"Arzuladığımız “Böyük Qayıdış” üçün təhlükəsizliyin təminatı

MƏMLƏKƏT 10:33 / 23.06.2024 Baxış sayı: 4002

"Arzuladığımız “Böyük Qayıdış” üçün təhlükəsizliyin təmin edilməsi və ərazilərin minalardan təmizlənməsi vacibdir"

21 iyun, 2024 [15:40]

"Arzuladığımız “Böyük Qayıdış” üçün təhlükəsizliyin təmin edilməsi və ərazilərin minalardan təmizlənməsi vacibdir"

"İllərdir gözlədiyimiz “Böyük Qayıdış”ın uğurla həyata keçirilməsi, regionların minalardan təmizlənməsi, həmin ərazilərdə tikinti bərpa abadlıq işlərinin görülməsi, ölkəmizin rəhbəri cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan başlıca vəzifədir. Bu gün həmin ərazilərdə möhtəşəm tikinti-bərpa işləri həyata keçirilir. Yeni beynəlxalq səviyyəli təyyarə limanları istifadəyə verilib,yollar çəkilir, körpülər salınır, elektrik stansiyaları quraşdırılır. Məktəblər, tibb ocaqları, mədəniyyət müəssisələri tikilib istifadəyə verilməlidir. Artıq Füzuliyə, Zəngilana, Şuşaya və Laçına insanların köçü başlamışdır. Yüzlərlə ailə artıq öz ata-baba yurduna qayıdıb".

 

Yenises.az bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzyaev danışıb. Deputat qeyd edib ki, insanların daha tez məskunlaşması üçün və “Böyük Qayıdış”ın qısa müddətdə başa çatdırılması üçün təhlükəsizliyin təmin edilməsi və ərazilərin minalardan təmizlənməsi vacibdir.

“Hazırda bu istiqamətdə görünən işlər uğurludur. Ancaq elə bir yer, elə bir sahə yoxdur ki, düşmən ora mina basdırmamış olsun. Və bir milyon yarımdan çox mina və partlayıcı maddələr həmin ərazilərdə quraşdırılıb, basdırılıb. Belə bir şəraitdə işlərin sürətləndirilməsi üçün mütəxəssislər bu sahəyə bələd olan insanlar vacibdir. Dövlət bu istiqamətdə çox mühim addımlar atır”-deyə Tahir Rzayev əlavə edib.

Deputatın sözlərinə görə, Qarabağın və Şərqi Zəngəzurun abadlaşdırılması üçün bu günə kimi ayrılan vəsait kifayət qədərdir. Belə ki, 18 milyard manata yaxın vəsait artıq ərazilərin bərpasına və abadlaşdırılmasına ayrılıb. İmkanlar daxilində əlavə vəsaitlərin ayrılması da nəzərdə tutulur.

“Ölkə başçısı dəfələrlə qeyd edib ki, işğaldan azad olunmuş ərazilər cənnətə çevriləcək və ölkənin iqtisadiyyatına, ölkənin kənd təsərrüfatına öz töhfələrini verəcək. Məskunlaşma uğurla davam edir. Elə bir il olmur ki, həmin ərazilərə əlavə insanlar köçürülməmiş olsun. Və çox yaxşı haldır ki, həmin ərazilərdə insanların rahatlığı və işləməsi üçün hər bir şərait yaradılmış, infrastruktur lahiyələri uğurla həyata keçirilmişdir. Bu gün yerlərə gedən insanlar orada iş və lazımı həyat şəraiti ilə təmin olunurlar.

Həmin ərazilərin iqtisadi potensialı xüsusilə kənd təsərrüfatı potensialı yüksəkdir. Artıq bu günə kimi 100 min hektardan artıq sahə minalardan təmizlənmiş, əkin dövriyyəsinə verilmiş və yaxın gələcəkdə daha 50 min hektardan çox sahənin əkin dövriyyəsinə daxil edilməsi nəzərdə tutulur. Əlbəttə ki, həmin torpaqlarda keçən il buğda, arpa, qarğıdalı, noxud və digər kənd təsərrüfatı məhsulları yetişdirilib və müəyyən qədər məhsul istehsal olunaraq, təhvil verilmişdir.

Ərazilər heyvandarlığın inkişafı üçün də güclü potensiala malikdir və yay aylarında 10 minlərlə, 100 minlərlə qoyun-quzu, mal-qara həmin ərazilərə qaldırılır, ayrı yerlərə köçürülür”-deyə deputat vurğulayıb.

Tahir Rzayev əlavə edib ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda gedən tikinti-abadlıq işləri gələcəyə ümidlə baxmağa imkan verir.

Deputat qeyd edib ki, ölkə başçısı yaxın günlərdə Xocalıda insanlarla görüşüb. Bu görüş zamanı Xocalıya qayıdan insanların arzu və istəklərini ifadə ediblər. Ölkə başçısı bildirib ki, bu torpaqlar daim sizin olacaq və heç vaxt bu ərazilər düşmənə təhvil verilə bilməz.

“Sözsüz ki, bu uğurlar bizim hər birimizi sevindirir. Bu gün artıq Qarabağ torpaqları düşməndən tam azaddır. Düşmənin ayaqları bu torpaqlardan kəsilib. Bundan sonra bu torpaqlarda həyatın canlandırılması və yeni infrastruktur lahiyələrin həyata keçirilməsi başlıca vəzifə kimi qarşıda durur. Çünki Qarabağ torpaqları həm bərəkəti, həm təbiəti ilə diqqəti cəlb edir. Burada turizmin inkişafı üçün çox böyük potensial var. Ölkə iqtisadiyyatına lazımı tövhələr verən bu torpaqların istifadəsi və bu yerlərin abadlaşdırılması, ölkəmizin gələcək iqtisadi inkişafı üçün çox əhəmiyyətlidir. Həyata keçirilən tədbirlər göstərir ki, Qarabağ torpaqları həqiqətən də bir "gülüstan"a çevriləcək və dünyanın diqqət mərkəzində olacaq”-deyə Tahir Rzayev əlavə edib.