Əşrəf Veysəlli - SƏSLƏYİR MƏNİ

Ədəbiyyat 09:55 / 09.03.2026 Baxış sayı: 196

 

Ömrümün ağacında qocalıq meyvələri

Budaqları üstümə əyir,- səsləyir məni.

Dəydikcə şirinləşir, yetişdikcə ballaşir,

Günlərimi meyvə tək yeyir- səsləyir məni.

 

Ah!- Bu necə yanğıdır, görən yoxdu tüstümü,

Ölsəm bu qaranlıqda kim örtəcək üstümü?

Heykəltəraş taleyim dərddən yapıb büstümü,

Üstümə şər gəlsə də xeyir səsləyir məni.

 

Hardasınız, a dostlar, gözüm sizə tamarzı,

Əl axtaran əllərim əlinizə tamarzı.

Qələm kağıza həsrət, kağız sözə tamarzı,

Bir nazəndə gözəl qız-şeir səsləyir məni.

 

 

Dünya köhnə dünyadır, dərdləri təzə- təzə,

Bir də haçan yuyunar, haçan çıxar təmizə?!..

Bir göyərçin balası qonub pəncərəmizə,

Dimdiyiylə şüşəni döyür,- səsləyir məni.

2020- ci il.