Təranə Məmməd : - Şəkilsiz məzar

YAZARLAR 09:47 / 21.03.2025 Baxış sayı: 611

 

                                                                   hekayə

70-ci illərin ortalarında Azərbaycan hələ müstəqil deyildi. Sovet İttifaqı adlanan və tərkibində 15 respublikanı birləşdirən bu çoxmillətli nəhəng ölkənin müəyyən problemləri, özəllikləri var idı. O dövrün repressiya, Böyük Vətən müharibəsi kimi faciələr yaşamış insanların bir-birinə münasibəti, həyata baxışları da fərqli idi.

Yusif həyat yoldaşı Gülşənlə və qızı Nərgizlə Bakıda aldığı evə cəmi bir il idi ki köçmüşdü. Bu səliqəli həyət evinin pəncərəsindən enli maşın yoluna birləşən dar küçə aydın görünürdü. Küçənin hər iki tərəfində yerləşən həyət evlərinin darvazaları, qonşulara gəlib gedənləri, hətta qapılarının qarşısında dayanan maşınların nömrələrini də aydın görmək olurdu. Gülşən çox vaxt pəncərənin qarşısında oturub kitab oxuyar, hərdən də başını qaldırıb gəlib gedənləri seyr edərdi.

Bu dar küçənin ən maraqlı görüntüsü Edik idi. Təxminən 40-45 yaşlı Edik adlı bu adam qonşu binada anası ilə yaşayırdı. Çox qəribə, heç kimə bənzəməyən xarici görkəmi onun anormallığını dərhal biruzə verirdi. İlin fəslindən asılı olmayaraq həmişə qara qısa gödəkcədə gəzirdi. Ayağındakı uzun boğazlı çəkmələri tərtəmiz olardı. Başına qoyduğu dama-dama papaq da fərqli idi. Edik adətən öz-özünə ucadan danışır, nəyə isə bərk əsəbləşirdi. Lakin onun nə demək istədiyini anlamaq olmurdu. Gah rus, gah azərbaycan dilində tələffüz etdiyi sözlərdən heç bir ümumi məna əldə etmək olmurdu. Əslində Edik heç kimə dəyib toxunmurdu, amma qonşular ondan çəkinir və çalışırdılar ki, onunla rastlaşmasınlar. Edikin Anasının dəfələrlə qonşulara xəbərdarlıq etməsinə, oğlunun sadəcə ruhi xəstə olduğunu və heç kimə heç nə etməyəcəyini deməsinə baxmayaraq, Nərgiz Ediki, pəncərədən də görəndə əhvalı dəyişirdi. Küçədə ona rast gəldikdə isə tez qaçıb həyətə girir və mütləq su içirdi.

Edikin anası da qəribə qadın idi. Onların azərbaycanlı olmadığını hamı bilirdi, lakin hansı millətə aid olduqları bəlli deyildi. Edik də, anası da Azərbaycan dilində xüsusi bir aksentlə danışırdılar. Gününün çox vaxtını oğlu ila keçirən Marqarita, o qədər arıq idi ki, hərdən adama elə gəlirdi ki, bir gün onun ayaqları bədənini saxlaya bilməyib sınacaq. Qadının dərisinin rəngi də fərqli idi. O, sanki dərisinə həmişə tünd qara krem çəkirdi. Yay, qış dərişi qapqara idi. Geyindiyi yaşına uyğun olmayan əlvan və qısa donlar hamının diqqətini çəkirdi. Qadın da oğlu kimi həmişə başına ya papaq qoyar, ya da örpək bağlayardı. Papağın və örpəyin sağ tərəfindən parıldayan sancaq da taxardı. Əgər bu qadın normal olsaydı, həmin sancağın bahalı bir əşya olduğunu güman etmək olardı, çünki Günəş şualarının altında sancaq elə parıldayırdı ki, sanki qaşları adi şüşə deyil, brilyant idi. Qonşuların dediklərinə görə bu ağıldan kəm ana ilə oğulun evləri həmişə çox təmiz və səliqəli olurdu. Marqarita xala (qonşular onu belə çağırırdılar) qonşularla çox mehriban və nəzakətlə davranırdı. Oğluna dadlı şirniyyatlar bişirəndə qonşu uşaqlarını da qonaq edirdi. Bu ailənin maddi vəziyyətinin necə olduğunu heç kim bilmirdi. Ancaq hamı bilirdi ki, bu iki insanın yer üzündə bir-birindən başqa heç kimləri yoxdur. Marqarita heç vaxt ailəsindən, keçmişindən danışmaz, ona verilən suallara cavab verməzdi. Hətta bu ailənin soyadını da heç kim dəqiq bilmirdi.

