ŞAİRİN LEŞİ- KASIBIN BƏXTİ, YALTAQ QUZU VƏ BARIŞIQ - Seyran Səxavətdən yeni HEKAYƏ

YAZARLAR 10:27 / 18.11.2024 Baxış sayı: 925

Uşaq vaxtı kənddə-kəsəkdə çalağanların ,quzğunların başına yığışdığı leş görmüşəm- at, eşşək,tülkü, çaqqal leşi-ancaq şair leşi görməmişəm-and olsun yeri-göyü yaradan Allaha ki,görməmişəm.Əgər kimsə şair leşi görübsə,mənə zəng eləsin, söhbət eləyək; mənim mobil nömrəm: 050-313-13-28-dir.

Mən şair leşi görməsəm də, onu təxminən bilirsiniz nəyə bənzədirəm?Kasıbın bəxtinə...Elə diqqət etsəniz, kasıbın bəxti də şairin leşinə oxşayır.Ancaq bu cümlələri oxuyan bir ağıllı məndən soruşsa ki,görmədiyin şeyi nə təhər oxşadırsan, boğazım quruyacaq, cavab verə bilməyəcəm, qalacam gözlərimi döyə-döyə...

Sən də çox dərinə gedirsən  eee...bəlkə heç soruşan olmadı...Soruşan olsa da, olmasa da, mənə elə gəlir ki, oxşayır...ancaq oxşadanı yoxdu, oxşadanı...

Vağzalda taksidən düşüb ətrafa boylanmaq istəyirdim ki,nə təhər üstümə cumdusa, əgər o təhərlə mənə toxunsaydı,kəllə-mayallaq olmuşdum.Məni qucaqlayıb nə təhər sıxdısa, suyum çıxdı.

-Qardaşım xoş gəlib, səfa gətirib...Bu gün hardan doğub belə, ay Allah?

Əlini qoltuq cibinə salıb eynəyini çıxartdı,tələsik gözünə taxıb məni başdan-ayağa süzdü:

-Hə...sənsən...sənsən...doğrudan sənsən...

O üzümdən, bu üzümdən marçıldadanda ətrafına boylandı, yəni ki, görürüsünüz də, mən kiminlə öpüşürəm...

İki daşın arasında onun məndən həmişə necə gileyli olduğu qulağımda cingildədi:-,,Elə hey deyillər dostun ordan keçdi, dostun burdan keçdi...Noolar, ay vijdansız, bir dəfə də biz tərəfdən  keçəsən ...bir bizim də qapını açasan..."

Bir-birimizə böyük ərkimiz var, halal-hümmət...İkimiz də Bakıda ali təhsil almışıq,o, politexnik institutunda, mən Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetində.Birinci kursun əvvələrində filarmoniyanın çayxanasında bir-birimizə quşumuz qonmuşdu, tanış olmuşduq, əl vermişdik.İndiki kimi yadımdadı,gülməli də olsa deyəcəm, mən ona əl uzadıb dedim:

-Gənc şair...Seyran...Seyran Xanlarov...

Onda hələ Seyran Səxavət deyildim...Və qoltuq cibimdən dörd qatladığım ,,Azərbaycan gəncləri"
qəzetini çıxardıb ,,Bizim  arx  " şeirini göstərdim:

-Özüm  yazmışam,-dedim.

Qəzeti alıb şeiri iki dəfə oxuyandan sonra dedi:

-Qəşəng şeirdi...

Sonra da adını dedi:

-Mənim də adım Həmiddi, Həmid.

Elə şirin idi ki...Lap bal kimi.

O vaxt filarmoniyanın çayxanasında tanış olanda ikimizin otuz altı yaşı vardı-əlli-əlliyə.İndi isə, yenə bayaqkı kimi desək, ikimizin səksən yaşı var-yenə əlli-əlliyə.O öz rayonunda çox tanınmış, hörmətli bir adam idi, mən də Azərbaycanda...

Bir-birimizə necə sarılmışdıqsa, bir də duyuq düşdük ki, camaat bizə baxır-elə bil bir az da utanan kimi olduq; sizə zarafat gəlməsin-bayaqkı tərzdə desək, (əlli-əlliyə) qırx dörd il keçmişə qayıtmışıq-biz hələ yaxşı qurtarmışdıq.

Heç vaxt axırıncı tikəmizi bir-birimizdən əsirgəməmişdik-tələbə tikəsinin bərəkətini bir Allah bilir, bir də tələbə olanlar.Tələbə ilə Allahın oxşarlığına bax eee...O dövrün tələbələri hamısı bizim kimi idi, bir-birinə gözlərinin yağını yedizdirirdilər, aramızda fırtıq qapan cücələr civildəmirdi, görməmişəm.
Toylarımızda bir-birimizin sağdişi-soldişi olmuşuq, böyüklərimiz də bir-birini tanıyır, onları kiçiklər- biz tanış eləmişik; doğulduğumuz, göz açdığımız kəndlərin arası üç yüz kilometrdən bir az çox olsa da, xeyrimiz-şərimiz bir olub.

Bu məişət hoqqalarından kənara çıxıb dilimin yanmasından qorxmadan onu da kişi kimi  dilimə gətirərdim ki, bir-birimizdən ötrü həmişə darıxmışıq və bu, bizə bir-birimizdən qopmağa imkan verməyib, biz də qopmamışıq. Heç birimizin yalanla tanışlığı yoxdu...olmayıb...

Biz üç qardaş olmuşuq-mən, Həmid, Həqiqət...Heyif ki, bizdə Həqiqət adını qızlara veririk...Bu baxımdan biz iki qardaş, bir bacıyıq...Bəlkə də buna görə bir az acıyıq...Bizim kimilərə ətiacı deyirlər...Deməli, adam əti yeyən adamlar da var.Yoxsa onlar bizim ətimizin acı olduğunu hardan bilirlər, hə?!Adamyeyənlər...

