İslam Türkay  : -  QARQAR   AĞILARI

Ədəbiyyat 08:31 / 21.01.2025 Baxış sayı: 103

 

Yanırdı ürəyim Qarqara getdim,

könlümdə bir qorxu, bir qara, getdim.

Mənə su vermədi orda pərilər ,

Dedilər:dağlarda qar ara, getdim...

 

Neynim ki,həmişə qar qara yağır,

Fağıra fəlakət, dərd, qara yağır...

Uzaqda bir bulud havalandı, ah ...

Göy dərə sümürdü, Qarqara yağır...

 

Uzaqdan Qarqara vuruldum, Allah!

Sevindim, şadlandım, duruldum ,Allah!..

Bu dəli sevdadan qurtulammadım,

Daha apar məni, yoruldum, Allah!..

 

Könlümə qar yağdı baharda belə,

Belə iş görünüb de, harda belə ?..

Göy yurda ələnir qar da, Qarqar da,

Bu Qarqar da belə... bu qar da belə!!!..

 

Qarqar özgə yurda axır deyəsən...

Şimşəklər oynaşır, çaxır deyəsən...

Könlümdə sızılar, ahlar, fəğanlar,

Eşqimdə son nöqtə ---axır, deyəsən...