Qəşəm İsabəyli : - MƏHƏBBƏT ETİRAFI
ÖMRÜN SANILI İLLƏRİNDƏ
(hekayə)
İstanbuldan Bakıya gələn təyyarə çoxdan eniş eləsə də, ara-sıra görünən sərnişinlərin arasında Ustad gözə dəymirdi. Tələbə yoldaşım Bahadırla, gözümüz çıxışda, var-gəl eləyirdik. Birdən on addımlıqdan sürətlə əl arabası keçib getdi.
–Bahadır!
–Nədi, gəldi?!
–Çemodanlar yüklənmiş arabanı sürən adamı görürsən?
–Həəə... Odu?!
–Bəli.
–Neçə yaşı var, dedin?
–82.
–Ola bilməz!
–Niyə ola bilmir?!
–82 yaşlı adam bu cəldlikdə?! Ayaqları, elə bil qırğıdı?!
–Bahadır, gözündə yoxdu ki?!
–Olmamalıdı.
–“Maşallah!” de.
–Vallah, maşallah! Ağ saçlarını görməsəydim, deyərdim 35 yaşlı cavan oğlandı.
Yeriyib, arxadan Ustada yaxınlaşdıq. Şəhadət barmağımı şaquli vəziyyətdə dodaqlarımın üstünə qoyub, Bahadıra göz vurdum:
–Sss...
Ustada üç-dörd metr qalmış səsimin gur yerinə saldım ki, tanı¬masın:
–Müəllim, taksi lazım deyil ki, sizə?
Başının sərt hərəkətiylə “yox!” dedi.
On-onbeş addım getməmiş bir də soruşdum:
–Dünyanın malı dünyada qalacaq, müəllim, yaşlı adamsınız, kömək eləyim, yüklərinizi aparım qoyum taksiyə, necə bilirsiniz?!
Bayaq Ustad ayaq saxlayıb, hirslə başını geri çevirdi – baxdım ki, gözlərindən od yağır:
–A kişi... – nəzərlərimiz rastlaşanda sifətinin buzu əridi. – Saqqalı ağarmış, yaxşı qurtardın dilimdən.
Bir-birimizə qoşulub, bərkdən güldük.
***
Bu söhbətdən artıq 4 il ötüb – Ustad 86 yaşına keçib. İki ildir ki, ayaqları sözünə baxmır – dönüb olub yataq xəstəsi. İki dəfə Türkiyədə əməliyyat olunub. Ondan da əvvəl Qubaya getmişdik – türkəçarəyə. Ara həkimi belinə qır-saqqız qoymuşdu ki, sağalacaqsan. Bakıya qayıdandan sonra qəfəsə salınmış quş kimi çırpınırdı. Elə səhəri günü zəng eləyib, kefini soruşdum. Bir az ağrılı batıq səsini eşitdim:
–Bu qır-saqqız məni ölürəcək!
–Ustad, səbr eləyin, vallah, yüzlələ adamı sağaldıb bu həkim.
Kimə deyirsən?! Bir gün də qır-saqqızı çıxardıb atdı. Sonra da özünü yıxdı bıçağın altına. Axırı da belə. Allah düşmənimə də göstərməsin – bütün günü dörd divardı, bir də o. Ara¬bir gedirəm dəyməyə.
–Bu da ömrümün sonu. Gör nə uzun yaşamışam... 90-a çatıram artıq. Nə xeyri varmış bu uzunluqda ömrün. Bizə qədər milyardlarla insan doğulub. Hanı onlar?! Mənim də sonum belə olmalıymış. Ölüm bir sirrdi ki, açılmayıb hələ. Onun nə olduğunu kim bilir ki?! Pismidi, yaxşımıdı?! –Ustad gözlərini yerə dikib danışırdı. – Sənə bir sirr açım – mən bir dəfə ölmüşəm, bir dəfə də əsl həyatımı yaşamışam. Ondan sonra nə ölməyim ölmək olacaq, nə də yaşamağım yaşamaqdı.
–O necə ölümdü ki, Ustad, maşallah... varsınız?!
–Sənin əziz canın üçün, bir dəfə ölümün ləzətini görmüşəm.
