan rəssam işinin – yəni qələmlə fırçanın çiyin-çiyinə dayanması idi. Hər bir şeirin fırça şəklini, rəsmini çəkmişdi. O məzmunu rənglərin işığında sərgiləmişdi qarşımda. Və mən o işıqda olan həssaslığı göz qamaşdırma kimi yox, düşündürmə, inandırma kimi qəbul etdim. Hətta inandım ki, “Vəsiyyət” şeirində deyildiyi kimi, “adam unudulanda ölür” fikri müdrik bir aforizmdir. O aforizmi saralıb-solub budaqlardan tökülən yarpaqlar da- xəzəllər də pıçıldayır adama.
Mən ilk təəssüratımı sözə çevirməyə çalışdığım bu kitabın barəsindəki indiki əhval-ruhiyyəmi elə kitabdakı şeirlə tamamlamaq istəyirəm. Çünki o şeirdə də mənim indiki anımın özü sərgilənir. Şeir “Şam kimi” adlanır. Müəllif yazır ki:
“Şamı içindəki
piltə əridər” dedilər,
inanmayacaqdım,
doğruymuş!
Məni sevdiklərim,
qoruduqlarım bitirdi...
Yaradıcılığını sevə-sevə izlədiyim və hər yeni əsərinə oxucu marağı ilə könül verdiyim Sona xanım Vəliyevanın “İşığın ayaq səsləri” kitabı barəsində etdiyim bu qeydlər artıq masaüstü kitabım olan bu işıq dolu kitaba mənim qəlbən bağlandığımdan bir işartıdır. Hələ çox qayıdacam bu kitaba. Axı, hamımızın işığa ehtiyacı var.v