SÖZƏ GÜVƏN -yazdı  Coşqun Xəliloğlu 

Ədəbiyyat 22:00 / 09.08.2025 Baxış sayı: 6857

 

Danışsan, elə danış,

Dediyin sözə güvən.

Bir iş görsən Allaha -

Xaliqə-“Düz”ə güvən.

 

Dərindən düşün, anla,

Qanı yumazlar qanla.

Nə dost olma nadanla,

Nə də hər kəsə güvən.

 

Gəl, güldürmə aləmi,

Yazmaq elə-beləmi?

Ələ alsan qələmi,

Qəlbində közə güvən.

 

Dağ dərdi vardır dağın,

Dağmı, hər dağ sandığın?

Halalca qazandığın,

Çörəyə-duza güvən.

 

Bir bax, yolu seçəndə,

Boylan, bərəyə-bəndə

Azsan dumanda, çəndə

Cığıra, izə güvən.

 

Coşqun, həyatı anla,

Yarışdayıq zamanla,

Ucal Azərbaycanla,

Kökə-Oğuza güvən.

02.08.2025