–Ləzzətini?! – Mat qaldım.
–İnan mənə... ləzzətini. 20-21 yaşım olardı. Kəndimizdə tibb bacısı vardı, mənə bir iynə vurdu... diri-gözlü öldüm. Onu da deyim ki, elə gözəl idi bu ölüm. Ruhum sevinirdi. Kimin üzünə qayıtdım bu dünyaya?! Yəqin ki, anamın ah-naləsinə oyandım ölümdən. Amma çox narazı oyandım. Elə bil məni şirin yuxudan eləmişdilər. Ölüb qalmaq istəyirdim. Gəl ki, indi ölüm qapımın ağzını kəsdirib, çoban iti kimi güdür məni, səndən nə gizlədim, qorxuram...
Bu dərdlərini deyəndən sonra 10-15 dəqiqə otura bilirəm:
–Adam da xəstənin yanında bu qədər vaxt itirər?! – Duyuram ki, burda olmağım onu rahatsız eləyir. Güman ki, darıxdığından öz fikirləriylə baş-başa qalmağı kiminləsə söhbət eləməkdən faydalı bilir...
Mən də, nə gizlədim, incimiş halda ayağa durub, xudahafizləşirəm.
Yadımdadı, bir dəfə – sağlam vaxtlarında, həyatdan-yaşayışdan, uzunömürlükdən danışırdıq. Durar-tutmaza qayıtdı ki:
–Ürəyimə damıb, 96 il yaşayacağam!
Mən gülümsədim.
–Şübhən var?! – Soruşdu.
–Yox, Ustad, 96-ya yüz faiz əminəm!
Maraqla üzümə baxıb, lap şair Qabilsayağı soruşdu:
–Hardandı bu əminlik səndə?!
–Mənzilinizin nömrəsi neçədi?
–Mənzilin bura nə dəxli?!
–Soruşuram da.
Gözlərini yerə dikib, fikrə getdi, sonra başını dik qaldırdı:
–Ay səni... – bir xeyli güldü.
–Arzunuz 96, mənzilinizin nömrəsi də 96. Deməli Allah əyan eləyib sizə uzun yaşamağı, Ustad!
Razılıqla başını yellədi:
–Atam müharibəyə getmişdi, anam da yarpaq kimi üstümdə əsirdi. Özüm də xəstəhal bir uşaq. Tovuza getmişdik, təsadüfən qabağımıza qaraçı çıxdı. Anam “Bu uşağın da bəxtinə bax, ay baxıcı!” dedi. Qaraçı əlimi ovcuna alıb, bir xeyli baxdı, sonra da gözlərini zillədi üzümə. Anama sarı çevrilmədən dedi:“Bacı, oğlun uzun yaşayacaq!”. Anam dedi: “Allah ağzından eşitsin, ay bacı! Amma bu uşaq xəstədi axı, bu gündən sabaha sağ çıxacağına ümidim belə yoxdu!”. Hiss elədim ki, anamın söz-ləri qaraçını incik saldı: “Olsun da xəstə, mən gördüyümü deyirəm, sən düşündüyünü!”. Hirslə çevrilib, çıxıb getdi.
Qaraçının sözləri beynimə uzunömürlülük toxumu səpdi. Sonralar xəstələnəndə “Bacı, oğlun uzun yaşayacaq!” sözləri düşürdü yadıma. Bir-iki günə sağalıb ayağa dururdum. Artıq, özün də gör-düyün kimi, 86-ya keçmişəm. Anamın sümükləri sürmə olub, qaraçı da... qarğa kimi 300 ilin sonuna qalmayacaqdı ki! Kəndimizdəki tay-tuşlarım da gedər-gəlməz olub, elə Bakıdakı qələm yoldaşlarım da. Amma mən hələ də yaşayıram.
–Ustad, ötən səfər sözünüz yarımçıq qalmışdı.
–Nə sözüm?!
–Bir dəfə ölmüsünüz, deyib, bu ölümün sirrini açdınız, bəs bir dəfə əsl yaşamaq nə idi?!
Gülümsədi:
–İlk məhəbbət!
Maraqla gözlərimi zillədim ağzına.