...Həmid elə gen-bol hal-əhval tutdu ki...Kiçik ailəmi, böyük ailəmi...Elə bil ki, uzaq olsun,otuz yeddinci ildi və ona xüsusi tapşırıq verilib ki, bu nəsli-kökü tam araşdır, gör nə var, nə yox-bax, heylə...Həmidi özüm kimi, özümü də Həmid kimi yaxşı tanıdığıma görə dedim:

-Qaqa, birinci gedək ağbirçəyi-ağsaqqalı görək...çünki nə sənə etibar var, nə də mənə...bir də gördün...hə...sonra hara deyirsən gedək, nə deyirsən eliyək.

Razılaşdıq.

Həmidgildən çıxıb onun xidməti ,,Qaz-24-Volqa" maşınına oturanda atası da, anası da bir ağızdan dedilər:

-Axşam evimizə gələrsən haaa!..Doyunca söhbət eliyərik...

 Ağzım nəydi ki, onların sözündən çıxam-Həmid olsaydı nə vardı?

,,Həmid olsaydı nə vardı..."deyəndə ki...O mənim üçün on səkkiz yaşlı tələbə Həmid idi-ancaq mənim üçün ; kişinin oğlunun tabeliyində üç yüzdən artıq adam işləyirdi, hamısı da ,,yetmiş ikinci millət"- şoferlər-sizə zarafat gəlməsin, avtobazanın rəisi idi, sözü hər yerdə keçirdi. Əlqərəz, yuxarıda dediyim yetmiş ikinci millətin lideri idi.

Bir-iki gündən sonra təbiət mayın axırına çıxacaqdı-buraların yaxşı vaxtıydı.Açığı, bu yerlərin üzünü ağ edən iki nəfər idi- aprel və may.Və bu da bir həqiqət idi; Həmidin, mənim bacımız Həqiqət yox haa...elə bu üç nöqtənin biri boyda həqiqət.

Dolaylarda dolana-dolana gəlib mənzil başına, daha doğrusu, hadisə yerinə çatdıq.,,Hadisə yeri"  sözləri bilməzdən, təsadüfən dilimə gəlmişdi.Ancaq sən demə bu, təsadüf deyilmiş və burda hadisə oldu-hadisə olandan sonra buranı hadisə yeri adlandırmağı kimsə bizə qadağan edə bilməzdi.Ancaq ağlıma da gəlməzdi ki...

Bura böyük təpə də demək olar, məsələn, Qarabağda Məngələnata təpəsi kimi, kiçik bir dağ da demək olar və heç kəs də təəccüblənməz.Burdan baxanda rayon mərkəzi-yaşıllıqlar içinə qərq olub batan evlər ovucun içindəki kimi görünürdü.Bu kiçik dağınmı, böyük təpəninmi deyək,yamacındakı yeməkxana elə bil ki, tikili deyildi, sanki bir ağac kimi burda bitmişdi- elə yaraşırdı ki...

Hündür boylu, qırx-qır beş yaşlarında yaraşıqlı bir oğlan qabağımıza yeriyib ,,xoşgəldin" elədi, Həmidlə əl görüşüb təəccüblə mənə baxdı, elə bil nə isə tərəddüd elədi, yalnız Həmid him-cim eləyəndən sonra mənə də əl verdi:

-Xoş gəlmisiniz, həmişə siz gələsiniz.Sizi  televizorda görmüşəm.Həmid  sizin haqqınızda çox danışıb, çoox...

Özümdən  asılı olmayaraq çönüb Həmidin üzünə baxdım-elə bil ekran idi və orda yazılmişdı ki, ,, gözünün içinə qədər  yalan deyir."Sonra bu ,,ekrana" ikinci görüntü gəldi, ,,ekran" tutqunlaşdı, əsəbləşdi-şərhsiz.Üçüncü görüntüdə isə belə yazılmışdı:,,Sən niyə hirslənirsən ee, adamdı dəə,  yerini şirin eləyir" və sonra televizorun ekranı söndü, ora may günəşinin işığı düşdü-işıq o qədər güclü idi ki, artıq orda yazılanı oxumaq mümkün deyildi...

Keçib əyləşdik.Dünya şöhrətli Hollandiya rəssamı Van Qoq kasıbçılıq ucbatından ən çox sarı rənglə işlədiyi kimi, təbiətin ən böyük rəssamlarından olan may ayı da harınlıqdan ən çox yaşıl rənglə işləyirdi.Bu yaşıllığın tən ortasında bülbüllərin yoxluğu sinəsinə yatan bir Qaratoyuq səsini başına atıb elə zəngulələr vururdu ki, deyirsən bəs oxuyan yaşıl torpağın özüdü.Qaratoyuq bu yumşaq qu tükü kimi yaşıllığın içində qara yırtıq  kimi görünürdü və adam bu qara yırtıqdan   vahiməyə düşürdü.Birdən elə bildim ki,Qaratoyuq mənim fikirləşdiklərimi eşidir, təkrar edirəm, e-şi-dir.Quşlardan nə desən çıxar, axı adamlara baxanda  onlar Allaha daha yaxındırlar...və  Qaratoyuqdan utandım...Qaratoyuq neynirdi ki...oxuyurdu da...ancaq mənim Qaratoyuqdan utandığımdan heç kəsin xəbəri olmadı-heç Qaratoyuğun özünün də...heç Həmidin də...

-Nə fikrə getmisən yenə, qardaş?- Həmid üzümə baxdı və sualının cavabını gözləmədən - nə yaxşı gəldin, evdəkilər də çox sevindi,-dedi.

 -Elə mən də sevindim... Gör eee,  axırıncı dəfə görüşdüyümüz yadımnan çıxıb,-dedim.

