Fərhad Tapdıqoğlu : - Günah,yoxsa günahsızlıq.
(hekayə)
Qulam kişi , arvadı Pəri və uşaqları kənddən Bakıya insitituta imtahan verməyə gedən Mərdanı yola salmaq üçün evlərinin yolağasına yığışmışdılar.Kolxozun " Qaz-51 " maşınlarından biri onların durduğu yerə yaxınlaşıb,dayandı .Mərdan onu yola salan ata- ana,bacı - qardaşları ilə sağollaşıb, kitablar dolu çemodanını və dəyişək paltarları olan çantasını götürüb maşının kuzovuna qalxdı.Maşın rayon mərkəzinə yol aldı.Mərdan dünəndən aldığı avtobus biletini Bakıya gedən avtobus sürücüsünə təqdim edib ,çemodanını avtobusun baqajına yerləşdirərək, salonda öz yerini tutdu.
Mərdanı Bakıda xalası oğlu Şöhrət qarşıladı.Elə həmin gün sənədlərini Azərbaycan Politexnik İnstitutunun qəbul şöbəsinə verdi.
Qəbul imtahanlarından yüksək qiymətlər alan Mərdan institutun tələbəsi oldu.Atası Qulam ,bu münasibətlə kənddə böyük qonaqlıq da verdi .
Mərdan mühazirə və seminarlarda fəallığı ilə seçilirdi.Anası Pəri həm kəndlərində ,həm də qonşu kəndlərdə yorğan - döşək sırımaqla ,Qulam kişi bağ- bostanın məhsullarından rayon mərkəzindəki bazarda satmaqla qazandıqları puldan Mərdana göndərərək ,onu korluq çəkməyə qoymurdular.
Mərdan otuz ailənin yaşadığı bu kənddən ali məktəbdə oxuyan birinci tələbə idi.Kənddə hamı onu "Qulam kişinin alim oğlu " adlandırırdı.Hətta kənd qızlarından Mərdanın gələcək həyat yoldaşı olmaq istəyənlər də vardı.Amma Mərdan ancaq təhsilini davam etditməyi düşünürdü.
Ali məktəbi bitirən Mərdanı yaxşı oxuduğuna ,perspektivi olduğuna görə həmin ali məktəbdə saxladılar.Laboratoriyada elmi yaradıcılıqla məşğul olmaqla yanaşı ,saat hesabı dərsləri də vardı Mərdanın.
"Maşınqayırmanın texnologiyası,metalkəsən dəzgahlar və alətlər " ixtisasını bitirən Mərdan mühəndis- mexanik ixtisasına yiyələnmişdi."Kəsici alətlərin möhkəmliyinin elektrik qığılcım üsulu ilə artırılması " mövzusunda dissertasiya üzərində işləyirdi.Elmi rəhbəri texnika elmləri doktoru Ramazan müəllimdi.
Anası ,atası nə qədər təkid eləsələr də, Mərdan hələ ailə qurmaq barəsində düşünmürdü.Anası hətta ona qız da gözaltı eləmişdi .
Mərdan elmi işi ilə əlaqədar tez- tez Ramazan müəllim gilin evlərində olurdu.Ramazan müəllimin qızı Gülgəz artıq "Xalq təsərrüfatı institutunun axırıncı kurs tələbəsi idi. Mərdanla Gülgəz bir- birlərinə biganə deyildilər.
Günlərin bir günü onlar ailə qurmaq qərarına gəldilər.
Pəri arvad,hay- həşir saldı:
" Bala,kəndmizdəki qızlardan birini sənə gözaltı da eləmişəm."Tısbağa qınından çıxdı,qınını bəyənmədi? " Kənd qızlarını bəyənmirsən? "
Mərdan elmi yaradıcılığını davam etdirəcəyini ,Gülgəzdən ona yaxşı həyat yoldaşı olacağına anasını inandırmağa çalışdı.
Toy Bakıda böyük yeməkxanaların birində keçirildi.Toyun bütün xərclərini professor Ramazan müəllim çəkdi.Toyda Mərdanın ata- anası və bir neçə qohumları iştirak edirdi.
Ramazan müəllim özlərinin bağ evinə köçərək,ikiotaqlı mənzillərini Gülgəzlə Mərdana verdilər.
