Saqif Qaratorpaq : - Günlər qoymur gün görəm ...

Ədəbiyyat 09:04 / 30.12.2024 Baxış sayı: 764

Günlər qoymur gün görəm,

heç bilmirəm hirsimi hara tökəm,öldürəm...

çıxmağa yerim də yox,

hərdən özümdən çıxım.

Qoy hirsimi,hikkəmi elə özümdən çıxım.

Qış günü gödək olur,

heç isitmir adamı...

Ürəyimdə islanmış,üşüyən ümidləri

sərəm günə,qurudam.

Könlümdə yaz həsrəti,

bu qışdan da keçərəm.

Bu qədim xarabada axtarıb su tapmasam,

göz yaşımı içərəm!

Mən bir sevda yolşusu,

lap əzəldən yoldayam…

Qoymuram köhnə yaram bir azca qaysaq tuta.

Göz yaşlarım quruyub,

min ildi ağlamıram…

halıma üzülməsin gendən baxıb gedənlər.

Sizi də saxlamıram,

yolunuz açıq olsun, məndən çıxıb gedənlər!