Ramiz  Qusarçaylı - A bənövşəm mənim

Ədəbiyyat 20:52 / 08.03.2026 Baxış sayı: 365

 

O nə boylanışdı, dolmusan yenə,

A bənövşəm mənim, süsənim mənim.

Özü bu dünyanı sevdirib mənə

Özü bu dünyadan küsənim mənim.

 

Gör bulaq dərəyə nə dil açdırıb,

Tənha daşlara da könül açdırıb,

Həsrəti gözümdə gül-gül açdırıb

Qönçə dodağını büzənim mənim.

 

Gecələr rənd alır qara telindən,

Qara mənsizliyi dara telindən.

Düşüb ürəyimə yara telindən

Tel-tel ürəyimi üzənim mənim.

 

Dərdə də tək dözür canım, can keçib,

Qüruba enirsən danımdan keçib,

Üz-üzə gələndə yanımdan keçib,

Məni yuxularda gəzənim mənim.

 

Eh…bu da bir eşqin ayrı dağları,

Üşüyür kölgəsi aylı çağların.

Düzüb zülüm-zülüm ayrılıqları

Üstündə meh kimi əsənim mənim,

A bənövşəm mənim, süsənim mənim…