Əbülfət Mədətoğlu : - Buz baxışın ŞEİRİ
Buzu qan dondurur baxışlarının,
Artırır iflicin hərəkətimin...
Gücü, həsrət adlı yağışlarının -
Dadını qaçırır bərəkətimin!..
Qəddi düyünlüdü sənsiz günlərin,
Ovmaqla , heç cürə çözülən deyil!..
Sərçə dimdiyində dənsiz dinlərin -
Verdiyi fətvalar dözülən deyil!..
Hər zaman kəsiyi ömür itgisi -
Axtarış istəyi - ilğımı tutmaq...
Yaman artımlıdı qəmin bitgisi -
Nə çiynəmək olur, nə də ki, udmaq!..
Çəkisin bilmədən yorğunluğumun,
Edirəm qatqılı yük, ürəyimə!
Buzun əritməkçün soyuqluğunun -
Sən onun parasın bük, ürəyimə!..