Əlisəfa Azayev : - SELFİ   XƏTASI

YAZARLAR 10:10 / 05.11.2024 Baxış sayı: 56

Onun adı Sədi idi. Hara gedir, selfi çəkirir, sonra da internetə qoyub yayır, sanki bu hərəkəti ilə polisə acıq, yanğı verirdi. Axı, o, ağır bir cinayət işi törətmiş axtarışda idi. Hələ də bıçaq burnu etdiyi adam ölümcül bir vəziyyətdə, komada idi. Xəstəxanada yatırdı. Televiziyada, radioda hər gün diktor elan edir, şəklini göstərirdilər: “Bax bu qatı cinayətkarı polis axtarır. Onu görənlərdən xahiş olunur ki, yerli polis şöbələrinə xəbər versinlər. Xüsusi mükafat elan olunub”.

  • Nə yaxşı...
  • ...
  • İndi onu mən görəm, tapam da...
  • ...
  • Dərhal bildirərəm...

Anası bu sözlərinə görə Elgizə acıqlandı:

  • Kəs!..
  • ...
  • Sakit ol!..
  • ...
  • Sus!..
  • Axı nə üçün?!.

Anası Gülyanaq ona cavab verəcək bir halda deyildi. Heç nədən qonşu ilə mübahisə üstündə ərini həbs edib polis şöbəsinə aparmışdılar. Nə var ki, deyib: “Bu suyunu bağla... Elə bil ki, su verirsən... Suyun düz-dünyanı götürüb, küçədən də keçmək mümkün deyil. Onun bu sözləri Şəfiqə xanıma acıq gedib. Dərhal zəng çalıb, “çevikləri” çağırıb. Onlar da onu maşına basıb aparıblar.

Bəlkə də, heç aparmazdılar. Həmin an əri içkili idi. Polislərlə də sərt danışdı:

  • Aparmağa ixtiyarınız yoxdu... Mən nə etmişəm ki?
  • İçkilisən... İctimayi asayişi, sakitliyi pozursan.
  • Toydan, xeyir işdən gəlmişəm.
  • O nə sözlərdi qadına demisən...
  • Su... Elə onlar hamsı...Su verirlər də...

Şahsuvarın zarafata salıb dediyi bu sözdən, kiçik biznes sahibi Şəfiqə xanım elə haldan çıxdı, səsləndi ki:

  • Görürsüz də, ədəbsizin danışdığı, dediyi sözlərə bax. Onu bir başqasına yox, mənə deyir...
  • ...
  • Ey!.. Polis!.. Birdən onu buraxarsınız ha...Günümü qara edəcək...
  • ...
  • Aparmasanız...İnanın, düzbir rəisinizə zəng çalacağam...

Şəfiqə belə hökmlü qadın idi. Hərdən belə münaqişəli işlərlə əlaqədar bölməyə, şöbəyə gələrdi. Odur ki, əlacları kəsildi. Onu tərksilah edib, aparası oldular. Yazıq Şahsuvar heç də beləcə olacağını bilməzdi. Əlacsız halda arxaya boylanaraq gah gözü yaşlı həyat yoldaşına, gah da qəmgin dayanmış oğluna baxaraq dilləndi:

  • İndi belə oldu da... Küçəni versin suya, biz də baxaq, tamaşa edək...

Gülyanaq həmin axşam oğlu ilə çox yollarda qalsa, ora-bura çırpınsa da, heç bir xeyri olmadı. Deyilənə görə, onun haqqında inzibati protokol yazılıb, səhər məhkəməyə göndəriləcək. Polis nəfəri dedi:

  • Azı beş sutkası var da.

Gəlin narahatlıq içində soruşdu:

  • Çox da ola bilər?
  • On sutka da...
  • Bundan da çox verə bilərlər?
  • Bəli, on beş sutka da...

Onun dinmədiyini görən polis nəfəri dilləndi:

  • Baxır hakimin insafına da... Lap xüsusi qərardad çıxarıb, cinayət işi qaldırtdıra, işi istintaqa göndərə bilər.

Gəlin istər-istəməz qonşuları Şəfiqənin ünvanına gileyləndi, ağzına gələni dedi:

  • Qızışıb da qancıq!.. Özünü sürtməyə adam axtarırdı!.. Yenə də bizə sataşdı!.. Görüm onu zəlil olsun!.. Biz çəkən əzabları o da çəksin!..

