Əşrəf  Veysəlli -  BU HƏYAT BİR NAĞILDI

Ədəbiyyat 14:25 / 08.03.2026 Baxış sayı: 444

 

Bəstə təzə, söz yeni

sənin gəldiyin yerdə.

Niyə qoymursan məni

öləm öldüyüm yerdə.

 

Ömrüm sətir- sətirdi,

oxunmamış bitirdim.

Məni salıb itirdin

səni bulduğum yerdə.

 

Sünbüllərə dən düşər,

çiçəklərə çən düşər.

Üstümə kölgən düşər

gün tutulduğu yerdə.

Mən- büllur qab, sən- sular

könlüm səni arzular.

Daş atıb sındırdılar

sənlə dolduğum yerdə.

Axırda, lap axırda

Kimsə məni çağırdı…

Bu həyat bir nağıldı,

başla qaldığım yerdən.

2019- cu il.