Şakir Xanhüseyn : - KÜLÜNG

Ədəbiyyat 15:52 / 16.06.2024 Baxış sayı: 3362

 

Külüng... elə yatdı dilimə bu söz,

dedim ki, özü də yatsın əlimə...

Yanımda nə dağ var, nə də ki, qaya,

külüng nə üçündü, öyrədim kimə...

 

Bəzən xatirimdən keçir Bisutun,

Fərhadın dərd çapmaq peşəsi vardı;

Qəlbində Şirinin qara sevdası,

əlində külüngü- tişəsi vardı...

 

Düz işim külüngün əyri ucunda,

yol açmaq gərəkmiş daşlıq yerlərdən...

Sirr deyil külüng də arzulamışam

daşlara dəyəndə ümidim hərdən...

 

Bilmirəm, bir sərt üz qarşıma çıxsa,

külüngüm nə qədər

dərinə işlər...

Olur ki, bir qəmi söküb atmağa

ürəyim çox vədə

tişə də istər...