Tahir Rzayev, komitə sədri : - " Ölkə rəhbərimizin qətiyyəti, siyasi iradəsi, öz xalqına və hər bir vətəndaşa sonsuz məhəbbətinin ifadəsidir."
"Dekabrın 25-də AZAL-a məxsus olan və Bakı-Qroznı reysini həyata keçirən təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi etməsi və nəticədə 38 nəfər insanın həlak olması nəinki Azərbaycan ictimaiyyətinin, eləcə də dünyanın digər sülhsevər insanlarının dərin kədərinə səbəb olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev Sankt-Peterburqa etdiyi səfəri zamanı bu acı xəbəri eşitmiş, ölkəyə qayıtmış və təcili iclas çağırılaraq, dövlət komitəsi yaradılmışdır. Hadisənin baş vermə səbəblərinin hərtərəfli araşdırılması üçün lazımi tədbirlər görülmüşdür”. Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.
Millət vəkili vurğulayıb ki, artıq qəzanın baş verməsinin müəyyən səbəbləri aydındır və beynəlxalq tədqiqatçıların iştirakı ilə digər araşdırmalar da aparılır və qaranlıq qalan məqamlara mütləq aydınlıq gətiriləcəkdir.
“Cənab İlham Əliyev AzTV-yə verdiyi müsahibəsində bu barədə geniş söz açmış və ilk növbədə pilotlarımızın və ekipaj üzvlərinin fədakarlığını yüksək qiymətləndirmişdir. Prezidentimiz daha çox cavabsız qalan suallar barədə, xüsusən, təyyarəmiz nə üçün Qroznı şəhərinə enə bilmədi, havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticəsinin hansı dərəcədə olmuşdur, təyyarəyə yerdən nə vaxt atəş açılmışdır, təyyarə nə üçün yaxında olan hava limanına enməyə cəhd göstərməyib, sualları barədə öz fikirlərini səsləndirib və bütün suallara aydınlıq gətiriləcəyini qətiyyətlə bildirmişdir.
Dövlətimizin rəhbəri müsahibəsində Rusiyanın bəzi rəsmi dairələrini kəskin tənqid etmiş, çirkin əməllər törədən insanların hadisəni ört-basdır etmək planlarını puça çıxarmış, günahkarların mütləq cəzalandırılacağına əminliyini ifadə etmişdir. Prezidentimizin müsahibəsi bir daha sübut edir ki, Azərbaycan müstəqildir, heç kimdən asılı deyil və hər zaman sözünü deməyi, xalqı və dövləti qorumağı, müdafiə etməyi bacarır. Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidentinə zəng etməsi, baş verən hadisəyə görə dövlət başçımızdan üzr istəməsi, xalqımıza başsağlığı verməsi, tədqiqatın hərtərəfli aparılacağına, lazım olan bütün tədbirlərin görüləcəyinə söz verməsi məhz ölkə rəhbərimizin qətiyyətinin, siyasi iradəsinin, öz xalqına və hər bir vətəndaşa sonsuz məhəbbətinin ifadəsidir.
Rusiya tərəfindən 3 gün ərzində hadisəni pərdələmək, başqa məcraya yönəltmək cəhdləri, söylənilən cəfəng fikirlər Prezidentimiz tərəfindən tamamilə ifşa olunmuş, Rusiya məsuliyyəti etiraf etmiş, Putin üzr istəmiş və sözsüz, bütün qaranlıq məqamların araşdırılmasından sonra təzminat ödənilməsi də təmin olunacaqdır. Prezidentimizin söylədiyi kimi, Rusiya tərəfi üzr istəməli, günahını etiraf etməli, günahkarlar cəzalandırmalı və zərərçəkənlərə təzminat ödənməlidir, ifadələri beynəlxalq hüququn və həm də ədalətin tələbidir. Azərbaycan Prezidenti öz ifadələrində beynəlxalq hüquqa, haqqa, ədalətə əsaslanır və bizim mənafelərimizin qorunmasında qətiyyətlidir. Bu, xalqa məhəbbətdən, vətənə hörmətdən, insana sədaqətdən irəli gəlir. Azərbaycan Prezidentinin, Birinci Xanım Mehriban Əliyevanın pilotlarımızın dəfnində iştirak etmələri, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı vermələri, dərdlərinə şərik olmaları, İqor Kşinyakın, Aleksandr Kalyaninovun və Hökümə Əliyevanın Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmələri bu qayğının, sədaqətin və məhəbbətin nümunəsidir. Cənab İlham Əliyevin qəza hadisəsi ilə əlaqədar nümayiş etdirdiyi qətiyyət və uzaqgörənlik həm də, səbr və təmkin dünyaya bir daha göstərdi ki, Azərbaycan rəhbəri və xalqı bütün hallarda sözünü deməyə, haqqı sübut etməyə, mübarizəni aparmağa və dövləti xoşbəxt günlərə qovuşdurmağa qadirdir”, deyə Tahir Rzayev bildirib.