Səməd Qaraçöp :SÖZ OYUNU

Ədəbiyyat 09:06 / 04.01.2025 Baxış sayı: 777

 

Bu dünya başımı aldatdı mənim –

Aldatdı kağıznan-qələmnən elə;

Mən söznən oynadım bir uşaq kimi —

Oynadım dünyaya gələndən elə.

 

Mən – ilham atına minən bir uşaq,

Belə uşaq olmaz, belə at olmaz;

Sözün də düşəri-düşməzi olur,

Yox, söznən bu boyda zarafat olmaz.

 

Mən sözü qoymuşam başımın üstə,

Mən sözü qoymuşam gözümün üstə...

Cəllad da bıçaqnan oynayır axı,

Şairlər soyulur sözünün üstdə.

 

Bir oyun başladım kağız-qələmnən,

Bıçağı-baltası çıxacaq bunun;

Yox, söznən bu boyda zarafat olmaz,

Yox, birgün xatası çıxacaq bunun.

16.10.2024