İnsanlığın bahar ətri - yazdı Sabir Zəkullaoğlu

YAZARLAR 09:50 / 22.03.2025 Baxış sayı: 1191

 

Yaşamaq gözəldir. Yaşadığın bu həyatı yaxşı insanlarla yaşamaq daha gözəldir. Ümumiyyətlə həyatın sifəti yaxşı insanlardır.

Axı etalona, standarta uyğun gəlməyən hər nə olur olsun, nümunə ola bilməz.

İnsanlarda belədir.

İnsan gərək faydalı ömür yaşasın.

İnsan ətrafına, cəmiyyətə nə qədır faydalıdırsa o qədər insandır.

Cəmiyyətə töhfə verən insanlar nə qədər ki var, həyat da o qədər var olacaqdır.

Ancaq balıq necə ki, suyun əhəmiyyətini, faydasını, ümumiyyətlə varlığını sudan çıxandan sonra bilir, insan da belədir.

Biz ətrafımızdakı yaxşı insanların qiymətini, yalnız, o insanları itirdikdən sonra bilirik.

İnsanın maddi nemətlərə ehtiyacı olduğu kimi, onun yaşaması üçün mənəvi dəyərlərə də ehtiyacı vardır.

Mənəvi dəyərlər insan ömrünü uzadan ən mühüm amillərdəndir.

Əlbəttə, insanın bütün arzu və istəkləri maddiyyatın üstündə oturub.

Dolayısıyla mənəviyyatın inkişafı da madiyyatdan çox aslıdır.

Ancaq uzun müddət, hər cür əzaba, aclığa dözə bilən insan, bəzən bir saat da olsun, mənəviyyatsız aləmdə duruş gətirə bilmir.

Heç nəyə gücü çatmasa da, özünə gücü çatır. İntihara əl atır.

Demək mənəviyyat nə qədər maddiyyata bağlansa da, mənəvi saflıq, mənəvi qida insanın yaşaması üçün daha vacib şərtdir.

Mənəvi zəngin insan mənə təbiətin yaz vaxtını xatırladır.

O insanlarla söhbət etmək mənə rahatlıq verir.

Mən o insanlarla ünsiyyətdə elə bil təzədən doğuluram. Eynən yazın çiçək ətirli havasını ürəyimə dərindən çəkdiyim kimi, o adamla etdiyim söhbətdə də tez - tez dərindən nəfəs alıram.

Sanki onun insanlığından doymuram.

Təəssüflər olsun ki, belə insanları biz çox sevdiyimiz kimi torpaq da öz ağuşuna tez çəkir.

Nə qədər ki diriyik, bu insanlardan bizə yalnız xatirələr qalacaq.

Bu gün mənim və insandığın dostu olan Həzi müəllimin üç mərasimi günüdür. Yazdığım və qələmimin gücü yetməyən nə qədər müsbət insani keyfiyyətlər varsa, hamısı bu insanda cəmlənmişdi.

Zatən xeyr şərə zaman-zaman uduzur.

Bu xeyir insanın şərlə mübarizəsi şərəfli ömrünün 62 yaşında sona yetdi.

Nur içində yat, əziz qardaşım.