Məhərrəm Şəmkirli : -   ŞƏHİDLƏR ÖLMÜR

Ədəbiyyat 12:29 / 23.06.2024 Baxış sayı: 1939

 

                                                                                                      (kiçik hekayə)

    Kənddə hamı Rövşəni ali savadlı,amma ali insanlığı olmayan biri kimi tanıyırdı.Bəd danışmaq,ona-buna latayır söz deməkdən çəkinən adam da deyildi.Düşünmədən,fikirləşmədən qarısındakına elə söz deyirdi ki,adamın matı-qutu quruyurdu.Kənddə ölənə “Allah rəhmət ”,toy eləyənə “mübarək olsun” demirdi.Bəd oğlu bəd idi.Ona görə də kimsə onu həyətinə,evinə buraxmırdı.

   Kəndə yaşayanların hamsı qaçqın idi.Qərbi Azərbaycandan ata-baba torpaqlarından vətənsizlər havadarlarının köməkliyi ilə qovmuşdular.44 günlük vətən müharibəsində bu kənddən onlarla qazi və şəhid var idi.Burda qazilərə və şəhidlərə böyük diqqət və qayğı göstərilirdi.İxtisasca heykəltaraş olan Nəriman kəndin mərkəzində şəhidlərə layiq bir abidə də ucaltmışdı.Abidəni başlayanda gündüzünü gecəsinə,gecəsini gündüzünə qatmışdı.Zəfər günümüzün birinci il dönümünə abidəni hazır eləmişdi.Bu başqa cür də ola bilməzdi.Bu tarixi qələbənin əldə olunmasında Nərimanın ekiz balaları da canlarını vətən yolunda qurban verib şəhid olmuşdular.İnsanlığı olmayan Rövşən hər Nərimanı görəndə soruşurdu:-Sən hələ ölməmisən? Nəriman acıqla soruşardı:-Axı mən niyə ölməliyəm ki? -Çünki sən iki oğul itirmisən.Gərək ürəyin daşdan,dəmirdən ola ki,bu ağır itkiyə dözəsən.-deyə Rövşən cavab vermişdi.

   Ali insan olmayan Rövşənin tikanlı atmacaları ilk vaxtlar Nərimanı taman ruhdan salmışdı,bədbinləşdirmişdi.Üç kərə intihara cəht etmişdi.Amma hər üç halda da intiharı baş tutmamışdı. Demək Tanrı onun ölümünü istəmirdi.Amma Nəriman ölümə doğru gedirdi.Bu günki kimi yadındadır.Maşını gur gələn dağ çayının üstündəki körpüdən sürətlə çaya sürmüşdü,qəfildən körpünün qırağında mühərrik sönmüşdü,bir dəfə də yüksək gərginlikli elektirik xəttindən sallaşmışdı,amma naqillər qırılıb yerə düşmüşdü,xoşbəxtlikdən həmin vaxt xəttdə cərayan da olmamışdı.Axırıncı dəfə isə novruz bayramında gür yanan tonqalın üstünə atılmışdı.Tonqalın ətrafındakılar onu çətinliklə alovun içindən çıxarmışdılar.Bu intihar cəhdi də uğursuz olmuşdu.Göyə qalxan alov heç bir tükünü də yandırmamışdı.

  Tanrının ona ölüm haqqını vermədiyini anlayan Nəriman intihar etməkdən əl çəkib, fəal həyata qayıtdı.Dediyim kimi kəndin mərkəzində şəhidlərə abidə ucaltdı,bulaq yaratdı,tez-tez qazilərlə məktəblilərin,kənd zəhmətkeşlərinin görüşlərini təşkil elədi,Gələcəyə nikbin gözlə baxdı.

Günlərin bir günü Nəriman kəndin kənarında ali savadlı,amma ali insanlığı olmayan Rövşənlə rastlaşdı.Salamsız-kəlamsız ona yaxınlaşan Rövşən:-Nəriman,sən hələ yaşayırsan?

-Mən yaşamalıyam ki,oğullarımı da yaşadam.Mənim övladlarım Vətən,el-oba yolunda,mənim, sənin,onun yolunda şəhid olublar.Şəhidlər heç vaxt ölmürlər,onlar Tanrının ən sevimli bəndələri olublar.Rövşən,unutma ki,mən şəhid atası kimi öləcəm,sənsə,it kimi gəbərəcəksən.Heç qəbrin üstündə (əgər torpaq səni torpaq qəbul edəcəksə) ağlayanın da olmayacaq.