Kəmaləddin Qədim - GÜLÜM, DUR YOLA SAL, ÖTÜR GECƏNİ...

Ədəbiyyat 09:08 / 09.03.2026 Baxış sayı: 137

 

Baxma ki, mənim ən zülmət yerimdin,

Gəl, yenə özünlə gətir gecəni.

Ən şirin söz yerim, söhbət yerimdin,

Sevmişdim tək sənə xətir gecəni...

 

Yaman öyrətmişdin özünə belə,

Salmışdın çölünə, düzünə belə.

O nurlu, işıqlı üzünə belə

çətir eyləsən də, çətir, gecəni...

 

Bilərdim ən gözəl yer desəydilər

ayağın altına gor desəydilər.

Verərdim gözümü ver, desəydilər

götür əvəzinə, götür gecəni...

 

Nədən sevirdim ki, mən axı, nədən

Sənli suçu nədən, günahı nədən?

Hələ də bilmirəm Allahım nədən

gündüzün üstünə örtür gecəni?..

 

Gör necə qalmışam, necə, yol üstdə,

Gələsi nə var ki, vecə yol üstdə?

Səhərə az qalıb...gecə yol üstdə...

Gülüm, dur, yola sal, ötür gecəni...