VAQİF OSMANLI - ADIN ŞƏRƏFLİDİR, SƏNİN EY QADIN
İkinci Qarabağ müharibəsi gözlənilməz və özünəməxsus hadisələrlə yaddaşımızda qalacaq. Bu müqəddəs savaş Azərbaycan oğullarının və qızlarının cəngavərliyi, vətənsevərliyi, mətinliyi, qüruru, əzmi, düşmənə nifrətinin böyüklüyü ilə yanaşı, Azərbaycan qadınının – analarımızın, bacılaımızın məğrurluğu, dərd, kədər qarşısında yenilməzliyi ilə tarixə düşdü.
Ağsaqqalların, ağbirçəklərin dediyinə görə, zərif qadınlarımız heç vaxt vəfat etmiş, şəhid olmuş əzizinin, doğmasının nəşini çiyinlərində son mənzilə aparmayıb. Vətən müharibəsi bu stereotipi də qırdı. İlk dəfə bu müharibədə ana, həyat yoldaşı şəhid oğlunun, ərinin cənazəsinin altına kişilərlə bərabər zərif çiyinlərini verib, onu son evinə yola salmasını gördük və inandıq ki, bu Vətən daha heç vaxt basılmayacaq. Azərbaycan kişisini, qadınını, qocasını, gəncini, uşağını Vətən savaşı birləşdirdi.
NARGÜL XANIM
Naxçivan Muxtar Respublikasının Şərur rayonunun Ələkli kəndində yaşayan Nargül xanım ikinci Qarabağ müharibəsində iki şəhidi torpağa tapşırıb. Qardaşı və həyat yoldaşı Vətən üçün canlarını fəda ediblər.
Nargül xanımın qardaşı Elton Qəmbərli 2020-ci il oktyabrın 24-də Şərur şəhərinin Şəhidlər Xiyabanında, həyat yoldaşı Adil İbrahimli noyabrın 20-də Bakıda dəfn edilmişdir.
25 illik ömründə sevdası daşa yazılan Nargül xanımın dediklərindən: “Həyatımda ən ağır an o idi ki, Eltonun qəbrinə ilk torpağı özüm atdım. Sonra elə bir hadisə oldu ki, Adilimi gedib özüm gətirdim, çiynimdə də apardım. Fikirləşdim ki, bu dünyada cismimiz bir-birinə sadəcə o an yaxın olacaq – onun başı mənim çiynimdə. Onu da elə apardım. 4-5 gündən sonra müqayisə edirəm ki, qardaşımın üstünə ilk torpağı atan vaxt çətin idi, yoxsa Adili çiynimdə aparmağım?”
Sosial şəbəkələrdə Nargül xanımın şəhid ərinin son mənzilə yola salınması zamanı çəkilən fotoşəkil yayımlanmışdı. Nargül xanım hərbi geyimdə ərinin tabutunu çiynində aparır. Məğrur görkəmli xanım hamını öz möhkəmliyi və duruşu ilə kövrəltdi. “Biz sağ qalanların borcu Nargül xanım kimi ana və bacılarımızın başının həmişə məğrur durmasına şərait yaratmaqdır” – yazır “Modern.az.
SƏKİNƏ XANIM
“Cavid kimi oğullarımızla fəxr edirəm. Onlar hamısı mənim balamdır. Cavidin tabutu gələndə dedim ki, mənim çiynimə qoyun, son mənzilə də çiynimdə aparım” – deyir Yardımlı rayonunun Əsədabad kənd sakini Səkinə Sahratova.
Çox təsirli tablodur: Vətən boyda qeyrət yatan şəhid oğulun tabutunu öz çiyinlərində haqq dünyasına aparan ana. Şəhid oğulun son evində xain düşmən yoxdur, ölümsüzlük var. Budur, ana təsəllisi. Vətənin dar günündə analar dik dayanar, düşmənin və ölümün üzünə dik baxar ki, qaniçən düşmən sevinməsin. Analar bətnində böyütdüyü oğulları “Vətən sağ olsun!” – deyərək Vətənə qurban verər, çiynində son evinə göndərər, düşmənə göz dağı verər ki, bizim belə oğullarımız və analarımız var.
39 yaşlı Cavid uşaqlıqdan hərbçi olmaq istəyib. Vətən müharibəsi başlayan kimi ön cəbhəyə yollanıb. Səkinə anaya üç yadigar – üç nəvə bəxş edib. Ana oğlunun yadigarlarını Vətənə sədaqətli övladlar kimi böyütməyə and içib. Ana andı müqəddəsdir.
Səkinə ana qürurla deyir ki, Cavid kimi Vətənə qurban gedən oğullar olməzdirlər, onlar şəhiddirlər. Məğrur anaların oğlunu çiynində ölümsüzlüyə aparması şəhidə hörmətdi, ana şəhidini ucaltdı. Başın ucadı, ana!
FİRUZƏ XANIM
Vətən müharibəsi başlayan kimi könüllü olaraq ön cəbhəyə gedən Royala atası ciddi tapşırıq verdi: “Əsir olma, şəhid ol! Erməni kimi düşmənin əlində əsir olmaq pis şeydi”. Royal döyüşə Murovda başladı. Cəbrayıl, Zəngilan, Füzulinin mənfur düşməndən təmizlənməsində iştirak etdi. Qubadlıya qələbə bayrağını Royal qaldırdı. Sonra da şəhid oldu. Düşmənə arxa çevirib qaçmadı. Atasının tapşırığını yerinə yetirdi.
Hər kəs Royalı tanıdı. Onun kim olduğunu bilmədən bütün Azərbaycan sevdi, belə oğulla qürur duydu. Ərini son mənzilə aparan gənc və vəfalı ana Firuzə xanımın dəyanətinə hamı heyran qaldı. Gənc Firuzə xanımı da adını bilməsə də hamı tanıdı. Hərbi geyimdə şəhid ərini çiyinlərinə alan Azərbaycan qadını sədaqətin canlı heykəlinə çevrildi. Dedikləri namus, ismət mücəssəməsi Azərbaycan qadınının mənəvi aləmindən xəbər verir: “Onu çiynimdə aparmaq Royala son borcum idi. Hansisa zəif qadın onu bacara bilməzdi. Hamı bilsin ki, necə oğullar var. O oğullar qarşısında necə güclü qadınlar var”.
Sosial şəbəkə dostumuz Mehman Əliyev yazır: “Bu qadının çiynində dağlar qədər yük var – iki körpə balası var. Amma qəhrəmandır. Tabutun ağırlığı çiyinlərinin daşıya biləcəyi qədər deyil, ruhun dözə biləcəyi qədərdir”
“Sevən qadının fədakarlığı ölçüyə gəlməz” (A.Dode). Bu fikri Füruzə xanım bir daha təsdiqlədi...
Çiynində şəhid ərini, oğlunu, qardaşını dəfn eləməyə aparan həyat yoldaşı, ana, bacı kimdir? Soruşmayın. O, Vətənimizin hər elindən, obasındandır, anamız, bacımızdır. Ana Vətən darda olanda analar da döyüşçüdür, qəhrəmandır. O, Azərbaycan qadınının məğrur heykəlidir. Ey qələm sahibləri, fırça ustaları, xalçaçılar, belə böyük hünəri yaşatmaq sizin işinizdir.
Vətən Anadır, Ana da Vətən!