Əbülfət Mədətoğlu : - Qədərimin mənzərəsi
Bükür dizlərimi, əyir qəddimi
Bir az can ağrısı, bir az da qədər!..
Sınmazdım, aşmazdım bəlkə səddimi -
Sən sevə bilsəydin elə mən qədər!..
Gözdən keçirirəm həyat yazımı -
Hər gün təzələnən boyat yazımı!..
Dondurub qışımı, oyat yazımı -
Qoyma gülümsəsin, bu acgöz kədər!..
İçim xırman yeri, xırmançı xiffət
Qəlbim qəlbin ilə bağlayıb ülfət...
Səni sevən gündən bilir Əbülfət -
Hədər yaşamayır, bu ömrü, hədər!..