-Mənim yadımdadı...-Həmid əlini çiynimə qoydu. 

-Nə vaxt görüşmüşük? 

 -Özün tap,-Həmidin elə bil ki,  tərsliyi tutmuşdu.

  -Demirsən heç demə,-Mən onun tərsliyini vecimə almadım, -Yoldaş Hacıyev demişkən, "100 qram vuran kimi yadımıza düşəcək".Heç sən  də  bilmirsən , deyəsən...

Söhbətin yönünü başqa tərəfə dəyişmək istədim. Elə dəyişdim də...

-Həmid...

 - Nə var?

-Həmid, səndən  bir söz soruşacam... ancaq düzünü de... deyəndə də gözümün içinə baxarsan.

 -Baş üstə, böyük sənətkar, – Həmid ona verəcəyim sualı dinləməyə əməlli-başlı  hazırlıq görürmüş kimi özünü yığışdırdı. 

-Həmid, rüşvət alırsan?

Həmid gözümün qabağında itdi -o, özünü tamam itirmişdi. 

Həmid gözümün qabağında peyda oldu, o, özünü tapmışdı. 

-Nəyə görə soruşursan ki?- Həmid gözünü gözlərimə zilləmişdi.

-Soruşuram də , dedim, -bilmək istəyirəm ki dostum nə yuvanın quşudu...

Həmidin qaşları əvvəcə çatıldı,  sonra hər biri qayıdıb öz  əvvəlki anadangəlmə yerində bərqərar olandan sonra   gülümsəyib dedi: 

-Kişi kimi deyim?

-Hə...kişi kimi de!

-Kişilik elə maa qalıb?-Həmid sağ əli ilə sinəsinə toxundu.

-Hə...- dedim, -kişilik sənə qalıb...Sənə, mənə, ona, bizə, sizə, onlara... 

-Lap qrammatika dərsinə oxşadı  eyy... 

-Ay Həmid, niyə uzadırsan axı... Sözün biri ,,hə"di,  biri ,,yox"du...

-Gəl, belə eliyək də... qabağcan   öz sualına özün cavab ver... mən sonra  deyim. Özü də nə var, onu deyəcəm.

-Məən...

- Hə... sən...- Həmid  iki ayağını bir başmağa dirədi. 

-Ay avara,-dedim,- hansı başı xarab yazıçıya rüşvət verər? Hə?

- Gəl onda belə danışaq,-Həmid başqa bir istiqamət götürdü, -əgər  sənə rüşvət verən olsa, alardın?   

 -Həmid...

- Hay  can... 

- Burcutma də.... almısan,  yoxsa yox?

-And olsun kəsdiyimiz çörəyə ki, zorunan almamışam...veriblər...hə...Mən də onların qəlbni sındırmamışam...almışam...

- Deməli, sən rüşvətxor olmağına rüşvətxorsan... ancaq, necə deyərlər, humanist rüşvətxorsan də...

-Ay sağ ol... Mən rüşvət alarkən həmişə  bir olan Allah şahiddir ki, humanizm prinsiplərini əldə rəhbər tutmuşam,-Həmid həvəslə davam elədi,- İnsan olan kəs heç vaxt insanın qəlbini sındırmamalıdır.Bu, çox böyük  günahdı,- bir az da səsinə əzəmət verdi,- qəbahətdi, qardaşım, qəbahət...

Həmid  dediklərinə özü inana-inana bir az da irəlilədi:

 -Bir Allah şahiddi ki, mənim aldığım rüşvət  heç  vaxt  ,,şirinlik" səviyyəsindən bir millimetr də yuxarı qalxmayıb. Şirinlik... şirinlik insanları bir-birinə bağlayan şeydi,-o, əllərini  bir-birinə daraqlayıb az qala gözümə soxdu, -bax, belə....

  -Bura bax, Həmid...

  - Hay can,- o, sözümün dalını ağzımdaca vurdu. 

  -Həmid, məni dolamısan, hə?..

  - Nə danışırsan, qardaş, səni dolayan  sənin  gününə düşsün,- Həmidin səsində və üz-gözündə şirin, ərkyanə bir hikkə də gözümə dəydi,-dolamaq nədi, ağzım əyilər... sən mənim ürəyimsən... Səni başa salmaq istəyirəm ki, rüşvət, indiki halda şirinlik, həyatımızın rəhnidir. Hə... şirinlik, insanlar arasında ünsiyyət deməkdi.  İnsan ünsiyyətsiz necə yaşaya bilər... Bayquş kimi tək qalar... təklənər... qapısını bir kimsə açmaz, badi- səbadan qeyri...

-Həmid, sən zarafat eliyirsən, yoxsa...

-Zarafat-zad  belə ciddi söhbət vaxtı  heç nəyə yaramayan bir şeydi. 

Həmid yavaş-yavaş öz parlaq nitqi və gözəl məntiqi ilə məni də öz tərəfinə sürüyürdü. O, zarafatla ciddiliyin arasında sanki oyun çıxarırdı. Zarafatla ciddiliyin arası indiki halda ətlə dırnağın arası qədər olardı. Və Həmidin orada şirin-şirin meydangirlik etməsi mənə möcüzə kimi gəlirdi. Bax, bu möcüzə ilə üzbəüz dayandığım halda Həmiddən soruşdum: 

-Yaxşı, yaxşı...başa düşdüm, başa düşdüm...Qoy olsun şirinlik, ünsiyyət, humanizm... olsun... İndi bir sualıma cavab ver...

Belə anlarda Həmid həmişə mənim sözümü kəsirdi, halbuki buna heç bir ehtiyac yox idi. 

-Eşidirəm, sualını ver,-dedi. 

-Bax, o deyirsən ee, şirinlik, şirinlik... Bu şirinliyin məbləğini deyə bilərsən neçə manatdı?

