Şakir Xanhüseyn : - "BEŞ BARMAQ" silsiləsi

Ədəbiyyat 21:44 / 25.06.2024 Baxış sayı: 1445

 

1.BAŞ BARMAQ

baş barmaq, hər şeyə əlamı demək,

əlalıq nə isə varmı, baş barmaq...

bəxti hər adama yarmı, baş barmaq

mən neçə ürəyi

gördüm daş, barmaq...

bəzən çevrilirsən başı aşağı;

ağrıyır, acıyır canın, püskürür,

nifrətin püskürür, kinin püskürür...

yuxarı qaldırıb bəzən

səni mən

necə söyləyim ki, əla sözünü;

baş barmaq, işinlə önə çıxmalı,

baş olmaq bir az da düşünməklədir...

2.İŞARƏT BARMAĞI

barmağınla göstər görüm

nəyi hədəf seçirsən...

bir addım atsan, elə bil

keçilməzlər keçirsən...

arif üçün bir işarə

bəsdi yolunu tapsın,

eh, daşın daş, qayanın da

qaya dilini tapsın...

bir barmaq işarəsiylə

bəxt də adama dönə...

bütün gecəni yanmağa

barmağım şama dönə...

Tanrım, dərdimə dərmantək

nə çarə gözləyirəm;

səndən son əlac kimi bir

işarə gözləyirəm...

3.ORTA BARMAQ

Salam, ay uzun hacı qardaş,

hər kəsə böyüklüyünlə öyünə bilərsən,

əlbəttə, sevinə bilərsən,

ən ümdəsi, beş qardaşın

ən sevimlisinə çevrilə bilərsən?

yanındakılardan birisi istər özünü

çox darta, barmaq,

ancaq yenə sən boyda olmaz,

ay orta barmaq;

böyüklük özünü çəkməklə deyil,

nə də böyüklər yanında boyun bükməklə deyil,

böyüklük-öz böyüklüyündü,

iş, söz böyüklüyündü!

həmişə belə

təki şənin arta, barmaq,

ay orta barmaq...

4.ADSIZ BARMAQ

sevgi nəfəsi dəyib sənə,

kim adsız deyib sənə?

belinin kəməri çoxunun arzusudu,

sıxması, ağrıtması da...

Mən söyləmərəm ki,

hansı dərddi belə üzüb barmağı,

qoy deyim qəlbimdən keçəni birbaş:

vallah, incitməz heç üzük, barmağı...

Adsız barmaq...

bir hikmət daşıyır bu ad özündə,-

adsızdı sevgilər, məhəbbətlər də...

bir də

yanı-başımızda nə qədər adı

çəkilməyənlər var

nə xeyirə, nə şərə,

imza atsalar da böyük işlərə...

...bükülmə ümidsiz-ümidsiz, barmaq,

ən adlı barmaqsan, ay adsız barmaq...

5.ÇEÇƏLƏ BARMAQ

beş qardaşın ən kiçiyi,

ərköyünü, nazlısı,

bəlkə də ən şirini- duzlusu

çeçələ barmaq...

əgər itirmisənsə yolunu,

sağını, solunu,

gəl mənim ovcumda gecələ, barmaq,

çeçələ barmaq...

böyük qardaşların yedi

sənə nə qaldı,

başındakı nə qeylü-qaldı...

bir şeir verim onu oxu-

höccələ, barmaq,

çeçələ barmaq...

ha qaçırsan,

qismətin olana da çatmaq olmur,

yetmək olmur,

yenə vida etmək olmur

hər ötüb-keçənə, barmaq,

çeçələ barmaq,

çeçələ barmaq...

...böyük qardaşların yedi

sənə nə qaldı,

culu, culu...

20.06.2022