Şakir Xanhüseyn : - ƏN GÖZƏL ŞEİRLƏR

Ədəbiyyat 12:03 / 25.03.2025 Baxış sayı: 614

 

R. üçün

bir quş səsinə yazılıb ən gözəl şeirlər,

inanmırsan,

bir quş səsində oxu ən gözəl, özəl şeirləri,

aç varaqla quş səslərini,

ən gözəl, özəl şeirləri tapacaqsan orda...

su üzünə yazılıb ən gözəl şeirlər,

vallah, oxumuşam ovuc-ovuc,

qurtum-qurtum, udum-udum oxumuş, içmişəm o şeirləri...

divarlara yazılıb həm də şeirlərinin ən gözəli,

kömürlə, qapqara hərflərlə,

təbaşirlə

ağappaq yazılıb qara sözü də...

ulduzlar, ay, günəş işığına bələyib

qoyub yer-beşiyinə

göy üzünə yazılan ən gözəl şeirləri!

bir də səhər yelinə yazılıb bir-birindən

gözəl şeirlər,

oxunaqlı ən gözəl şeiri,

hə, səhər yeli gətirib,

əsrlərdən-əsrlərə

şairlərin salamını yetirib insanlara,

dağlara-daşlara, quşlara;

ara, ara, ən gözəl şeirləri quş səsində,

su üzündə, göyün maviliyində ara,

səslə ən gözəl şeirləri ən gözəl səslə;

harda varsalar, səsinə səs verəçəklər,

bilsən əgər!..