-O baxır hansı şirinliyə...onun  qradusuna...dərəcəsinə...

-Necə yəni baxır şirinliyə...-dedim.-dərəcəsinə...

 -Qardaş, hər şeyin bir qanun -qaydası var də... Gedib  oturmusunuz Bakıda, buralardan xəbəriniz yoxdu... A kişi, ay qardaş, ay tovariş, -gülmək

Həmidi tutmuşdu,-şirinliyin üç növü var, üç cür şirinlik var, hərəsinin də öz məzənnəsi var. 

  -Həmid...

O  yenə sözümü kəsdi:

  -Bir dayan görək, qonağımız gəlir. 

Həmidin onsuz da gözü yolda qalmışdı, elə hey o tərəfə boylanırdı;  tələsik ayağa durub, özü demişkən, qonağın qabağına yeridi:

-Xoş gəldin, qardaş, xoş gəldin...Gəl çıx də...sarfamız qarışdı axı.

 Həmid onun qoluna girib mənim yanımda otuzduran kimi dedi: 

 -Tanış olun.

Gələn adam mənə əl verib gülə-gülə -bu ,gülməkdən daha  çox hırtıldamağa oxşayırdı-dedi: 

-Bu boyda rayonun prokuroru, yoldaş Qulamov... Ha-ha-ha-haaa.

Mən ağzımı açmaq istəyirdim ki, rayon prokuroru yoldaş Qulamov ağzımı yumdu: 

-Sizin özünüzü təqdim etməyə ehtiyac yoxdu, canım,-birbaşa  keçdi ,,sən"ə,- Səni yaxşı tanıyırıq. ha...ha...haaa...  Üç-dörd  gün əvvəl televiziyadakı çıxışına baxdım,-çönüb   Həmidə baxdı,-yaman dedi müəllim, ləzzət elədi...

Həmid günahkar kimi gözlərini döyəclədi:

  -Mən baxmamışam. Sonra eşitdim ki, çıxış eliyib. Nə dedi ki?- yoldaş Qulamova üz tutdu :

 -Əşşi, yaman dedi ee... Nə təhər  güldümsə, barmağımı kəssələr, xəbərim olmazdı...Deməli, müəllim ağzını açıb danışan kimi aparıcı deyi: ,, Seyran müəllim, ora mənim yaralı yerimdi. "Müəllim nə deyirsə, aparıcı qız deyirdi: "Seyran müəllim, ora mənim yaralı yerimdi." Müəllim  gözünə  döndüyüm də yüngülvari əsələşib dedi ki, ay qız, bayaqdan nə deyirəmsə,  deyirsən ki, ora mənim yaralı yerimdir. Ağzımı açmağa qoymursan... yaralı yerimdi, yaralı yerimdi... Sənin heç bir salamat yerin yoxdur?Nə təhər pıqqıldadımsa...Ondan sonra aparıcı qız özünü yığışdırdı...hə...

 -Necə  xəbərim olmayıb ee..-Həmid  peşmanlığını bildirdi... 

Mən yoldaş Qulamovun sifətinə, gözaltı da olsa, nə qədər  diqqətlə baxdımsa,   orda heç nə oxuya bilmədim. Onun sifəti mənim orta məktəbdə oxuduğum illərdəki qaralama dəftərinə oxşayırdı. Bir sual məni  şapalağın altına salandan sonra təpikləyiridi əməlli-başlı.Yoldaş Qulamovun gülməyi sir-sifətində görünmək bilmirdi, ancaq  səsindən bilirdin ki, bu adam gülür. ,,Görəsən, yoldaş Qulamov həqiqətən mənim televiziyada aparıcı qıza dediyim sözlərə gülüb... yoxsa mənə xoş gəlmək üçün belə deyir, həə?

-Yoldaş Qulamov, doğrudan mən dediklərimə gülürdünüz?-soruşdum.

-Güldün də sözdü?..Əvvəlcə  arvad qəhqəhə çəkib güldü...hə...mən də qoşuldum ona...hə...

Deyirəm axı, havayı  yerə  dalağım sancmayıb ...deməli, düz  sübhələnmişəm; onlar demişkən, şübhəli şəxs  qismindəydi yoldaş Qulamov. Burasını  da boynuma alım ki, yoldaş Qulamovun sifəti mənə çox tanış gəlirdi, elə bil ki, bu sifəti dəfələrlə görmüşdüm. Ancaq nə bir billah eləyirdimsə, yadıma sala bilmirdim və yaddaşımın belə tez xarab olması, korşalması məni yaman əsəbiləşdirirdi:

 ,,Sənə çox lazımdır ki, bu pəzəvəngi harda görmüşəm, hə? Nəyinə lazımdır...Kişinin oğlu bayaqdan neçə dəfə deyib   ki, sənin gəlişinə çox şad oldum."
 

-Həmid deyəndə ki, dostum gələcək,  dedim, bura bax, hey, bizi görüşdürməsən, səni  rayondan çıxardaram. Sağ olsun, o  da söz verdi ki, mütləq görüşdürəcəm, sağ olsun.

Mən rahatlıq  tapdım və rahatlıq məni   valideyn uşağın əlinə şirniquş verib  sakitləşdirən kimi yerbəyer elədi-indi öz yerimdə idim, adam öz yerində olanda elə bilir ki,bütün dünya qu tükü kimidi- yumşaq... Qu quşlarının  tüklərini diri-diri yolub yer üzünə səpmişdilər. Qu quşları üşüyürdü... və bu heç kimin vecinə deyildi...

- Ay müəllim, nə yaman fikrə getmisən?- rayon prokuroru yoldaş Qulamov guruldadı,  amma yağmadı-yəqin ki, bir azdan həm də yağar. 

