Aynurə Fərhad qızı -   Qayıt,əmi!

YAZARLAR 09:31 / 09.03.2026 Baxış sayı: 355

9 Mart- "Azərbaycan bayrağı" ordenli qardaşım Surxay Tapdıq oğlu Məhərrəmovun şəhid olduğu gündür.

Ömrünün 34-cü baharını yaşamağa gecikən qardaşım...

Hər beşinci günlər axşam işdən çıxandan sonra ,qatarla rayona gedir,bir gecə kənddə postda dayanır,bazar günü axşam geri qayıdır,yenidən işə gedirdi.

Füzuli rayonunun doğma Yuxarı Divanalılar kəndi işğal olunub,qız-gəlinlər,uşaqlar əsir götürülən gün, 1991-ci ilin dekabr ayının 7-də onlarla "İkarus" avtobusla haya gələn yüzlərlə rayon camaatının qarşısındakı çıxışı qulağımda səslənir:

" Vətən dardadır, hamı döyüşə".

Başqa bir toplantıda :

"Musa Yaqub demişdir:" Bu dünyanın qara daşı göyərməz" .Amma Koroğlunun ,Babəkin,Xətayinin qılıncları göyərməlidir.Hamı Vətəni qorumalıdır"- deyirdi qardaşım Surxay.

Ali təhsilli mühəndis- mexanik olan Surxay Sumqayıt kompressorlar zavodunda işləyirdi.

1992-ci ilin martında ərizə yazıb ,könüllü surətdə Vətənimizin müdafiəsinə getdi.

Kəşfiyyat tağımının komandiri idi...

8 fevral 1993-cü il tarixdə bizim evdə bir gecəlik qonaq oldu,sonuncu dəfə.Səhərə qədər yatmayıb,qızlarımla ,həyat yoldaşımla söhbətləşdi.

Ordudakı hərc- mərclikdən yana-yana danışdı.Bütün şahidi olduqlarını gündəliyində qeyd etdiyindən söhbət açdı.

Getdi...hamıynan sağollaşdı ,getdi...

Zavoda gedib iş yoldaşlarının hər biri ilə görüşdü.Bu vida görüşü idi...

Düz bir ay sonra qardaşım Surxay şəhid oldu.

Gündəliyi yoxa çıxdı,tapılmadı...

Döyüş yoldaşları Gülbar, Mais( Qəmlo),Əli ( Ujas) söz verdilər ki,Surxayın gündəliyini tapacaqlar...

Amma onlar da şəhadətə qovuşdular...

Dumanlı-çisginli gündə dünyaya göz açan Surxay elə belə bir gündə də torpağa qovuşdu.

"Gəldi payız,yaşıl bağa gecikdim,

Bu baharı yaşamağa gecikdim"-cib dəftərçəsindəki şeirdən.

Başqa bir şeirdə isə:

"Düşmən ölməz,Vətən üçün ölməsən,

Mən gedirəm ,ana məni ağlama" -yazırdı Surxay.

(Surxay özü şeir yazsa da, bu şeirləri onun yazıb -yazmadığını dəqiq deyə bilmərəm.Sadəcə dəftərçəsindən götürmüşəm)

Ölümündən iki il sonra Azərbaycan Pespublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə "Azərbaycan bayrağı " ordeni ilə təltif olunan qardaşım Surxay Tapdıq oğlu Məhərrəmov kənd qəbiristanlığında uyuyur.

Mən Surxay haqqında yazıma burda nöqtə qoyaraq ,qızım Aynurənin tələbə ikən əmisi haqqında yazdığını paylaşmaq istəyirəm.

Fərhad Tapdıqoğlu

 

                                                                              Qayıt,əmi!

Dağlıq Qarabağın və sərhəd rayonlarının erməni quldurlarından təmizlənməsi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub şəhid olan Vətən oğullarından biri dəmənim əmim Surxay Məhərrəmovdur.

1959-cu il,sentyabr ayının 6-da Füzuli rayonunun Yuxarı Divanslılar kəndində dünyaya göz açmışdı.Əmimin ömür yolu qısa olsa da mənalı və ibrətli idi.Orta təhsilini Qacar kənd orta məktəbində almışdı.

1976-cı ildə Sumqayıt şəhərindəki 91 saylı peşə məktəbində oxuyub,çilingər peşəsinə yiyələnib.