Bir gün Yusifgil nahar edəndə küçədən Edikin səsi eşidildi. O, uca səslə qışqırırdı.

- Bu yazıq da get-gedə lap pis olur, - deyə Gülşən dilləndi.

- Bunun əlindən buralardan köçüb getmək istəyirəm. Hər dəfə universitetdən gələndə Allaha yalvarıram ki, onunla rastlaşmayım, - deyə Nərgiz də söhbətə qarışdı.

Yusif susur, heç nə demirdi, lakin hiss olunurdu ki, o da bu qonşuluqdan narazıdı. Çünki hər dəfə Nərgiz dərsdən gələndə onu bu sərsəmdən qorumalı olurdu.

- Bəlkə anasıyla danışasan, oğlunu xəsətəxanaya yerləşdirsin. Belə olmaz axı. Qonşular da şikayət edirlər, - deyə Gülşən ərinə müraciət etdi.

- Mən?! - deyə Yusif təəccübləndi

- Hə. Nə olar? Bəlkə imkanı yoxdur. Lap köməklik edib xəstəxanaya yerləşdirək.

- Sən nə danışırsan? Mən o qadını heç tanımıram. Deməzmi ki, mənim oğlum sizə nə edib ki? Axı əslində o heç kimə dəyib toxunmur.

- Ata, o gün mən dərsdən gələndə məndən bilirsən nə soruşdu?

- Nə?

- Deyir ki, qoyunlar adamı dişləyirlər?

Nərgizin valideynləri bir-birinə baxıb gülümsədilər. Nərgiz də əvvəl güldü, sonra:

- Bilirəm e, gülməlidi, axı normal adam belə sual verməz!

Edik qışqıra-qışqıra küçədən keçib evlərinə tərəf getdi. Bir azdan da heç nə olmamış kimi anasının qoluna girib mağazaya yollandı. Pəncərənin qarşısında oturan Yusif də, Gülşən də onları aydın görürdülər.

Yusif qəfil ayağa durub pəncərəyə bir az da yaxınlaşdı. O , heç vaxt bu iki sərsəm insana belə diqqətlə baxmamışdı. Kişi onlara elə diqqətlə baxırdı ki, sanki onları ilk dəfə görürdü.

- Nə yaman diqqətlə baxırsan, bu dəlilərin arxasınca? Yoxsa, sən də mən deyəni düşünürsən? Bəlkə danışasan anasıyla? - deyə Gülşən ərinə yaxınlaşdı.

- Bu qadının adı nədir? - Yusif soruşdu.

- Marqarita xala deyirlər ona.

- Marqarita?!

- Hə.

- Edik, Eduard. Borisov... Roman...

- Sən nə danışırsan? Roman nədir? Kitab oxumusan?

- Yox. Dayan görüm. Bu ki...

- Nə?

Kişi heç nə demədən evdən güllə kimi çıxaraq, həyət qapısını açıb qışqırdı:

- Marqo! Marqo!

Marqarita ayaq saxladı, lakin geri dönmədi. Bir saniyə yerində donub qaldıqdan sonra, qəfil geri döndü və Yusifə tərəf addımladı. Edik anasının qolundan yapışıb onu özünə tərəf çəksə də, qadın dayanmadı.

- Siz kimsiniz? Mənim adımı hardan bilirsiniz? Məni Marqo kimi heç kim tanımır ... Məni belə ancaq...

