Ələsgər ƏLİOĞLU : -   D Ə R D İ M İ

Ədəbiyyat 19:10 / 30.12.2024 Baxış sayı: 693

 

(Qoşmasayağı)

Bu necə dünyadı, necə əyyamdı,

Filə söylədilər naşıdı, xamdı...

Qutulardan çıxdı milçəyin adı,

Qoymadı bir getsin huşa dərdimi.

 

Görən gözlər baxıb haqqı görmədi,

Bilmədim qarnının ağrısı nədi...

Yaz da ətəyini ələ vermədi,

Söylədim axırda qışa dərdimi.

 

Bu gediş-gəlişi gözüm almadı,

Şeytanın yolunda izi qalmadı...

Məni bir anlayan, duyan olmadı,

Açdım bircə-bircə daşa dərdimi.

 

Baxmadılar ömrə-günə dən düşər,

Bədxah ürəklərə duman-çən düşər...

Düşündülər uçub gözdən gen düşər,

Axır döndərdilər quşa dərdimi.

Vaxt ötdü...

 

Yolumu bağlasalar da,

Sinəmi yüz yerdən dağlasalar da;

Özümü ayaqda saxlasalar da,

Çəkdiklər həmişə başa dərdimi.

25.05.2022