 -Yox... nə fikrə gedəcəm ki... yox... Allaha şükür dostumun yanındayam,-dedim,-  qırmızıca  yalan dedim, amma nə Həmid, nə də rayon prokuroru  yoldaş Qulamov   bu yalanın rəngini görmədi. Və inandılar, inandılar ki, mən fikrə-zada  getməmişəm, elə buralardayam.

Onlara qoşuldum:

-Həmid,-dedim,- günorta yeməyinin vaxtıdı...amma bu boyda yeməkxanada heç kim yoxdu,-təəccübüm sir-sifətimdən şorhaşor tökülürdü. 

Həmid dedi:

- Yoldaş Qulamov belə məsləhət gördü,-çevrilib yoldaş Qulamova baxdı və dedi ki, özümüz olsaq yaxşıdı, bu boyda kişi Bakidan durub bizə qonaq gəlib... Bəs bizim kişiliyimizə nə gəlib?  Yəni bir restoran da bağlatdıra bilmərik?

Rayon prokuroru yoldaş Qulamov çönüb mənə baxdı, mənə  elə gəldi ki, deyəsən məndən bir təşəkkür gözləyirdi. Mən onu çox gözlətmədim və onun xatırlaya bilmədiyim sifətinə irişməklə kifayətləndim. Deyəsən, o da narazı qalmadı

 Bayaqdan  restoranın müdiri üç dəfə gəlib ki,yoldaş Qulamov, ürəyiniz nə istəyirsə, deyin bişirək. Gördüm ki, yoldaş Qulamov  restoran müdirinin bu -get-gəlindən həzz alır, canına sarı yağ kimi yayılır- ancaq  dördüncü dəfə gələndə bezdi: 

  -Bir şey lazım olsa, deyərik... get...

  -Baş üstə, göz üstə, yoldaş Qulamov...

Təndirdə qızardılmış əmlik quzunu qədim br məcmeyidə gətirib  stolun üstünə qoydular.

-Mələməmiş quzudu...-yoldaş Qulamov dedi,-hələ dil açmamışdı,-əlavə elədi.

Mən yenə bayaqkı kimi irişməli oldum, elə irişdim də... Və mənə elə gəldi ki, bu mələməmiş, dil açmamış quzu özünü dünyanın ən xoşbəxt quzusu hesab eliyir ki, onun ətindən rayon prokuroru yoldaş Qulamov  da yeyəcək. Yaltaq insan çox görmüşdüm, ancaq yaltaq quzu görməmişdim.... Əgər heyvanlar da yaltaqlıq eləyirsə, demək ya dünyanın axırıdı... ya da ki axıra bir şey qalmayıb... üç-dörd addım... üç - dörd qarış... üç - dörd...

 -Müəllim, ürəyin nə istəyir, denən bişirtdirək... - Rayon prokuroru  yoldaş Qulamov restoran müdirinin ona   verdiyi sualı  üzü  mənə  tərəf doğrayıb tökdü  və çönüb  qədim  məcmeyinin içindəki qıpqırmızı qızardılmış nakam və yaltaq quzuya elə baxdı ki, deyəsən lap ağzının suyu axdı.
Mən üçüncü dəfə irişdim və hiss elədim ki, deyəsən irişmək rayon prokuroru yoldaş Qulamova azlıq eləyir, o qədər də sinəsinə yatmır;odur ki, dedim :

 -Yox... yox..Nə danışırsınız, çox sağ olun... Hər şey əladı.. Sağ olun... Sağ olun...

Bu sözləri dilimə gətirdim, ikisi də eşitdi, ancaq özüm eşitmədim.Mənə elə gəldi ki, yavaş-yavaş restoran müdirinə və  Həmidə oxşayıram... Bu nakam və yaltaq quzuya oxşayıram ...və yer ayağımın altından qaçdı, havada yellənə-yellənə qaldım...

Rayon prokuroru yoldaş Qulamov növbəti dəfə guruldadı, elə yağdı da: 

-Götürün vuraq ee, müəllim... Bu yaxınlarda sizin şairlərdən biri azıb- təzib gəlmişdi bura... nə təhər içirtdimsə, leşini maşına basıb göndərdim düz Bakıya... Götür, götür... 

Bayaqdan mağıl havada yellənə-yellənə qalmışdım, rayon prokuroru yoldaş Qulamovun bu gurultusu, dalınca da yağması yelləndiyim kəndiri kəsdi və düşdüm dərənin dibinə, görən də olmadı... Ancaq sonuncu  hərəkətimi  rayon prokuroru  yoldaş Qulamovdan, dostum  Həmiddən başqa uzaqdan durub oğrun -oğrun bizə tamaşa eləyən restoran müdiri də gördü:mən ayağa durdum, əlimdəki araq dolu rumkanı qıpqırmızı qızardılmış nakam və yaltaq quzunun ayaq üstə dayandığı qədim, böyük məcmeyiyə çırpıb ordan uzaqlaşdım və dəli kimi üzü aşağı, Bakı yoluna tərəf yol aldım. Bu, getməkdən, yeriməkdən daha çox şumerlərin kəşf etdiyi təkər kimi diyirlənməyə oxşayırdı - Mən bu enişi getmirdim, diyirlənirdim.

Diyirlənə - diyirlənə gəlib çıxdım prokuror, yoldaş Qulamovun işlədiyi rayondan çoxlu yoldaş  prokuror işləyən gözəl paytaxtımız Bakıya gedən yolun üstünə. Rayon prokuroru  yoldaş  Qulamov  heç vaxt mənim dalımca gəlib məni geri qaytarmağa cəhd eləməzdi, daha doğrusu,  özünə  sığışdırmazdı, eşidən - bilən nə deyərdi? Həmid də onu gözəlcə  bilirdi ki, mən haqlı olduğumu biləndə dədəm də gəlsə xeyri yoxdu. Əslində isə bu, tərslik deyildi, dərslik idi-ehtiyacı olan adamlara dərs vermək, onlara adam balası olmağın yolunu göstərmək; onlar adam balası olacaq, ya olmayacaq, bu, qalır onların qeyrətinə - adam balası olmaq qeyrət məsələsidir. 