Həmin axşam belə deyinə-deyinə, gileylənə-gileylənə oğlu ilə evə gəldi. Ona telefon nömrəsi vermiş polis zabiti ilə dönə-dönə əlaqə saxlasa da, ərinin buraxılması barədə xoş bir xəbər eşidə bilmədi. Hərdən lap xəstə adam kimi özündən çıxır, oğlunun üstə çığırır, ona qabarırdı:

  • Yığışdır bunları!
  • ...
  • İnetrnet səni yaman günə qoydu...
  • ...
  • Nə gözlərini zilləmisən ora! Belə getsə, kor, gözdən zəlil olacaqsan! Sonradan insafa gəlib oğluna çay süzsə, yemək üçün bir şey versə də, Elgizin fikiri-zikiri internet, orada göstərilən bir cinayətkar, onun çəkdiyi selfi şəkillər idi. Hətta anasına da dedi:
  • Bax...
  • ...
  • Polis onu axtarır...
  • ...
  • Qatı cinayətkardı...

Anası hiddətləndi, polisin qarasına gileyləndi:

  • Beləsini tutmaq, damlamaq əvəzinə gör kimi tutub saxlayırlar da... Ata, yazıq birisini...

Oğlan pıçıldadı:

  • O da ağ elədi də... Polislə höcətləşdi.
  • Kəs!.. Polisi müdafiə edən olmamısan...
  • Yox... Olanı deyirəm də...

Onlar həmin gecə narahatlıq içində yerlərinə uzansalar da, yata bilmirdilər. Oğlanın əlinə sanki imkan düşmüşdü. İndi də atasının əl telefonunda həmin axtarışdı olan oğlanı, hərəkətlərini izləməkdə idi... Hətta orada güldü, anasına dedi:

  • Buna bax da...
  • ...
  • Lap it oynadandı ki bu...
  • ...
  • Hara gedir, selfi – şəkil çəkdirir, özü də polisdəki axtarış elanlarının qarşısında...
  • Lap yaxşı edir...
  • Bütün şəhər, polis onu axtarır...
  • Hay tapdılar ha...

Oğlan anasının bu sözlərindən incisə də, daha bir söz demədi. Onun fikrinə görə cinayətkarın yaxşısı, pisi olmur axı. Cinayətkar cinayətkardı... Onun cəmi on iki yaşı vardı. Hələ belə işlərdən, söhbətlərdən bir o qədər aydınlığı ilə baş çıxara bilmirdi. Ona görə də, anasından soruşdu:

  • Yaxşı, indi atamı necə adlandırırlar?..
  • Şübhəli şəxs...
  • Şübhəli niyə?
  • Ona görə ki, ona hələ heç nə sübut olunmayıb.
  • Az-çox sübut olunsa?
  • Təqsirləndirilən şəxs olur...
  • Sonra?..
  • İttiham verilsə... Haqqında ittihamnamə olsa...
  • De də...
  • Müttəhim olur da...
  • ...
  • Belə adamları məhkəmə mühakimə edir, cəzalandırır...

Oğlan istilənmiş halda dilləndi:

  • İndi atamı da...
  • Yox, oğul... İndi ata ola bilsin ki, lap cərimə etsinlər. Elə bir ağır qəbahətə yol verməyib axı. Dediklərim daha çox ağır cinayət etmiş, xuliqanlıq, soyqunçuluq, quldurluq edənlərə aiddi:
  • Bəs atam nə edib?..
  • Heç nə... Hüquqi dillə desək cinayət yox, qəbahətli hərəkət edib. Haqqında inzibati protokol tərtib edilib... Onun da az-çox cəzası, cəriməsi var da... Çox da olmasa...

Beləcə söhbətləşə-söhbətləşə necə yatdıqlarını bilmədilər. Gülyanaq lap səhər tezdən yerindən qalxıb, əri üçün ondan-bundan hazırlamağa başladı. Şöbəyə, onun yanında əli boş getməkyəcəkdilər. Bişirdiyi cemli kökədən yuxudan duranda birini də oğluna verdi:

  • Al ye, şirindi...
  • Qoy bir əl-üzümü yuyum da...
  • Hələ yuyunmamısan?
  • Yox...
  • Di tez ol, ləngiyirik...