–Tovuzun Əsrik kəndində yaşayırdıq. Bir mən idim, bir anam idi, bir də var-dövlətimiz – qoz ağacları. İki yaşım olanda atam Mürşüd müharibəyə getmişdi. Onu da deyim ki, bəstəboy bir kişi olan atam, qoçaqlıqda, anam deyirdi ki, kəndin say-seçmə kişilərindən ən hünərlisi hesab olunurdu. Atamdan sonra bir qarına ac, bir qarına tox, dolanırdıq. Üzdə adıma “Məmməd” desələr də, arxada “yetim Məmməd” olmuşdum. Bu yetimin də canında nələr varmış?! Vura bilməyən daşın yekəsindən yapışdığı kimi mən də imkanlı bir ailənin qızına aşiq olmuşdum. 20-yə təzəcə girsəm də, qız 16-nın içindəydi. Günümün çoxunu əmim qızıgildə keçirdirdim. Onu da deyim ki, əmim qızı Tovuzda ərdəydi. Mən də kənddən gedəndə mütləq onlara düşürdüm. Aclıq dövrüydü, bir tikə çörək yeməliydim axı. Növbəti gedişimdə onların küçəsində məktəbli bir qız çıxdı qarşıma. Gözüm tutdu qızı. Balaca boy bir qız idi. İndi fikirləşirəm ki, niyə ondan ötrü dəli-divanə olmuşdum. Görünür ilk məhəbbət belə olarmış. Balıq qırmağa düşən kimi adam da gözündən ovlanarmış.
Əmim qızı biləndə, dedi, yetim uşaqsan, görmürsən ikimərtəbə evləri var, sənə kimdi qız verən?! “Yox, mütləq o qızı alacam!” dedim.
Başıma necə vurmuşdusa eşqim, bir gün də gedib anamı məcbur göndərdim elçiliyə. Arvad axşama yaxın qayıdıb gəldi. Həyətə girəndə kalağayısını açıb atdı ağacın boğazına, ölüsü ölənlər kimi başladı nalə deyib ağlamağa. Hələ də səsi qulaqlarımdadı: “Goorun çatlasın, ay Mürşüd, sənin oğluna qız vermədilər!”. Anamın belə ümidsiz sözləri mənə heç təsir eləmədi də. Necə eləyəydi ki, qız məni sevirdi, mən də qızı?! B sevgiyə arxayın idim. Amma mən gözümü açıb-yumunca qızı verdilər ərə. Bununla da ilk mə¬həbbətin mənə qalan xatirələri oldu.
–Yaşamaq dediniz bayaq?
–İlk məhəbbət imiş əsl yaşamaq, demə. İlk məhəbbət isə Allahdan gələn vəhy imiş. Odur ki, mayasında ali ruh – gözəllik, pərəstiş və xəyali sevgi var. Füzuli məhz “Leyli-Məcnun”da bu məhəbbəti yazıb:
“Xəyalilə təsəllidi, könül meyli-vüsal etməz,
Könüldən dişrə bir yar olduğun aşiq xəyal etməz!”
Nə fiziki yaxınlıq, nə gözəl surət, nə ehtiras... yalnız xəyal.
İndi də o günlərə qayıdanda, inanmazsan, ürəyimin döyüntüləri artır. Deməli, mənim yaşadığım elə o aylar olubmuş. Sonra da həyat öz axarıyla davam eləyib, gəmi gətirib məni çıxarrdıb 90-ın sahillərinə. Amma onda, xəbər tutanda ki, onun ilk övladı da olub, deyirəm, nə yaxşı ki, ürəyim partlamayıb. Şeir də yazmışdım hələ:
“Onun körpəsinin yaşı üçaylıq,
Mənim həsrətimin yaşı bir ildir!”
Birdən Əzizə bacı – Ustadın həyat yoldaşı içəri girdi:
–Aaa... – dayanıb, gözlərini zillədi Ustada, – bu kişiyə nə olub belə?!
–Nə olub mənə?! – Ustad başını qaldırıb gülümsər gözləriylə yoldaşına baxdı.
–Bütün günü qaş-qabağından zəhirmar yağır, indi nə olub sənə, ay Məmməd, maşallah, üzün gülür?!
17.06. -30.12.2024