Xatirə Fərəcli : - AY BİLİR

Ədəbiyyat 18:10 / 30.12.2024 Baxış sayı: 667

 

 

Göz-göz, çiçək-çiçək xallanıb səma,

Sayrışan ulduzlar düşüncə seli.

Eləcə pərişan, eləcə qərib

O ulduz ruhumun dirənən yeri.

 

Bəlkə də, göy üzü dar gəlir ona,

Bəlkə də, bezibdir durduğu yerdən.

Sözlü adam kimi gülümsəyir Ay

Ələnib tökülər ulduzlar birdən.

 

Sanki yer üzünə bomboz qar yağıb,

Yüklü ağacların kölgəsi yerdə.

Kölgələr sehirdir ay işığında,

Həbs olub içinə səs də, səmir də.

 

Kimin duyğuları küskün, dağınıq,

Kimin yanaqları nəmdir bu gecə?

Kim çıxıb Ay ilə söhbətləşməyə?

Ay bilir darıxan kimdir bu gecə.