- Bilirəm, ancaq Roman sənə Marqo deyərdi. Mən Yusifəm. Məni xatırlamalısan, Marqo! Romanla bir yerdə işləyirdim... Marqo, gəl evə. Xahiş edirəm. Gəl! Marqo!

Nərgiz anasına, anası da Nərgizə baxa-baxa qalmışdılar. Onlar nə baş verdiyini anlaya bilmirdilər. Marqaritayla Edik həyət qapısından içəri girdilər. Yusif onları evə dəvət etsə də, onlar razılaşmayıb həyətdəki oturacaqda oturdular. Edik ətrafa elə baxırdı ki, sanki onu türməyə salmışdılar.

- Yusif, xatırlayıram səni. Mən... Marqarita ağlamağa başladı.

- Sakit ol, Marqo! Təxminən bilirəm nələr olduğunu. Amma dəqiqliyi ilə.... Xahiş edirəm, sakit ol . Mən o vaxt işimlə əlaqədar Romandan ayrılmalı oldum. Sonralar eşitdim ki... Sizi çox axtardım. Gördüm deyən olmadı. Hətta sizi Gürcüstanda da axtardım...

- Yusif, onun heç bir günahı yox idi. Bir gecə gəlib apardılar. Sonra məni apardılar. Mənə çox əziyyət verdilər. Uşaqlar körpə idi. Yalvardım, ayaqlarına düşdüm ki, bizi buraxsınlar. Möcüzə baş verdi. Mənə və uşaqlara yazıqları gəldi. Bizi buraxdılar, amma onu...

- Marqo! Bilirəm. Edikin yanında danışma.

- Yusif, Edik hər şeyi bilir. O, bilir ki, atasını güllələyiblər. Elə o vaxtdan bu günə düşdü. Bizim yaşamağa imkanımız yox idi. Hamı bizdən imtina etdi. Mənim valideynlərim Gürcüstanda vəfat etdilər. Romanın qardaşı da bizdən üz döndərdi. Biz Azərbaycanda tək-tənha qaldıq. Sağ olsunlar qonşular xəlvət gətirib qapının ağzına yemək, pul qoyurdular. Qorxularından adlarını demirdilər. Yusif, Romanın heç bir günahı yox idi! Sən ki, bilirsən, ,o çox təmiz insan idi.

- Mən bilən Borisovun iki uşağı var idi. Bəs...

Marqo yenə ağlamağa başladı:

- Lola ağır xəstələndi. Qoruya bilmədim onu... İndi yer üzündə bu sərsəm oğlumdan başqa heç kimim yoxdur. Yusif...

- Bilirəm, Marqo! Mən sənə nə köməklik edə bilərəm? Gəl, səni ailəmlə tanış edim. Birdən bir şey lazım olar. Biz cəmi bir ildir bura köçmüşük.

Marqo gözlərinin yaşını silib bayaqdan qapıdan onlara baxan qadınla qıza baxıb gülümsədi:

- Bizdən qorxmayın. Nə mən, nə oğlum pis insan deyilik. Yusif bilir...

Nərgiz də anası da susur, heç nə demirdilər. Edik hərdən gülür, hərdən də ciddiləşib ətrafa baxırdı.

Nərgiz ilk dəfə Marqoya diqqətlə baxdı və indiyə qədər ona son dərəcə çirkin görünən bu qadının gözlərindəki kübarlığı, əllərininin incəliyini, üzündəki nuru görüb çox təəccübləndi. Sonra Nərgiz Edikə də diqqətlə baxdı. Edikin arıq əlləri, uzun arıq boğazı, gülümsəyəndə görünən ağappaq dişləri bu insanın kubar biri olduğundan xəbər verirdi.

Gülşən özündə güc tapıb dilləndi:

- Bəlkə içəri keçəsiniz, gəlin qonağımız olun.

- Yox, Edik başqa mənzildə bir saniyə də qala bilmir. Biz gedək. Çox sağ olun. Məni burada heç kim tanımır. İkimizi də qonşular sərsəm qəbul edirlər, amma sağ olsunlar, dəyib toxunmurlar.