Neçə maşına əl qaldırdım, heç birisi saxlamadı - mən də elə bilirdim məni tanıyırlar, məşhuram. Qanımın qaralığı üzümə çıxmışdı. Bu iki daşın arasında rayon prokuroru yoldaş  Qulamovun  sifətini harda gördüyümü xatırladım, dəqiq yadıma düşdü : qonşumuzdakı qəssabın üstündə ət doğradığı kötük... Həə... deyirəm axı, mən bu sifəti hardasa görmüşdüm də... Göz yaddaşım çox güclüdü...

Görəsən rayon prokuroru yoldaş Qulamovun bərk içirtdikdən sonra maşına basıb Bakıya göndərdiyi şair də mənim yerimə olsaydı belə hərəkət eləyərdi? Mənim kimi araq dolu rumkanı qızardılmış nakam və yaltaq quzunun ayaq üstə dayandığı qədim, böyük məcmeyiyə çırpıb çıx gedərdi?...Yoxsa yoldaş Qulamovu yola verərdi? Bərk inandım ki, leşi maşına basılıb Bakıya göndərilən şair də mənim yerimə olsaydı belə eliyərdi-inanmasaydım, daha doğrusu, özümü inandırmasaydım çatlayardım ortamdan, qalardım rayon prokuroru yoldaş Qulamovun işlədiyi rayondan Bakıya gedən yolun ortasında...Ancaq kimsə içimə bir şübhə toxumu da atmışdı, içimdəki toxum yavaş-yavaş cücərmək istəyirdi-mən bilən bu toxumu mənim içimə rayon prokuroru yoldaş Qulamov atmışdı- təkcə ondan şübhələnirəm, Həmiddən şübhələnəsi deyiləm ki?...Ancaq imanımdan da muğayat olmalıyam - imanım Allah əmanəti... 

Bir anlıq mənə elə gəldi ki, əl qaldırdığım maşınlar mənim yanıma çatanda sürəti bir az da artırırdılar və bu, mənə qəribə gəlirdi - qorxurdular ki, yanımdan keçəndə maşının qapısını açıb özümü içəri dürtərəm? Nə bilim, vallah, adamlardan nə desən gözləmək olar   və bu, mənə gülməli gəldi... 

Mən öz işimi görürdüm, böyrümdən şütüyüb keçən maşınlar da öz işini:mən əlimi qaldırırdım ki, ,, saxla", onlar da yanımda keçib gedirdilər ki,  ,, saxlamırıq".

Bir də gördüm ot yüklənmiş bir üçtəkərli motosiklet gəlir-əlacım kəsilmişdi, yeridim motosikletin qabağına, əlimin ikisini də qaldırdım :

-Saxla, saxla ...

O da saxlayıb səsini atdı başına :

-Ay qardaş, məni xataya salmaq istəyirsən? Məni evdə on iki uşaq gözləyir ee... 

-Neçə uşaq? 

-On iki...

-Allah saxlasın...ay maşallah...

Motosiklet sürən könülsüz,  ,,xalaxətrinqalmasın" dedi:

-Allah sizinkiləri də saxlasın... - Yəni sən mənim balalarıma alqış eləyirsən, mən də səninkilərə... 

-Sağ ol, - dedim. 

-Sən də sağ ol, - dedi və barışdıq.

Təzə tanışımın sifəti mənə tanış gəlməsə də-sifətin tanış gəlməsinin birini gördük də - quşum qonmuşdu ona, nəsə bir doğmalıq hiss eləmişdim.

 -Doğrudan on iki uşağın var? 

-On iki imam haqqı,-dedi. 

-Sən on iki imam? 

-Vallah... - gülümsündü, - and içəndə ki, and olsun on ikisinin də canına, elə bilirlər on iki imama and içirəm... 

Mən onun tərkində oturmuşdum. Birdən motosikleti saxladı, düşdü, diqqətlə üzümə  baxanda  gördüm üz-gözündən nur tökülür. Ürəyimdən keçdi ki, görəsən təzə tanışımın üz-gözündən tökülən nurdan ovuc - ovuc götürüb rayon prokuroru yoldaş Qulamovun üzünü yusan bir şey çıxar?... Nəyəsə oxşayar? Bu sualın cavabı bəndəlik deyil, ancaq Allah... 
O, bir də məni başdan ayağa süzəndən sonra dedi :

-Saa yaman quşum qonub, gedək bizə...bir az dincəl, sonra yola salaram, gedərsən Bakıya. 

Təzə tanışımın darvazasından içəri girəndə gördüm ki, uşaqların səsi toyuq - cücənin səsinə qarışıb qeyri-adi bir xor,, kapellası"yaratmışdı. Qızmış, lələklərini arxasında daraqlamış Həştərxan xoruzu da ortalıqda xoruzlana-xoruzlana bu xora qoşulurdu :

-Qur... qur... qur.. qur... qur.. qur... - solo oxuyurdu. 
Rayon mərkəzində kənd həyatı , bütün dəm - dəstgahıynan... Deməli, mənim  təzə  tanışım əsl  kəndçi idi - təpədən - dırnağa.O,  samovara od saldı, ancaq stəkana qənd salmadı, hələ tez idi -alışdırdı, sonra maşa gətirib qarışdırdı, arvadı -yarı evdə idi, küsüb getməmişdi ki, kimsə gəlib onları barışdırsın...

