Şakir Xanhüseyn : - QARIŞIB
Neçə arxın suyu axır bir yerə,
duru lilə, lil duruya qarışıb...
Necə ayırd eləyəsən sağ-solu;
dolu boşa, boş doluya qarışıb...
Halal budu, haram budu de görüm,
doğru budu, yalan budu de görüm...
Günahını kimlər yudu, de görüm,
quru yaşa, yaş quruya qarışıb...
Qara günlü, ağ tük bitməz dizindən,
ək torpağa, cücərməz ki, əzik dən...
Arınmalı saf çürükdən, əzikdən,
tortu kəfə, kəf tortuya qarışıb...
Qapıları pərt açmağın vaxtımı,
başımıza dərd açmağın vaxtımı...
Gözümüzü dörd açmağın vaxtıdı;
yaxşı pisə, pis yaxşıya qarışıb...