Şahverən Cavad - Bir tənha adayam , dörd yanım adam
Bir tənha adayam , dörd yanım adam
Bir tənha adayam , dörd yanım adam ,
Nimdaş fikirlərlə yüklənib çoxu .
Ətrafıma körpü sala bilmirəm ,
Hər kəs öz dərdinə yoluxub , axı .
Hələ ünvansızdır bu Yer kürəsi ,
Allaha çatmayan dualarım tək .
Havayı çəkirəm fikir yükümü ,
Daşımaq haqqımı kim ödəyəcək ?
Ölən ümidlər tək solur yarpaqlar ,
Belə yaşamaqdan ağac da bezdi .
Bu dünya Tanrının dəyirmanıymış ,
Heç daş da dözməzdi ,
adamdı - dözdü .
Daralıb zamanın hesab dəhnəsi ,
Sular bulanıqdır , daha lil axır .
Boşalıb kasıbın çörək təknəsi ,
Mis qazan tək dövrün paxırı çıxır .
Ömür də qüruba gedən Günəş tək ,
Asılıb əcəlin dar ağacından .
Ümid , səs çatmayan dərə kimidir ,
Sonuncu ümid də ölür acından .
08 . 03 .2026