Ehtiram Ilham : - GÖZƏL

Ədəbiyyat 17:01 / 21.11.2024 Baxış sayı: 336

 

Zulum keçdi bu gecəm də,

Açılan sabahdı gözəl.

İşıqlanar ev-eşiyim,

Hər gələn qonaqdı gözəl.

 

Sevincə könül vermərəm,

Bağrıbadaşdı mənnən qəm.

O kədər, o dərd, o ələm,

Bu fəryad, bu ahdı gözəl

 

İşığın yoxdusa, görmə,

Bilmədinsə, di heç bilmə.

Qal o yanda, bəri gəlmə,

Yaxından uzaqdı gözəl.

 

Gözlərini tutubsa qan,

Gün keçirmək olmaz asan.

Göyə hökm edən padşahdan

Könlündə Allahdı gözəl.

 

Hər nədi Ehtiram deyir...

Sözdü uca, sazdı sehir.

İçində yurd salan şeir

Ruhunda bir taxtdı gözəl.

18.11.24.