Adayaz Arabaçı - Vağzalda...

YAZARLAR 09:00 / 09.03.2026 Baxış sayı: 123

Oturmuşam vağzalda.. Qatar gözləyirmiş kimi.

Bu da alışqanlıq bir növ..

Ta tələbəlik illərindən bu günə davam edən.

Bəzən uzaqlara çıxıb getmək xəyalımı burda bu vağzalda ovundururam..

O qədər boş vaxtım var ki.. Vağzal seyrəklikdir.

Hərdənbir kimsə salam verib ötür..

İçəri isti və rahatdır. Tələbə vaxtı buralada çoxlu kafelər fəaliyyətdəydi. Bir pors sosiska, bir də yüz qram araqla xoşbəxt olan günlərimiz vardı..

O günlər unudulmaz..

Və unudulmayacaq o qədər şeylər var ki!

Day qabaqkı kimi dünyanın hər yerinə qatarlar da işləmir.

Çöldə iki sərxoş mübahisə edir. Qapının ağzında əyləşdiyimdən qapı açılıb - bağlandıqca səslərini eşidirəm.

Biri elə hey deyir..

Allah haqqı mən deməmişəm..O biri də deyir mən Allaha inanmıram..

Polis nəfəri hər ikisini ərazidən uzaqlaşdırır..

Yadıma sovet illərində yaranmış bir lətifə düşür:

-Ateizmi təbliğ edən bir dəstə yazıçı-alim uzaq rayonların birində adəti üzrə əhali ilə "maarifləndirici" söhbət aparır, Allahı inkar edən məruzələr oxuyurlar. Sonda qoca bir kənd adamı əlini qaldırıb sual vermək istədiyini bildirir..

Deyirlər ki, ağsaqqal buyur, sualını ver..

Kişi boğazını arıtlayıb deyir:

-Əgər Allah yoxdusa, onda mənə bu qədər bəlanı Kim verir?

Vağzaldayam.. İçim qəribə hisslərlə dolu..

Tanrıya söhbətləşmək keçir fikrimdən..

Bütün varlığımla inandığım Tanrıyla. Tanrı həmişə həyatımın iliyinə hopmuş bir həqiqət kimi yaşayıb məndə. Mən ümidlərimin ən safını, qorxularımın ən dərinini, sükutlarımın ən ağırını Ona pıçıldamışam.. O qədər haqsızlıqlara uğramışam, O qədər itkilər, ağrılar yaşamışam ki.

Elə məqamlarda mən bütün o haqsızlıqları,itkiləri,ağrıları bir yerə yığmışam və demişəm: Bunu O həll edəcək,çünki inanmışam ki, haradasa daha böyük, daha təmiz bir ölçü var və o ölçünün sahibi O-dur. .

Bu inam mənim həyatımda bir dayağa çevrilib, ən ümidsiz anlarımda belə, içimdə bir səs deyib ki, heç nə boşuna deyil.Hər şey bir gün öz mənasını, cavabını bulacaq..

Oturmuşam vağzalda..

Və həm də qorxulu ,dumanlı bir sual beynini döyəcləyir: - Bəs əgər...

Bəs əgər bütün bunların arxasında heç kim yoxdursa?

İllərlə can atdığın o ünvan əslində mövcud deyilsə?

Qızın səsi məni xəyaldan ayırır:

-Akstafaya gedən qatar 4-cü platformadan yola düşür..