Afiq Muxtaroğlu : - Xəbərin oldumu bilmirəm sənin?

Ədəbiyyat 21:32 / 21.11.2024 Baxış sayı: 176

***

Xəbərin oldumu bilmirəm sənin? –

Çölümdə bahardı, içimdə qışdı;

Köksümün altına elə sığındın,

Elə bil ox dəymiş yaralı quşdun.

 

Nə olsun hazırca durmuşdun, könül,

Göylərdə süzməyə, qanadlanmağa.

Bilmədin nə vaxtdan başladı çox şey,

Qada adlanmağa, qan adlanmağa.

 

Keçibsən əbədi qışın cənginə, –

Görəsən kim baxıb soyuq baxışla.

Mənmi urcah etdim de, səni qışa?

Eh, kimə deyim ki, məni bağışla.

 

...Baxır soyuq-soyuq payız günəşi,

Könlümün buzunu əritsin görək.

Köksümün altında çidarlı qalıb,

Bacarır qaldırıb yeritsin görək...