Onlar elə kökə yeyə-yeyə küçəyə çıxdılar. Qadın əlindəkin də ona verdi:

  • Al, bunu da sən ye... Mənim boğazımdan keçmədi...
  • Mənə bəsdi də...
  • Heç nə olmaz, al bunu da ye...
  • Ay ana...

Oğlan daha başqa bir söz deməyib, onun da para kökəsini alası oldu. Beləcə pay-piyada xeyli yol qət edib, polis şöbəsinin həyətinə gəldilər. Burada artıq bir-neçə adam vardı. Biri də əlində telefon selfi şəkillər çəkirdi. Özü də düz qatı cinayətkarların şəkilləri, vurulmuş – “Onları polis axtarır” lövhəsinin qarşısında...

  • Çəkil!..
  • ...
  • Mane olma!..
  • ...
  • Qoduq, səninlə deyiləm?!.

Bu sözləri eşidib, ona diqqətlə baxanda, sanki bir andaca yer-göy başına fırlandı. Bu həmin, polisin axtardığı oğlan cinayətkar idi...

  • Ə, malış!..
  • ...
  • Küçük!..
  • ...
  • Səninlə deyiləm, çəkil də?!.

Anası da ona acıqlandı.

  • Çəkil deyir, çəkil də...Nə mane olursan.

Onun fikri isə başqa yerdə idi. Bu oğlanı necə ələversin, tutdursun. Axı o, cinayətkar idi. Birini bıçaqburnu edib ölümcül yaralamışdı... Hələ də xəstəxanada, koma vəziyyətində yatırdı... İstər-istəməz müəlliminin cinayətkarlar haqqında dediyi sözləri xatırladı: Balalarım, onların şirin dilinə aldanmayın... Cinayətkarın vətəni, məskəni olmaz... Onlar hamısı birbezin qırağıdır...

Bunu i heç şirin dili də yox idi. Yenə də onu qaralamışdı:

  • Vallah ki, indi sənə elə alaşdıracağam ki!..
  • ...
  • Nə diqqətlə baxırsan?!.
  • ...
  • Buynuz çıxarmışam?.. Rədd ol da buradan!..

Bəli, o, oradan uzaqlaşdı. Yaxşı əlinə imkan düşmüşdü. Ancaq heç də onun düşündüyü kimi yox. Polis nəfərinə yaxınlaşıb pıçıldadı:

  • Əmi o selfi çəkdirən oğlanı görürsünüz?..
  • Hə...
  • Onu mən internetdə görmüşəm...
  • ...
  • Həmin cinayətkar...
  • ...
  • Axtarılan oğlandı...

Polis nəfəri tez-tələsik harasa getdi. O da qorxmuş halda yerində donub qaldı. Birdən sanki həyacan siqnalı verildi. Polis şöbəsinin dəmir qapısını bağlayıb, oğlana tərəf cumdular...Onu tərksilah edib aparanda bu sözləri eşitdi:

  • Siz nə edirsiniz?!.
  • ...
  • Şəkil çəkdirmək olmaz bəyəm?!.
  • ...
  • O əclaf verdi məni ələ?!.

Bir azdan şöbə rəisinin yanına çağırdılar onu, atası da içəridə idi. Anası onu görcək gileyləndi:

  • Buna bax da... Biz ürək-göbəyimizi yemişik... Bunun dərdini çəkirik... Bu isə burada kefdədi... Çay içir, piroq yeyir...

Zərli paqonlu rəis yerindən qalxaraq onu sakitləşdirməyə çalışdı:

  • Xanım, narahat olmayın, bir anlıq əyləşin. Sizə xoş xəbərim, sözüm var...

Beləcə sonra da, o, Elgizə yaxınlaşıb əlini sıxdı, ona xüsusi təşəkkür edərək, üzündən öpüb dedi:

  • Sən əsl mənada qoçaq oğlan, polisin dostusan! Al, bu da elan olunmuş mükafat!..

Polis rəisi xüsusi zərfdəki iri pul məbləğini ona verəndə, ata-anası heyrət içində qaldı:

  • Bu nədir belə?!.
  • Siz nə danışırsınız?!

Polkovnik gülümsədi:

  • Hə... O, nə vaxtdan bəri əsəblərimizlə oynayan qatı bir cinayətkarı tutmaqda, həbs etməkdə bizə köməkçi oldu... İndi əclaf deyir ki, selfi xətasıdı da...

