Ayaz Arabaçı : - 

Ədəbiyyat 15:18 / 21.11.2024 Baxış sayı: 339

Bapbalaca qızuşağı olursan..

Dəli-dəli könül şahı olursan..

Ağlayanda göyqurşağı olursan..

Yanağına göz yaşından zeh düşür..

 

Kodu nədi qəlbindəki cəftənin,

Dözəmmirəm axırına həftənin..

Qələmimdən adın keçən dəftərin,

Vərəqinə qorxa-qorxa şeh düşür.

 

Həsrət gəlir üstümüzə çaparaq..

Alır səni məndən qəfil qaparaq..

Ödəməni hansı kursla aparaq,

Bu can təkcə gülüşünə beh düşür..

 

Gör nə qədər sələmləri qalxıram..

Ağrıları-ələmləri qalxıram,

Üzüsənə "Elmlər"i qalxıram,

Yasamaldan pişvazıma meh düşür..

 

Dərin-dərin dəryaların lillənir,

Barmaqlarım saçlarında dillənir..

Baxışların uzaqlara zillənir,

Dodağından soyuq-soyuq eh düşür..