Mərdan dissertasiya işi ilə əlaqədar bəzən evə gec gəlir,həyat yoldaşına diqqət göstərə bilmirdi.Hətta valideyn olmaq istəyini də sonraya saxlamışdı.Hərdən Gülgəzlə aralarında kiçik mübahisələr olsa da, Mərdanın perspektivini nəzərə alaraq mehribançılıq bərpa olunurdu.
Mərdan həyat yoldaşı Gülgəz xanımla bir neçə günlüyə kənddə,ata evində qonaq oldular.Bir gün əmisi Mərdandan oğlu Zamanı şəhərə aparmağı xahiş etdi:
"--Mərdan ,Zaman əmin oğlunu da Bakıya aparıb, bir işlə təmin edə bilərsənmi? Orta məktəbi də beş ildir ki,bitirib,hərbi xidmətdə də olub .Bir sənət öyrənər,sənin də gözün onun üstündə olar.Orda qalıb işləyər. Səndən başqa kimimiz var?!"
Gülgəz xanım,heç gürə razılaşmaq istəmirdi.
Mərdan:
--- Mən də artıq evdən arxayın olaram.Sən də darıxmazsan- dedi.
Gülgəz xanım könülsüz razılıq verdi.
Mərdan Zamanı praktikada olduğu maşınqayırma müəssisələrinin birində işə düzəltdi.Zaman boylu- buxunlu ,çox yaraşıqlı gənc idi.Zamanın onlarda qalmasına əvvəllər ağız büzən Gülgəz xanım günlər ötdükcə ,artıq Mərdana narazılığını bildirmirdi. Əksinə Zamandan razılıq edirdi.Mərdan buna çox sevinirdi,çünki evdən arxayın idi daha.
Mərdanın yazdığı dissertasiya elmi şura tərəfindən yüksək qiymətləndirildi.O elmi işini müdafiə edib,texnika elmləri namizədi,alimlik dərəcəsi aldı.Kəndlərində "Qulam kişinin alim oğlu" adlandırılan Mərdan arıq həqiqətdə alim oldu.
Qulam kişi ilə Pəri arvad oğullarının uğuruna sevinsələr də,içlərində bir nigarançılıq vardı.Mərdanın qardaş- bacıları orta məktəbi bitirdikdən sonra sovxozda qalıb işləyirdilər.Onların ümid yeri olan Mərdan " qoy müdafiə edim,sonra uşaqlardan bir neçəsini Bakıya gətirərəm,oxuyarlar,işləyərlər"-deyirdi.
... Mərdan son aylar ailəsində bir balaca soyuqluq hiss eləsə də, fərqinə varmırdı. Gülgəzdən soruşanda ki," İstəyirsən Zamanı yataqxanaya düzəldim, orada qalsın" Gülgəz xanım:
"--Yox ,bizimlə qalsın .Sən onsuz da evə gec gəlirsən ,o məni darıxmağa qoymur"- deyirdi.
Beləcə bir neçə ay da keçdi.Günlərin bir günü Mərdan evə gəldi,qapını döydü,açan olmadı.O,öz açarı ilə açıb ,mənzilə daxil oldu ,Gülgəzi, Zamanı səslədi.Birdən masanın üzərindəki kağızı gördü:" Bizi axtarma,mən Zamanla bir yerdəyəm.Mən onu sevirəm "
Mərdan ürəyini tutub ,divanın üstündə oturdu.Özünə gələndən sonra qayınatası Ramazan müəllimə zəng elədi.
Ramazan müəllim ,bərk əsəbiləşdi:"Mənim Gülgəz adında qızım yoxdur daha"- dedi.
.....Həyatda aldığı bu zərbə Mərdanı sarsıtsa da,ayaqüstə durmağı bacardı.Boşanmaq üçün ərizə verdi.Özünün iştirakı olmadan məhkəmədən boşamalarını xahiş etdi.Mənzilin açarını Ramazan müəllimə qaytardı.Özü insititutun yataqxanasında otaq alıb ,orada qalaraq,işinə davam etdi.
