Ayaz Arabaçı : - Ay adam...

Ədəbiyyat 08:45 / 25.06.2024 Baxış sayı: 1503

Pəncərəniz yuxuluydu o gecə,

İstədim ki, bir daş atıb oyadam.

Amma qəfil bir səs gəldi gecədən,

Burda bu vaxt nə gəzirsən ay, adam..

 

Kimiydisə qaranlığı dinşədi,

Sonra birdən tez əl atdı cibinə.

Silkələndi qoca armud ağacı,

Üç-dörd dənə armud düşdü dibinə.

 

Əmin idi, dayın idi bəlkə də,

Atan idi, baban idi bilmədim.

Gecə vaxtı uğuruma nəhs gələn,

Hansı qaradaban idi, bilmədim.

 

Geri dönüb yola çıxmaq istədim,

Yox olmuşdu boz dumanda bütün iz.

Elə bil ki, daş daşıyıb yorulub,

Dalı üstə sərilmişdi itiniz.

 

Mən qorxudan yarıyacan əyilib,

Evinizin ətəyinə qısıldım.

Elə bil ki, qəzəblənmiş bir yeşik,

Ballı arı pətəyinə qısıldım.

 

Əsdi-coşdu, asdı-kəsdi qaramca,

Qaranlığı hədələdi o adam.

Mən başımda nə xəyallar qurmuşdum,

Gör nələri zədələdi o adam.

 

Atan idi, baban idi, kim idi..?

Biləmmədim uzaq idi gümandan.

Gedib durdu itinizin yanında,

Sir-sifəti seçilmirdi dumandan.

 

Pəncərəniz yuxuluydu o gecə,

İstədim ki, bir daş atıb oyadam.

Amma qəfil bir səs gəldi gecədən,

Burda bu vaxt nə gəzirsən ay, adam..