Yusif Marqoya diqqətlə baxırdı. Sanki illər öncə gördüyü o gözəl qadının üzündəki cizgiləri axtarırdı. Birdən, Yusifin gözü Marqonun papağının sağ tərəfinə sançılmış qaşlı sançağa sataşdı. O, diqqətlə sancağa baxır və gözünü ondan çəkə bilmirdi.

Marqo əlini sancağa atıb onu əlləri altında gizlətmək istədi, sonra gülümsəyib:

- Hə, Yusif. Bu həmin sancaqdır. Hərflər də yerindədir. Bunu gizlədə bildim. Onlar bütün əşyalarımızı, qızıllarımızı müsadirə etdilər. Tək bunun qiymətli olduğunu zənn etmədilər.

- Hə, Marqo! Yadımdadır bu sancaq. Onu Roman sənə Gürcüstandan gətizdirmişdi. Deyəsən, ad günündə hədiyyə etmişdi.

- Yox, Edik dünyaya gələndə.

Nərgiz də, anası da diqqətlə Marqonun sancağına baxdılar. Sancağın üstündə parıldayan qaşlardan düzəldilmiş bir-birinə sarılmış ”M” və “R” hərfləri aydın görünürdü. Bu Marqonun və onun əri Romanın adlarının birinci hərfləri idi.

Demək, bu sancaq çox qiymətlidir, - deyə Nərgiz ürəyində düşündü.

Gülşən bir daha Marqonu evə dəvət etməyə cəhd etdi. Lakin bu dəfə Edik ayağa qalxıb anasının qolundan yapışdı və “Gedək burdan!” – deyib qadını qapıya tərəf itələdi.

Marqo oğlunun əlindən tutub onu sakitləşdirdi.

- Hə, gedək , Edik, gedək.

Sonra Marqo geri dönüb dolmuş gözləri ilə əvvəl Gülşənə və Nərgizə sonra da Yusifə baxıb:

- Elə bil illər öncəyə qayıtdım. Hər şeyi olduğu kimi xatırladım. Çox sağ ol, Yusif. Amma...

- Bilirəm, Marqo, arxayın ol. Bu ailədən söz çıxmaz. Get. Əgər nə zamansa biz sizə lazım olsaq, həmişə sənin və Borisovun oğlunun qulluğunda durmağa hazıram! - deyə Yusif qadına baxıb gülümsədi.

Marqo oğlunun qoluna girib həyətdən çıxdı.

Yusif əllərini dizinə qoyub həyətdəki oturacaqda oturub qalmışdı. Gülşənin ərinə sualları çox olsa da, onu narahat etmədi.

- Gəl, Nərgiz, qoy atan sakitləşsin, bildiklərini özü danışacaq, - deyib içəri keçdi.

Bir neçə dəqiqədən sonra Yusif evə girib çay istədi. Gülşən ərinə çay gətirdi və Nərgizlə onun qarşısında oturdu.

- Marqo çox gözəl idi. Əri Roman Borisov ondan yaşlı idı. Onlar Gürcüstanda tanış olmuşdular. Marqonun anası gürcü, atası isə yunandır. O, həmişə qara uzun paltar geyinərdi. Dərisi ağappaq idi. Uzun qara saçlarını hündürdən yığıb bağlayardı. Onlar Bakıya Gürcüstandan ezam olunmuşdular. Roman çox nəzakətli, təmiz və məsuliyyətli insan idi. Mən o vaxt çox cavan idim. Hələ evlənməmişdim. Rus dilini bildiyim üçün Borisov mənimlə çox yaxın idi. Onlar zəngin və dəyərli insanlar idi.

Mən onların evində dəfələrlə olmuşam. Marqo qürcü və rus dillərini bilirdi. Mənimlə rus dilində danışardı. İndi gör Azərbaycan dilində necə danışır.

- Elə danışırsan ki, sanki cavanlıqda bu qadına heyran olmusan, -deyə Gülşən müdaxilə etmək istədi, lakin anladı ki, müdaxilə yersizdi.