1977-ci ildə təyinatla Sumqayıt kompressorlar zavoduna işə düzəlib.Əvvəl elektrik mühərrikləri,sonra isə alət sexində işləyib.

1982-ci ildə Sovet Ordusu sıralarına çağrılıb .

İki il Tatarıstanda hərbi xidmətdə olduqdan sonra yenidən Sumqayıta qayıdıb.İstehsalatdan ayrılmadan ,1988-ci ildə Azərbaycan Neft və Kimya İnsititutunun Sumqayıt filialını bitirərək, mühəndis- mexanik ixtisasına yiyələnib.

Əmim kompressorlar zavodunda 16 il idi ki,çalışırdı.İş yoldaşları arasında böyük hörmət qazanmışdı.1992-ci ilin mart ayının 15-də könüllü olaraq öz ata-baba yurdunu müdafiə etmək üçün cəbhəyə yollandı.

Füzuli rayonunun ərazi özünümüdafiə batalyonunun tərkibində Vətən naminə,xalqımızın gələcəyi naminə ən ağır göyüşlərin iştirakçısı oldu.

Düz bir il tağım komandiri kimi 28 nəfər döyüşçü ilə yağı düşmənlə ölüm -dirim müharibəsində mərdliklə iştirak etdi,hünər göstərdi.Hər dəfə də düşmənin arzusunu gözündə qoydu.

Füzuli rayonunun Veysəlli,Divanalılar,Xocavənd rayonunun Sos,Çartaz kəndləri uğrunda gedən döyüşlərdə əsil qəhrəmanlıq nümunələri göstərdi.Müxtəlif vaxtlarda keçirilən on dörd operativ döyüşlər zamanı düşmənin xeyli hərbi sursatını ,döyüş texnikasını qənimət kimi ələ keçirmiş,onlarla canlı qüvvəsini məhv etmişdi.

Bununla belə əmim bizləri də unutmurdu.Bir aydan,iki aydan bir gələr, bizə baş çəkib gedərdi.Hər dəfə gələndə şəkillərini gətirərdi və bizə cəbhə xatirələrindən danışardı.

Əmim axırıncı dəfə 1993-cü ilin fevral ayında gəldi .Bu gəlişi o biri gəlişlərə oxşamırdı.İşlədiyi kompressorlar zavodundakı iş yoldaşları ilə,Sumqayıtdakı, Bakıdakı dostları ilə görüşdü.

Hamımızla görüşsə də,atamla görüşə bilmədi.

Dedi ki,"onsuz da martın 8-9 -da qayıdıb gələcəm.Sonra bir daha getməyəcəm"

Əmim mənə avtomatla olan şəklini böyütməyi tapşırdı.Bu əmimin son sözü,son xahişi oldu.

Mart ayının 9-u əmimin özü yox,qara xəbəri gəldi.

O elə bil bilirmiş ki, axırıncı dəfə gedir.

Gedir və bir daha...

Əmimizdən bizə qalan şəkilləri və bizdən hələlik çox-çox uzaqlarda olan və axırıncı dəfə görüşə bilmədiyi ,yeganə övladı,yeddi yaşlı yadigarı ,qızı Şəbnəm oldu.

Əmim özü də şeir yazır, başqa şairlərin xoşuna gələn şeirlərini də cib dəftərçəsinə köçürürdü. Şeirlərin birindən bir bənd:

"Çinar ömrüm budaq-budaq budandı,

Günüm oldu,günümü o ,bu dandı.

Bu dəryadı- leysanları udandı

Gəldi payız,yaşıl bağa gecikdim,

Bu baharı yaşamağa gecikdim"

Əmim ömrünün 34-cü baharını yaşamağa gecikdi...Axı əmim bunu hardan,necə bilirdi?!

Mən əmimin ölümünə inanmıram.Axı ,o bizə söz vermişdi ki ,qayıdacaq.

İnanıram ki,sinəsində "Azərbaycan bayrağı " ordeni ( 1995-ci il yanvar ayının 15-də,ölümündən sonra təltif olunub) parlayan mənim qəhrəman əmim qələbə müjdəsi ilə geri dönəcək.

Yolunu səbirsizliklə gözləyirik ,əmi!

Qayıt,əmi!...

 

Mart ayı 1995-ci il.

P.S.Bu yazı Mahmud Qacarın "Kəsilməyən səslər " kitabında dərc olunmuşdur.