SÜLEYMAN ABDULLA.- ŞEİRLƏR
Doğum günün mübadək, ŞAİR! Can sağlığı və yeni uğurlar diləyirik!
Yenises.az
KÖLGƏ İLƏ SÖHBƏT
Daha təsəllidən keçib və xeyli,
Sümüyə dirənən bıçaq da kütmüş.
Nə dünya kefsizdir, nə mən gileyli,
Amma ağrıları nəsə hürkütmüş.
O kölgə bilmirəm kimdi, nə güdür,
Qırılır dünyanın harasında yol.
Günahlı, savablı insan ömrüdür,
Keçmişlə gələcək arasında yol.
Ölüm gələndə də xoş sayıla, dost,
Gəlib də çıxmadı yolu yomrulu.
Yoxdu qılınc çəkən Əzrayıla, dost,
İndi hardan alaq dəli Domrulu?
Zaman hövsələmi çoxdan daşırmış,
Həmişə həyatın rəngi ağ olmur.
Adam qocaldıqca uşaqlaşırmış,
Dönüb başlanğıca qayıtmaq olmur.
Baxma köks ötürüb nəfəs dərə, dost,
Dayanıb gözləmə sonu... de, keçib.
Mən çoxdan öyrəşdim itkilərə, dost,
Daha təsəllidən keçib e, keçib.
OLA
Kefin cağ olması üçün,
Gərək çağ özü çağ ola.
Köhnə bildiklərin köhnə,
Təzə gördüyün cağ ola.
Bu nə dəstədir dəslənən,
O səda nədir səslənən?
Solmaya solda bəslənən,
Sağda saydığın sağ ola.
Bir gün çatar Haqqa varan,
Tapar gec-tez yol axtaran.
Qışda qışlamaqlıq aran,
Yayda yaylaqlıq dağ ola.
Bir də sağlam ola canın,
Dost qaynaya dörd bir yanın.
Üzümüzə ağ olanın,
Üzü yox, gözü ağ ola.
ETMƏKLİK ŞEİR
Bu vətən dediyin, bu xalq dediyin,
Ən çətin məqamda ərk etməyədir.
Təməli saf olan körpüdən qorxma,
İnam özülünü bərk etməyədir.
Yerdi başımıza çıxaran göyü,
Tanrı olmaq üçün adı Haqq böyü.
Fikrin ütülüsü, sözün köntöyü,
Adamın halını dərk etməyədir.
Şans var bildiyini etməyə doğru,
Çatmaz əllərinə yetməyə doğru.
Hər yol bu şəhərdən getməyə doğru,
Hər yön bu ölkəni tərk etməyədir.
QOŞMANIN BAŞ SÖHBƏTİ
Sən başlara qoşma başını,
O yerdə ki, başla sayılır adamların sayı...
Tanrı şüar demək üçün yaradıb çoxunu
(Ya uca söz, qəhr et onları öz pafoslarında!)
Və lovğalanmağa...
Dilin al,
dərketmənin kal,
varlığın mal yerindən verib pay verən...
Kimlərisə tərifləmək,
kimlərəsə yaltaqlanmaq,
Nələrinsə xatirinə
kimlərəsə boyun əyməkdir işləri...
Yaltaqlıqdır, yalaqlıqdır vərdişləri...
Kütlə...
Qaragüruh elə dağıdıcı gücdür ki,
Həm də ən etibarsız...
Sırtıq, küt və arsız...
Müqayisə olunmaz yeraltı faciələrlə,
eyniləşməz yerüstü bəlalarla...
Zəlzələyə nə var, dostum, tauna nə var
qaragüruhla müqayisədə.
Təki tabaqda bir tikə çörəyi olsun,
beş-on manatı kisədə.
Alar ağzına adamı dəli sel kimi,
Dəli külək kimi, qara yel kimi,
Çırpar dağlara, daşlara...
Çıtqısı da ələ gəlməz həqiqət adlı nəmənənin.
Yeri olmaz qınağın, tənənin...
Bir çeynəm saqqız qədər deyil gerçəkləri həyatın,
"Yaşarıq, görərik"lə olmur ağuşuna atıldığın,
Alındığın-satıldığın...
Ən böyük fitnə qaynağıdır o burulğan, o tufan...
Burax başına gedişatı,
nə olur-olsun baş qoşma başlara...
(Hələ çox var əruzun failətünlərinə əfailün)
Ən təhlükəli adamlardır
bu gün qurbanını dağ başına qaldırıb
sabah dar ağacı quranlar...
Fikirləri qasırğa yaradar
aldadıcı qəhrəmanlıqla saxta xəyanət arasında...
Yaratmaq çətindir deyə
hər zaman dağıtmaq,
məhv etmək üstündə köklənər düşüncələri...
Uzaqlardan bir səs gəlir,
Söz dəyirmandakıdır, ya deyil, fərqi yox...
Bəlkə də ən möhtəbəridir
Bu günə qədər oxunanların fövqündəki fatihə...
Çoxu ölüsünü unudub dirisini ağlayır cəhalətin,
Baş qoşma onlara,
çünki tarix boyu anasını ağladıblar dərkin...
İndi özlərini ağlayır anaları və öz canlarını...
Sus və təxmin et zamanın gedişatını,
Baş qoşma baş sayılanlara,
Hərçənd ki qoşma deyil bu şeir...