- Mənim bu ailəyə çox böyük hörmətim var idi. Dəfələrlə Borisovun ailəsinə ov əti gətirmişəm. Marqonun o brilyant sancağını düzəltdirmək üçün Gürcüstana da mən getmişdim. Roman məni Gürcüstana ezamiyyətə göndərdi və gürcüstanlı zərgərdən əvvəlcədən sifariş etdiyi sancağı götürməyi xahiş etdi.

- Brilyant? - deyə Nərgiz dözməyib soruşdu.

- Hə. Çox qiymətlidir. Qaşları Sibir brilyantlarındandır. Onu Romanın sifarişi ilə Gürcüstanda yəhudi bir zərgər düzəltmişdi.

- Romanı niyə güllələdilər? - deyə Gülşən soruşdu.

- 37-ci ildə güllələnənlərin çoxu günahsız idi. Borisov da həmçinin. Marqo istəsəydi ona bəraət ala bilərdi. Sadəcə qorxub, ya da uşağa başı qarışıb. Bəlkə də...

- Bəlkə də nə?

- Marqo çox dəyişib. Geyimi, özü. Bəlkə həqiqətən bu qadının ağlı başında deyil. Mən onu heç vaxt tanımazdım. Məni adı, oğlunun adı və Edikin atasına bənzərliyi ayıltdı.

- Allah uzaq eləsin. Ağır dərddir, - deyə Gülşən dərindən ah çəkdi. Yazıq qadın...

- Ata, bəs Edik...

- Eduard idi adı, qızım. Yaxşı yadımdadır, o adı oğluna Roman qoymuşdu. Qızının da adı Lola idi. Heyf... Çox heyf...

Bu əhvalatdan sonra bir neçə gün nə Marqonu, nə də Ediki küçədə heç kim görmədi. Bir gün qonşulardan biri dedi ki, dünən gecə Ediki təcili yardımla xəstəxanaya aparıblar.

Yusiflə Gülşən Marqonun qapısını döydülər. Marqo bu bir neçə gündə daha da qoçalmış, rəngi bir az da qaralmışdı. O, qapını açıb Yusifgili içəri dəvət etdi.

- Marqo, yaxşı ki, Ediki xəstəxanaya qoymusan, - deyə Yusif söhbətə başladı.

- Yusif, Edik gecə özünə qəst etmək istəyirdi. O, az qala damarını kəsəcəkdi. Mən tez həkim çağırdım. Edik son zamanlar heç özündə deyil. Mən də daha gücdən düşmüşəm, bacarmıram...

Marqo ağlayırdı.

Gülşən onun çiyinlərini qucaqlayıb “Marqo, biz nə lazımsa edəcəyik. Sən sadəcə dincəl. Bir az sakitləş. Edikin vəziyyəti yaxşlaşan kimi gətirərik evə. Sən özünü belə üzmə!” – dedi.

- Mən bu həyatı yaşamadım ki. Hər gün nədənsə qorxdum, hər kəsdən gizləndim. Axı mənim, uşaqlarımın günahı nə idi? Biz kimə nə etmişdik? - deyə Marqo sakitləşə bilmirdi.

Bir neçə gündən sonra Marqoya xəstəxanadan ağır xəbər gəldi. Edik özünü xəstəxananın 4-cü mərtəbəsindən atmışdı.

Edikin dəfnində ondan qorxan, çəkinən, bəzən ona nifrət edən insanlar da ağlayırdılar. Sanki onlar indi dərk edirdilər ki, bu zavallı insan heç kimə güldən ağır bir söz demədən öz çətin həyatını yaşayıb və sonda dözməyib özünə qəsd edib. Sadəcə o, bu dünyada baş verənləri qəbul edib yaşaya bilmirdi.

Marqo heç cakitləşmirdi. O, bütün günü evin qapısını bağlayıb ağlayırdı.

- Mən necə anayam? İki övladımın ikisini də itirdim. Mən necə yaşayım? Niyə yaşayım axı? Edik bu acıdan, ağrıdan canını qurtardı. Bəs mən nə edim? - deyə Marqo bütün günü zarıyırdı.