Əvvəl çay dəstgahı gəldi-bütün  kənddə- kəsəkdə olduğu kimi;sonra həyət çolpasından çığırtma- yanında da sağdışı-soldışı, tut arağı, bulaq suyu.Bir şüşə tut arağını əl-ələ verib içdik, üstündən dədə-baba qrafinkasıynan bir bulaq suyu...

Təzə tanışımın həyətində torpaq  qaynayırdı-torpağı bahar qaynadırdı.Çay dəstgahı qabaqlar radioda verilən muğam  dəstgahı qədər uzanmışdı.Denən,  bu üç saatda mənim təzə tanışım bircə dəfə də olsa soruşdu ki, ay qonaq, kimsən, nəçisən, hardan gəlib hara gedirsən?  Ay tövbə, bir kəlmə də...Üç saatdan çoxdu ki, bir yerdəyik, evində oturub kişinin çörəyini yeyirəm-adımı da bilmir, heç mən də onun adını bimirəm, o deməyib, mən də soruşmamışam.

Təzə tanışımın on iki uşağından yeddisi oğlan idi, beşi qız-yeddi qardaş bir bacı söhbəti burda işə yaramırdı, burda yeddi qardaş beş bacı söhbəti kök atmışdı...

Çay  və  yemək  dəstgahından sonra uşaqlarınan  görüş  dəstgahı  başladı; məlum oldu ki, on iki uşağın hamısının arasında bir yaş fərq var ; uşaqların tən yarısı, yəni altısı ekiz olaraq dünyaya gəlib, yerdə qalan altısı isə tək-tək.  Yəni əkizlər  o gəlişatı pozublar- onların arası on- on beş dəqiqə çəkib.  Və o da məlum oldu ki, oğlanların beşi polis, biri məhkəmə, biri isə prokuror olmaq istəyir. Qızlardan isə üçü müəllim olmaq istəyir,  ikisi isə uşaq bağçasının müdiri - bax, sosial istək belə idi. İnşallah... Allah qismət eləsin...

Vaxt keçirdi, Bakıya getməli idim. Yeni tanışımın uşaqlarının on ikisini də tut ağacının altında sıraya düzüb, bir-bir öpərək sağollaşdım. Evin xanımına da təşəkkür edib, motosikletə əyləşdim və  tırıldaya-tırıldaya avtovağzala tərəf götürüldük. Motosikletin tırıltısı kəsilən kimi biz avtovağzala çatdıq. Motosikletdən düşmədən yeni tanışıma dedim: 

 -Al bunu... mənim vizit kartımdır... Burada adım, iş yerim, ev telefonum, iş telefonum hamısı yazılıb... Nə vaxt  Bakıya yolun düşsə, gəl görüşək...Yaxşımı?

 -Yaxşı... yaxşı...  Allah qoysa,- təzə  tanışım dedi.

-Bəs  sənin adın nədir?-Mən  soruşdum

 -Adım Həmiddi... 

-Həə? -Təəccübləndim,-Həmid? 

-Hə... nədi  ki? 

-Heç, elə-belə...dostumun adıdı, -mən dedim. 

 -Lap  yaxşı, -elə bil ki, dostumun adının Həmid olması təzə tanışımın ürəyincə olmadı-mənə elə gəldi...  

-Yaxşı, Həmid, demədin nə işlə məşğulsan?-Bundan sonra təzə  tanışım yox, Həmid deyəcəm.

- Mən...mən  taksidə işləyirəm...taksi..,,Volqa " maşınında  bir gün mən işləyirəm, bir gün də ismenşikim -iki nəfərik... 

Dostum Həmid gəlib durdu  gözümün qabağında, nədənsə başını qaldırıb üzümə də baxmadı; mən də fikirləşdim  ki, baxmır,  dünəndən baxmasın,  heç baxmasın. 

-Həmid, sizdə  avtobazada hamının smenşiki olur? 

-Yox, o baxır adamına...-Taksi Həmid dedi. 

-Yaxşı...Avtobazanın müdiri sənin on iki  uşaq atası olmağını niyə nəzərə almır? O müdür kimdi, haralıdı?

- Öz rayonumuzdandı... Onun da adı Həmiddi... Adaşıq... 

-Həmid, adaşın nə təhər  adamdı?- Mən soruşdum. 

-Belə baxanda pis adam deyil...Başqaları ilə müqayisədə insaflı adamdı...Siz oturun, mən indi gəlirəm,- taksi Həmid dedi  və getməyiynən  qayıtmağı bir oldu. Bax, o göy taksi   Bakıya  işləyir, üç adamı var... Siz də qabaqda oturacaqsınız, rahat gedərsiniz. 

Göy maşına  yaxınlaşanda taksi Həmid  əlindəki tor zənbili mənə tərəf uzadıb dedi: 

-Apar uşaqlara, üç-dörd dənə kənd çolpasıdı, arvad tez-tələsik pöşdədi, yoldu, tərtəmizdi. 

-Ay Həmid, nə xəcalət verirsən  axı?..

-Xəcalətdi  sənin istəmədiklərin olsun, - dedi Həmid və o saat rayon prokuroru yoldaşı Qulamovun ət taxtasına oxşayan, yox, ət taxtasının özü kimi olan sifəti gözümün qabağında dalğalandı. Elə bil ki, gözlərimə tüstü üfürdülər... 

Taksi Həmidlə iyirmi  ilin  dostu kimi qucaqlaşıb ayrıldıq, köhnə dostlar kimi bir-birimizə əl elədik...Təzə  tanışlar kimi yox... köhnə dostlar kimi.

Avtobazanın rəisi, iyirmi illik dostum, qardaşım Həmidin gözündən iraq... Gecə saat  on ikiyə beş-on  dəqiqə qalmış evə çatan kimi arvad dedi ki, Həmid bayaqdan  üç -dörd zəng eləyib, deyir, nigaranam.

