Elnur Uğur Abdiyevdən İKİ ADSIZ ŞEİR
Ömrüm oxunmamış dram,
Hər rol bir azca dərd ələr.
Mən də qalxıram, enirəm,
Enib- qalxdıqca pərdələr.
Dəyişir dünya səhnəsi,
Kimdi özünü oynayan?
Məndən boylanır neçəsi,
Məndən o yanda aynaya.
Özüm özümü oynadım,
Gördüm rollar var alçalır.
Burda tamaşaçı dəhşət,
Faciəyə də əl çalır.
***
İnsanıq
Bir gün,iki gün,üç gün.
Yaşayırıq yaşamaq üçün.
Kimi öz içini yeyir,
Kimi özgənin tikəsini.
Hamının hədəfi birdir:
Yaşamaq.
Kimi yamaq,
Kimi yamaq atmağa iynə,
Kimisi də sap yaşayır.
Qorxulusu nə sap,
Nə iynə,
Nə də yamaq olmaqdır.
Ən qorxulusu sapı iynəyə keçirib
Yamağı atan əlin sahibi kimi yaşamaqdır.
Bir gün,iki,gün,üç gün
Yaşayırıq yaşamaq üçün.
Bu yaşam dediyimiz həyat,
O qədər qəribə ki,
Qəriblik yaşayır ən doğmalarda ürək.
Hər gün keçən gündən çox sevərək
Yaşasaq...