Anası Mərdana gözaltı elədiyi ,hələ də ailə qurmayan Məxməri aldı .Sən demə ,Məxmər Mərdanı o dərəcədə sevirmiş ki,Mərdan Gülgəzlə ailə qurandan sonra " başqasına
getməməyi qərarlaşdırmışdı ".
....Mərdanla Məxmərin bir oğlu oldu.Adını Sərvər qoydular.Sərvər böyüdü ,ali məktəbə qəbul oldu.Mərdan doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru oldu.Şəhərin mərkəzində binaların birində üçotaqlı mənzillə təmin olundu.
......Sərvər bir gün anasına Günel adlı ,onunla bir qrupda oxuyan qızı sevdiyini,ailə qurmaq istədiyini dedi.Günelin şəklini anasına göstərdi.Qız Məxmərə çox tanış gəldi.Axşam məsələni Mərdan müəllimə açdı.Şəkli ərinə göstərəndə Mərdanın rəngi dəyişdi.Dili topuq vura- vura" bu ki,Gülgəzdir "- dedi.
"Demək oğlumun sevdiyi qız Gülgəzin qızıdır.Oğlum mənə xəyanət eləyən qadının qızını sevir".
Valideynləri hər şeyi Sərvərə danışdılar.Sərvər atasının bir dəfə evli olduğunu,qadının ona xəyanət edib ,kənddən gətirib ,əlini çörəyə çatdırdığı atasının əmisi oğlu olan birinə qoşulub ,getdiyini biləndə çox sarsıldı.
Demək Günel o xəyanətkar qadının qızıdır.
Sərvər Günellə görüşüb, valideynlərindən eşitdiklərini ona danışdı.Amma heç nəyə baxmayaraq ,onu sevdiyini ,ailə quracağını dedi.
Günel heç nədən xəbəri olmadığını Sərvərə dedi.Əsəbindən titrəyən Günel axşam dənizkənarı bulvarda görüşməyi vədələşərək , evə qaçdı.
Anası Gülgəz danışdıqca, Günel haldan - hala düşürdü:
--Qızım ,mən Mərdanı sevib ona ərə getmişdim.Əmisi oğlu bizimlə qalanda ,çox yaraşıqlı olan Zamana,sənin atana vuruldum.Biz onunla ailə qurduq,sən dünyaya gəldin...
---Danış,danış...Bəs sonra...Bəs deyirdin ki,o təyyarə qəzasında ölüb ?
--- Qızım ,o doğrudan ölüb.Sən hələ körpə idin. O Rusiyaya getdi və həmişəlik getdi.Qayıtmadı...Orada ömrünün son illərini səfil həyatı yaşayıb, ,kimsəsiz kimi dəfn olunub.Onu illər sonra eşitdim.Baban Ramazanın köməkliyi ilə səni böyütdüm, indi də insititutu bitirirsən. Bəli,qızım mən həyatımda bağışlanılmaz səhv etmişəm.
--- Yoox,sən elə bir səhv etmisən ki...onun adı...bu silinməz bir ləkədir.Mən ləkəli valideynlərin övladları olduğuma görə özümə nifrət edirəm...
Günel mənzilin qapısını çırpıb evdən çıxdı.
Anası Gülgəz ona nə qədər səslənsə də o geri qayıtmadı.
Dənizkənarı bulvarda dayanan Sərvər uzaqdan Günelin qaça- qaça gəldiyini gördü.Amma qəfildən Günel istiqamətini dəyişib özünü dənizə atıb,gözdən itdi.Sərvər özünü yetirib, onu xilas etməyə çalışdı. Amma...
Dənizdən bir neçə nəfərin köməkliyi ilə çıxarılan Günel cansız idi....
.....Sərvərin istədiyi qızın Gülgəzin qızı olduğunu biləndən sonra Mərdan müəllimin halı pisləşdi.
Qəzetlərdə " elm aləminə ağır itki üz verdiyi,texnika elmləri doktoru Mərdan Qulam oğlu Qulamovun qəflətən vəfat etdiyi"barəsində nekroloqlar yer aldı...
.....Atasının məzarı önündə başını əlləri arasına alıb ,hönkür - hönkür ağlayan Sərvər düşünürdü:
"Kimdi müqəssir?"
Cavab tapa bilməyən Sərvər Günelin məzarı yanına, görüşə.tələsirdi.....