Əlizadə Nuri : - Dünya bu uşağındı...

Ədəbiyyat 14:17 / 25.06.2024 Baxış sayı: 1317

 

Yerdən göyə yol uzaqdı,

Göydən yerə yaxındı.

Yağış hansı buludundu?-

Ürəyi yumşağındı.

 

Yağışdı da yağıb gedir,

O qız yağan bu yağışı

Saçlarına taxıb gedir...

...Adamlar da axıb gedir

Hamı axın- axındı...

Kim çağırdı qəssabları?

 

Kim apardı hesabları?

O payızın xatirəsi,

Bu ağacın əzabları

Sonuncu yarpağındı.

 

Tanrı, bunu nədən cızdın?-

Halal olanlar halsızdı.

Yerdəki rəsmin o qızdı

Göydə göy qurşağındı.

 

Əlim də gəlmir oyadam,

Bu yuxudan, bu röyadan.

...Xəbəri yoxdu dünyadan-

Dünya bu uşağındı...