Əlimdəki tor zənbili arvada verdim:

- Al... kənd çolpalarıdı...Həmid verdi,-doğrudan da Həmid vermişdi, intəhası, arvadın tanıdı Həmid yox, mənim təzə  tanıdığım-yəni yalan yox idi. 

-Nə yaxşı,  Həmid səni belə tez buraxdı, onnan çıxmayan iş?

 - Sabah işdə olmalıyam, çox dirəşdi, ancaq...

- Həmidgil  nə təhərdilər? 

Arvad   dördtərəfli hal-əhval tutdu, hamısını yazsam, gərək bir-iki vərəq də uzadam; mən də qısaltmağı sevən adam,  düz gəlməz. 

Telefon zəngi çaldı, rayon zəngi idi. Arvad telefona tərəf gedəndə dedim: 

-Bizimkilər olsa, hə... Həmid olsa, yorulub yatıb...

Arvadın iri gözləri bir az da almalandı, təəccübləndi. 

-Alo, Həmid qardaş, çox yorğun gəlmişdi, ayaq üstə yuxulayırdı...getdi yatmağa...Dedi, mən evdə yoxam... Oldu...oldu...oldu...hamıya salam  de...

Səhərisi günün axşamı yenə rayon zəngləri, yenə Həmid, yenə ,,mən evdə yoxam".Axırda məcbur olub arvada hər şeyi bitdə-bitdə danışdım.Arvad  da  çox narahat və diqqətlə qulaq asandan sonra  qətnamə çıxardı ki, Həmidin əməllərində heç bir antiinsanı tərkib olmadığına görə günahkar hesab edilməsin və onun haqqında ərinin qəlbində başlanan narazılıqlar işinə xitam verilsin.Bax, belə...

Arvadın sözü, söhbəti ancaq bu mövzudaydı, özü də bitib-tükənmək bilmirdi. Bu söhbət artıq ,,dığ-dığ" səviyyəsində idi; axırda bezdim:

- Mən ancaq bir şərtlə barışaram!-dedim, -başqa heç nə məni onunla əvvəlki ünsiyyətə qaytara bilməz,- Əlimi də yüngülvari  stola çırpdım ki, ağrımasın.

  - Yazıq deyir ki, düzdür, mənim də günahım var...ancaq nə desə, razıyam. Atamgil də mənə ağzına gələni dedilər, abrımi ətəyimə bükdülər ki, bu nə məsələdirsə, arqac  sənnən keçib, axı  o söz vermişdi ki, gecə gəlib bizdə qalacaq, doyunca söhbət edəcək. Nooldu bəs?

- Bircə şərtim var,- dedim. 

  -Buyurun, görək,- arvad  lap ,,Vagif" pyesindəki söhbətə bənzətdi. 

  - Avtobazanın rəisidi...Onun bir işçisi var,  onun da adı Həmiddi, taksi şoferidi... Düz.. nə az, nə çox, on iki uşağı var. Bir köhnə taksi verib ona, özü də yanına bir smenşik də verib,  bir gündən bir işləyir. Bax, həmin o Həmidə təzə bir taksi versin, özü də qəmişsiz - smenşik olmasın. Ondan sonra onnan barışaram.

-Eliyər, eliyər... o hər şeyə hazırdı,- arvad çox arxayın görünürdü. 

Mən əlavəmi də etdim:

- Özü də ona deynən ki, mən dediklərimi eləməyincə zəng -zad eləməsin. 

-Deyərəm, zəng eləməz, -arvadın arxayınlığı üstündəydi. 

İki ay yarım Həmidin zəngləri baş- beynimizi aparmadı. Mən fikirləşirdim ki, taksi Həmidin məsələsini müdir Həmid yəqin  çoxdan göndərib  tarixin  gözəgörünməz, qaranlıq arxivinə...

Axşam eyvanda arvadla çay içirdik;  yenə rayon zəngi. Bizdə telefon dəstəyini hər zaman arvad götürür:

 -Alo... bəli...bəli... oo, səni şad  xəbər olasan, qoy görüm, bir dəyqə,-arvad dəstəyi yerə qoyub eyvana gəldi:

- Həmiddi, deyir ki, bacı, sənin dediklərini etdim, qəttəzə ,,Volqa", özü də tək... İndi nə deyirsən, -arvad elə sevinirdi ki...

-Ona  deynən ki, deyir inanmıram , qoy şofer Həmid uşaqlarını da yığsın maşına gəlsin Bakıya , gözümnən görüm, onnan sonra hə...

-Eybi yoxdu,qardaş,-arvad dəstəyə üdüləyirdi,-buracan eləmisən, neynək, bunu da elə, görək bundan sonra nə sözü olacaq.

 Hiss elədim ki, arvadla dostum Həmid mənim təklifim barədə razılığa gəldilər, düzü, mən də bir az sakitləşdim...

 İki gündən sonra şofer Həmid uşaqların yarısını təzə iş yerinə- ,,Volqa"ya yığıb gəlmişdi bizə-yazığın uçmağa qanadı yox idi.

-Şirinlik verdin?-mən şofer Həmidin gözünə içinə zilləndim.

-Hə..apardım evinnə...atlı xalça idi...Üç metrin metir yarıma..hə...nə qədər elədim götürmədi.

-Nə dedi götürmədi?-soruşdum.

-Dedi apar sat...

Mən onun sözünü kəsdim:

-Dedi apar sat pulunu gətir ?-gözlərim böyüdü.

-Yoox...Dedi apar sat, uşaqlara əyin-baş al ...

Deyirlər ki, bütün müharibələrin axırı sülhnən qurtarır; mən də deyirəm ki, bütün küsənlər axırda barışıllar.Mənnən yazmaqdı...İnanan inansın,

inanmayan lap dünənnən inanmasın -heç vecimə də deyil...