Nüsrət Kəsəmənlinin 80 illik yubileyi keçirildi
"Qazax" Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində şair Nüsrət Kəsəmənlinin 80 illik yubileyi keçirildi. Tədbirdə ziyalılar, şairin dostları, sənət adamları, media nümayəndələri iştirak edirdilər.
Çıxış edən natiqlər Nüsrət Kəsəmənli poeziyasında Vətən, yurd sevgisinin yer aldığına baxmayaraq, onu daha çox məhəbbət şeirləri ilə yaddaşlarda yer aldığını vurğuladılar. Nüsrət Kəsəmənli hər yerdə gözəllik tapırdı. Bu da onun qəlbinin böyüklüyü idi. Qazaxda böyüyüb, Bakıda yaşayıb, Təbrizdə vəfat edən şairin ölümündə də böyük Vətən sevgisi, o taylı-bu taylı Azərbaycan sevgisi özünü aydın göstərir.
Nüsrət Kəsəmənli həm də gənc şairlərə hər zaman diqqət və qayğı göstərib. Onların istedadını yüksək qiymətləndirib.
Tədbiri giriş sözü ilə yazıçı-publisist Ramiz Göyüşov açaraq, Nüsrət Kəsəmənlinin yaradıcılığı haqqında ətraflı məlumat verdi.
Ramiz Göyüşov ilk olaraq sözü "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədova verdi.
İlham Pirməmmədov Nüsrət Kəsəmənli haqqında danışarkən onun yaradıcılığında Azərbaycan sevgisini tədbir iştirakçılarının diqqətinə çatdırdı: "Nüsrət Kəsəmənli hər kəs tərəfindən sevilirdi. Onun cəsarəti var idi. Nüsrət Kəsəmənli poeziyaya sevgi ilə bərabər cəsarət də gətirmişdi. O taylı-bu taylı Azərbaycanın həsrətini, başına gətirilən oyunları Nüsrət Kəsəmənli öz şeirlərində cəsarətlə ifadə edirdi. O, Azərbaycan poeziyasının yaddaşında təkcə məhəbbət şairi kimi yox, həm də cəsarətli şair olaraq özünə yer alıb. Düşünürəm ki, onun Təbrizdə vəfatı da cəsarət idi. Ölümə Təbrizdə can verməyi ilə cismən bizdən uzaqlaşsa da, ruhən o taylı-bu taylı Azərbaycanı birləşdirdi. Allah rəhmət eləsin".
Xalq şairi Sabir Rüstəmxanlı tədbir iştirakçılarını salamlayaraq, Nüsrət Kəsəmənli ilə əvəzolunmaz dostluq münasibətlərindən söhbət açdı: "Hörmətli tədbir iştirakçıları, hər biriniz salamlayıram. Bir neçə müddət öncə Ağstafa rayonunda Nüsrətin 80 illik yubileyi keçirildi və biz dostları da həmin tədbirdə iştirak etdik. Biz Nüsrətlə eyni dövrdə ədəbiyyata gəldik: Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli və mən. Bizim dostluğumuz əfsanə idi. Nüsrət həm istedadlı idi, həm də sədaqətli idi. Biz bir-birimizin uğurlarına sevinirdik. Biz qardaş olduq Nüsrətlə. Nüsrət sözü ilə yaşayır, sevilir. Məhəbbət şairi kimi böyük şöhrət qazanıb. Milli Azadlıq hərəkatında, Meydan hərəkatında öndə gedən şairlərdən biri də Nüsrət idi.
Onun həm özünün, həm də sözünün kəsəri vardı. Allah rəhmət eləsin".
Şair Əbülfət Mədətoğlu, filologiya elmləri doktoru Vaqif Yusifli, bəstəkar Cabbar Musayev, şair-tərcüməçi Giya Paçxataşvili Nüsrət Kəsəmənli ilə tanışlıqlarının tarixindən söz açdılar. Onun böyük ürəyə sahib, təkrarolunmaz şair kimi Azərbaycan poeziyasında yerinin olmasını xüsusi olaraq vurğuladılar.
Şəhid leytenant Teymur Abbaslının anası Başxanım Abbaslı Nüsrət Kəsəmənli ilə məktəb illərinin xatirələrini, onun ağrılı-acılı uşaqlıq həyatını və Təbriz sevgisini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Çıxış edən digər natiqlər də Nüsrət Kəsəmənlinin təkcə məhəbbət şairi kimi yox, həm də vətənpərvər şair kimi sevilməsini vurğuladılar.
Gənc şairlər Mənsur Həsənzadə, Nuranə Təbriz, məktəbli Mehriban Quliyeva Nüsrət Kəsəmənlinin şeirlərini səsləndirdilər.
Aşıq Avdı, Aşıq Şaiq, Aşıq İsmayıl və Aşıq Şahin Nüsrət Kəsəmənlinin şeirlərini sazda ifa etdilər.
Sonda şairin oğlu Rəşad Kəsəmənli "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri İlham Pirməmmədova, tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirdi. Nüsrət Kəsəmənli yaradıcılığına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
"Qazax" Xeyriyyə İctimai Birliyinin mətbuat xidməti