Kəmaləddin Qədim - QIZ, DİLİN NƏ GÖZƏLDİ...
Ədəbiyyat
21:23 / 08.03.2026
Baxış sayı: 397
Dindirdim öz dilində,
öz dilin nə gözəldi...
Şəkər dadır, bal dadır,
qız, dilin nə gözəldi...
Yandır, yanım əlində,
Heç qalmasın külüm də.
Kərəmlik od dilində,
köz dilində gözəldi...
Səsi çıxmaz tək əlin,
Söz də söznən dikəlir.
Dilində cana gəlir,
söz dilində gözəldi...
Tutmasa çevrəm sözü,
gərək çevirəm sözü.
Vallah, sevirəm sözü
göz dilində gözəldi...
Qal, dəyişmə dilində,
dadın işvə dilində.
Qadın işvə dilində,
naz dilində gözəldi...