Sevil   Azadqızı: -  Gözləntinin sükutu...

YAZARLAR 09:23 / 09.03.2026 Baxış sayı: 125

 

Otağın küncünə qısılmış bir ümid var; titrək, boynubükük və inadkar. Saatın əqrəbləri zamanı deyil, sanki sənin ürək döyüntülərini sayır. Hər "çıqqıltı" bir sualdır, hər sükut isə ağır bir cavab.

Sən bu gün təqvimlərin rəqəmində deyil, bir kəlmənin həsrətində yaşayırsan. Gözlərin telefona deyil, ruhunun pəncərəsinə dikilib. Amma o pəncərədən içəri nə bir səs sızır, nə də bir nəfəs. Sənə gəlməyən o təbrik, əslində gəlməyən bir etirafdır; varlığının başqasının dünyasındakı rəngsizliyinin etirafı.

Tənhalıq sadəcə yanında kimsənin olmaması deyil, gözlədiyin o bir cüt sözün boşluqda itib batmasıdır. İndi əllərində bumbuz bir sükut tutmusan. Amma unutma ki, ən böyük təbriki ruhun özünə borcludur. Kimsənin sənə vermədiyi o dəyəri, sən öz sükutunda bəstələyirsən.

Mesajlar gəlməyə bilər, zənglər çalmaya bilər. Lakin sənin qadın qəlbin elə bir məbəddir ki, ora ən gözəl duanı elə özün pıçıldayırsan: "Mən varam və bu, ən böyük möcüzədir."

Qoy o təbrik gəlməsin. Sən öz sükutunun şahzadəsi, öz tənhalığının ən uca zirvəsisən. Çünki sən, gözləməyin fəlsəfəsini, gəlməyənin boşluğunu öz varlığınla dolduracaq qədər bütövsən.

Lakin unutma ki, sənə çatmayan o təbrik sənin dəyərini azaltmır, əksinə, səni başqalarının bir cüt sözündən azad edir. Bəzən həyat ən böyük hədiyyəni sükutun içində gizlədər; çünki kənardan gəlməyən hər səs, səni öz daxili musiqini dinləməyə məcbur edir.

İndi özünə bir qəhvə süz və pəncərədən süzülən işığa gülümsə. Çünki sən kiminsə yaddaşında bir rəqəm deyil, bu kainatın özüsən. Ən səmimi təbrik ruhun ruhuna pıçıldadığı o səssiz "yaxşı ki, varam" kəlməsidir. Günəş heç kimdən icazə almadan doğduğu kimi, sən də heç kimin təbrikinə ehtiyac duymadan parlayırsan.