Ələddin Əzimli - OLMAYIR

Ədəbiyyat 12:55 / 08.01.2026 Baxış sayı: 1074

 

"Sözlərdəki sən"dən

***

Bir gör haçankı gecədir,

Səhəri açmaq olmayır.

Dərd ki səni ram elədi,

Əlindən qaçmaq olmayır.

***

Bu nə təlaş, nə oyundu,

Bəlkə də axırdı, sondu.

Kim özünə arxayındı,

Yanından keçmək olmayır.

***

Gəl tab elə bu əzaba,

Dolaş el-el, oba-oba.

Bir də gördün söndü soban,

Evə nur saçmaq olmayır.

***

Əldən vermə dayağını,

Yerə bərk bas ayağını.

Göylər açıb qucağını,

Heyf ki uçmaq olmayır...