Əlizadə Nuri : - Gəmiçi azdırıb gəmi dünyanı...
Ay xanım, mən dünən ocaq yeriydim,
İndi kül yeriyəm, indi kül yeri.
Sinəmiz üstündə iki nişan var:-
Məndə güllə yeri, səndə gül yeri.
Tək sənin tapdığın tapmacayam mən,
Bölə bilmədilər- tək hecayam mən.
Pəncərə deyiləm, bir bacayam mən-
O kimdi axtarır məndə tül yeri?
...Gəmiçi azdırıb gəmi dünyanı,
Allahın kədəri, qəmi dünyanı.
Biçib aparanda zəmi dünyanı
Barı utandınız bir sünbül yeri?..