Onun bu sözləri atasını açmasa da, dilləndi:

  • Daha pul nəyə lazım?!. Vətəndaşlıq borcunu yerinə yetirib də.
  • Bu da lazımdı...

Atası bir daha yox" deyəndə, anası onun ayağını basdı:

  • Özünün pulu deyil ki, dövlətin puludu da...

Bu an televizorda xüsusi məlumat verildi:

  • Axtarışda olan xüsusi təhlükəli cinayətkar ifşa olunub tutulmuşdur. Özü də altıncı sinif şagirdi olan Elgiz adlı bir oğlanın sayıqlığı ilə.

Həmin gün də onun oxuduğu məktəbdə bu hadisə ilə əlaqədar tədbir keçirildi. Televiziyadan xüsusi çəkiliş qrupu gəlmişdi. Axşam da onu “Xəbərlər” proqramında göstərdilər.

Səhər atası ona təzə əyin-baş almaq üçün mağazaya apardı. Deməsinə görə, polis rəisi Camalovun xüsusi tapşırığı var. Onu nazir qəbul edəcək. Günortadan sonra polis maşını həyətdə dayandı. Rəis şəxsən özü gəlmişdi. Polkovnikin gileyli səsi eşidildi:

  • Bu nə küçədi... Bu “JEK” işçiləri hara baxır belə?!

Atası dilxor halda dilləndi:

  • Elə buna görə məni həbs etmişdilər də.
  • Bilirəm... Hər pis işin, bir xeyir tərəfi də olur.

Şəfiqə arvad mızıldandı:

  • Bəxt açılanda açılır da... Qara qızın bəxti varmış.
  • Elə oğlunun da...
  • Deyirlər ki, nazir söz verib, Polis Akademiyasında oxuyacaq...
  • Hələ nazirin yanına indi gedirlər ki...
  • Nə bilim, diktor qız dedi də...

Nazir onları birlikdə qəbul elədi. Onlarla görüşəndən sonra, şəxsən Elgizin əlini bir daha sıxdı, başını sığalladı:

  • Qoçaq oğlansan...
  • ...
  • Sən mənim polislərimdən hünərli çıxdın...
  • ...
  • Utanma, yaxın gəl... Birlikdə şəkil çəkdirək...
  • ...
  • Bu da şəxsən sənin üçün tikilmiş polis forması...
  • ...
  • Polis Akademiyasında oxuyanda geyinərsən...
  • Çox sağ olun, cənab general...
  • Sən sağ ol ki, bizi belə bir rüsvayçılıqdan qurtardın... Ələkeçməz qisasçı bildiyini edirdi...

Nazir elə otağındaca balaca qəhrəmanın şərəfinə süfrə açdırdı. Polis döş nişanını onun yaxasına taxdı. Pul mükafatı təqdim elədi.

Geri qayıdanda isə qonşular onu gül-çiçəklə qarşıladılar. Küçələrində təmizlik işləri gedir, küçə asfaltlanırdı. Mənasız axıb gedən su da kəsilmiş, hər yan qupquru, tər-təmiz idi. Şəfiqə xanım özünü saxlaya bilməyib dedi:

  • Su aydınlıqdı da...
  • ...
  • Özü də kimin...
  • ...
  • Mənim  suyum, şirəm...

Onayaxınlar onu qınadılar, zarafatlaşdılar:

  • Ay arvad, daha sakit də...
  • Sənin su, şirə verən vaxtın daha keçib...
  • İndi xeyirxah işlərlə məşğul ol...

Bir neçə il sonra Elgizin elektron poçtuna belə bir məktub gəldi: “Oğlan, bəlkə də, sən məni tanımırsan. Ancaq mən sənin barədə az-çox məlumatlıyam... Bilirsən də, cinayətkarda həmişə ən axıra qalan, onu tərk etməyən bir hiss olur...O da vicdan hissi... Mən mühakimə olundum, cəzamı çəkdim, ailəmə qayıtdım... Bütün bunlara görə az-çox sizə borcluyam... Nolsun ki, yaşınız azdır. Ancaq xeyirxahlığınız ölçüyəgəlməzdir. Bu gün ailəliyəm, xüsusi biznes sahibiyəm... Maşınım, uşaqlarım, xoşbəxt ailəm var... İnanmazsan ki, şəklin bizim evdədi, sənə xüsusi hörmət-izzət var. Qonağımız ola bilərsən...

 

 

 

ƏSAS VƏRƏSƏ