Məmməd Qədir - Heyran sənə
Hüsnünə, off, necə heyran olmayım,
Çıçək heyran sənə, gül heyran sənə!
Ruha süzülürsən Ay nuru kimi,
Könül pəncərəmdə tül heyran sənə!
Sənsiz cismim otdu, güllərim həşəm,
Eşqin qədəminə bəzənib köşəm,
Aşiqi qınama, nazlı bənövşəm,
Çəmən heyran sənə, kol heyran sənə!
Cazibən tilsimdi, cadudu, sirdi,
Ayağın dəyən yer ocaqdı, pirdi,
Ürəyim dərdindən ləpir-ləpirdi,
Cığır heyran sənə, yol heyran sənə!
Nə gözəl əriyir könlümün şamı,
Sevginlə dolubdur ruhumun camı,
Ah necə şirindi sevginin tamı,
Şəkər heyran sənə, bal heyran sənə!
Günəşin yandırır, yaş tökür didəm,
Ah, necə mələyi sevməsin Adəm,
Qapında nökər et, sevgi şahzadəm,
Məmməd Qədir boyda qul heyran sənə!