Rafail Incəyurd : - Bu da bir il...

Ədəbiyyat 12:50 / 30.12.2024 Baxış sayı: 663

 

Özümüz

aldanış rəngli

bərli-bəzəkli oyuncaqları,

Fələksə dava adlı, qəza adlı

qara-qara oyunları

asıb düzdü

ömrün bir ilinin də

budaqlarından.

Bəzədik ömrün yolkasını;

toy toyladıq, boy boyladıq,

doğuluş günlərinin birinə

yubiley dedik yekə-yekə,

birinə ad günü.

Sevinc mənbələri,

gülüş bəhanələri

axtardıq uğurla.

Bəzədik ili,

Asıla qaldı oyuncaqlar

ilin budaqlarından.

Ömrün ağaclarından isə

tökülən yarpaqları

yellər apardı,

yaraşıqlı, yanqılı ağılar deyib,

“rəhmət”lə bəzədik

boş qalan budaqları.

Vəssalam!

Bitdi!

Kiminin əli rumka,

kiminin dili dua

tutursa əladı,

demək, yaşayır.

Yeni il öncəsi

salamat olanları,

salamat ölənləri

təbrik edirəm.

Yer üzünün yaşı ...+ 1 olan

xilqətinin canı sağ olsun,

Hardansa qütblərinə düşən

iynə ulduzu boyda işıqlar

min budaq eləsin.

PS.

Görək ət yeyən quşlar

hansı nəğməni oxudacaq

dən yeyən quşlara üzümüzə gələn il...

30.12.2024