Nərgiz ilə Gülşən hər gün Marqonun yanına gəlir, ona təskinlik verməyə çalışırdılar. Marqo çox dəyişmişdi. O, gün ərzində heç nə yemir, bəzən saatlarla otaqdan çıxmır, paltarını dəyişmir, saçlarını daramırdı. Yusif hər dəfə Marqonu görəndə onun bir zaman cavan, gözəl, həyatsevər, deyib-gülən Marqo olduğuna inana bilmirdi. Gülşən də, Nərgiz də Marqonun həyat tərzini dəyişdirməyə çalışsalar da, cəhdlər heç bir nəticə vermirdi. Marqonun vəziyyəti günü-gündən pisləşirdi. O, o qədər zəifləmişdi ki, yerindən dura bilmirdi. Artıq yataq xəstəsi olmuşdu. Həkimlər Marqonun səhhəti haqda heç də ürək açan sözlər demirdilər.

Bir gün Marqo Yusifi evinə çağırdı.

Yusif onun çarpayısının yanında oturub Marqonun qapqara qaralmış arıq əllərini əlinə götürüb “Marqo, özünü ələ al, xahiş edirəm. Sən yaşamalısan!” - dedi.

Marqo zorla özündə güç tapıb gülümsədi:

- Yusif, mən ölürəm. Özüm bunu hiss edirəm və bundan heç də qorxmuram. Mən övladlarımın yanına gedirəm. Artıq buna hazıram. Səndən bir xahişim var. Bunu götür, – deyə o, yastığının altında saxladığı sancağı Yusifə uzatdı.

- Qoy bu səndə qalsın. Bu bizim ailənin yeganə yadigarıdır. İstəmirəm, kimsə mən öləndən sonra onu oğurlasın. Mən bunu Nərgizə hədiyyə etmək istəyirəm.

- Marqo, sən nə danışırsan!? Mən belə qiymətli hədiyyəni səndən neçə götürüm?! Həm də, tələsmə, hələ sən özün onu taxacaqsan.

- Yox. Yusif. Mən daha dura bilməyəcəm. Xahiş edirəm, bunu məndən qəbul et.

- Yaxşı. Olsun. Verərəm Nərgizə, - deyə Yusif sancağı Marqodan alıb cibinə qoydu.

- Arxayın ol, onu Nərgiz də sənin qədər sevib saxlayacaq, - deyib kövrəldi.

- Çox sağ ol, Yusif. Hər şeyə görə çox sağ ol. Bir xahişim də var səndən. Mən uşaqları da sizin qanunlarla dəfn etmişəm. Bakı, Azərbaycan ağır günlərimdə mənim üçün əsl vətən oldu. Mən dindar adam deyiləm, amma müsəlman qanunlarını çox bəyəndim. Məni sizin qanunlarla dəfn etsinlər.

O gecə Marqo yatdı və bir daha ayılmadı.

Yusif dəfn və yas mərasimini layiqincə təşkil etdi. Bir neçə müddətdən sonra Marqonun və onun iki övladının məzarı üstündə bahalı qara mərmərdən məzar daşları qoyuldu və məzarlar hasara alındı. Ətrafda gül-çiçək əkildi.

Məzarın üstündə isə bu sözlər yazıldı:

“Heç kim bu dünyadan necə və nə vaxt gedəcəyini bilmir. Bir gün gələn, bir gün getməlidir.”

Məzar daşlarının üzərində Edikin, Lolanın və Marqonun doğum və ölüm tarixləri yazılmışdı. Məzarların heç birində şəkil yox idi. Çünki Marqo ailəsinə aid olan bütün şəkilləri yandırmış, yenisini isə çəkdirməmişdi...

Bu ailənin və onların məzarlarının ətrafında yaranan gözəl mənzərənin tarixçəsini Yusifin ailəsindən başqa heç kim bilmirdi.

Yusif Marqonun ona bağışladığı çox bahalı brilyant qaşlı sancağı satmış və Marqonun, onun uşaqlarının məzarlarının üstündə Marqonun həyatının ilk illərini xatırladan gözəllik yaratmışdı...